“Beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına (TDT) maraq artıb. Müxtəlif dövlətləri bölgənin resursları və bu resursların nəqli imkanları cəlb edir. Mərkəzi Asiya ölkələri Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına çıxış əldə edib. Gələcəkdə “Zəngəzur dəhlizinin” fəaliyyətə başlaması türk dövlətlərinin gücünü daha da artıracaq. Ona görə də bəzi dövlətlərin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mövzusu aktuallaşıb”.
Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, təşkilata marağın artması TDT + formatının yaradılmasını zəruri edir:
“Oxşar formatlar Avropa İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatında da mövcuddur. Misal üçün, Avropa İttifaqının yanında təşkilata üzv olmayan ölkələr Avropa Siyasi Birliyi çərçivəsindəki sammitlərə dəvət olunurlar. Eləcə də, Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusunda qatılan ölkələr var. Azərbaycan Avropa Siyasi Birliyinin üzvü olmaqla yanaşı Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir. TDT təşkilatına müşahidəçi statusunda qatılmaq istəyən dövlətlər arasında Ukraynanı göstərmək olar. Ukraynada yaşayan tatarlar türk mənşəlidir və bu baxımdan Kiyevin TDT marağı anlaşılandır. Əslində müxtəlif türk xalqlarının mövcud olduğu ölkələrdən biri də Rusiyadır. Ancaq Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu ölkənin TDT-yə müşahidəçi statusunda qatılmasını mümkünsüz edir. Tacikistan türkdilli ölkə olmasa da, Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması mümkündür. Monqolustan və Cənubi Koreyanın da təşkilata maraq göstərdiyi barədə məlumatlar var”.
Lalə, BakuPost