Türkiyə ordusu Suriyaya girdi – Kürdlərə verilən möhlət bitdi – VİDEO
Sosial şəbəkələrdə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyaya daxil olmasını göstərdiyi iddia olunan videolar yayılıb.
Bakupost.az xəbər verir ki, paylaşımlarda TSQ-nın əməliyyatı üç istiqamətdən başladığı və “kürd yarqalıların verilmiş 30 günlük möhlətin bitdiyi” bildirilir. Lakin hazıradək məsələ ilə bağlı Türkiyənin Müdafiə Nazirliyi və ya digər rəsmi qurumlardan təsdiqləmə verilməyib.
Suriyanın Həsəkə vilayətinin sərhəd bölgəsində yerləşən Ras əl-Ayn/Sere Qaniyə şəhərinə Türkiyə Silahlı Qüvvələrinə məxsus yeni hərbi karvanın daxil olduğu bildirilir. Məlumatı bazar günü axşam yerli mənbələr “North Press”ə təsdiqləyib.
Mənbələrə görə, TSQ-ya məxsus konvoy əl-Advaniya keçid məntəqəsi vasitəsilə – şəhərin qərbində yerləşən bölgədən – Ras əl-Ayn/Sere Kaniyeyə daxil olub. Keçid məntəqəsi şəhərdən təxminən 45 kilometr məsafədə yerləşir.
İddialara əsasən, bölgəyə daxil olan karvan 20-dən çox ağır və orta tonnajlı hərbi texnikadan ibarət olub. Bu tip texnikalar adətən yalnız Türkiyə ordusu tərəfindən istifadə olunur.
Ras əl-Ayn/Sere Kaniye 2019-cu ildən bəri Türkiyənin dəstəklədiyi silahlı qrupların nəzarətindədir. Şəhər, Assəd rejiminin ötən il çökməsinə baxmayaraq, həmin qüvvələrin idarəsində qalır.
Müşahidəçilər hərəkətin miqyasını və vaxt seçimini “qeyri-adi” kimi qiymətləndiriblər. Bildirilib ki, adətən Türkiyənin bölgəyə giriş-çıxışları gündüz saatlarında və daha az sayda texnika ilə həyata keçirilirdi. Bu dəfə isə gecə vaxtı belə böyük konvoyun hərəkəti əməliyyat nümunələrində “diqqətçəkən dəyişiklik” kimi dəyərləndirilir.
Hazırda bölgədə karvanın yerləşdirilməsinin məqsədi və növbəti mərhələdə hansı əməliyyatların planlaşdırıldığı barədə rəsmi açıqlama yoxdur.
Yayılan görüntülərdə zirehli texnika və hərbi konvoyun sərhəd xəttinə yaxın ərazilərdə hərəkəti əks olunur. Bəzi regional media orqanları həmin görüntülərin Ras əl-Ayn ətrafında qeydə alındığını iddia edib. Ekspertlər isə videoların tarixinin və lokasiyasının hələlik dəqiqləşdirilmədiyini bildirirlər.
Rəsmi Ankara son aylarda Suriya Demokratik Qüvvələrinin (SDF/YPG) Dəməşq ilə inteqrasiya prosesinin ləngiməsinə etiraz edib, “prosesin icra olunmaması halında alternativ tədbirlərin mümkünlüyünü” açıqlamışdı. Türkiyə rəsmiləri Suriya ərazisində “xarici silahlı yaraqlıların çıxarılması” və “SDF-nin Suriya ordusuna tam inteqrasiyası” tələblərini bir neçə dəfə təkrarlamışdı.
Bununla yanaşı, region üzrə müşahidə qrupları və beynəlxalq media qurumları son saatlara qədər TSQ-nın genişmiqyaslı əməliyyata başladığını təsdiqləməyiblər. Yayılan videoların bir qisminin əvvəlki illərdə keçirilən əməliyyatlardan ola biləcəyi ehtimalı da istisna edilmir.
Cavid, BakuPost