“Space” Televiziyasında baş verən hadisələrlə bağlı saytımıza daha bir məlumat daxil olub.
Bakupost.az xəbər verir ki, telekanalın Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızına qarşı da ədalətsizliyə yol verilib. Məlumata görə, gözlənilmədən, heç bir xəbərdarlıq edilmədən o bir müddət əvvəl işdən azad edilib. Rəhbərlik bu addımı maliyyə böhranı ilə əlaqələndirib.
Onu da qeyd edək ki, G.Şahmalıqızı “Space” kanalının vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb.
Məlumata görə, Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşərək, şəhid qızı olduğunu bildirib. Eyni zamanda, himayəsində əlil anasının olduğunu deyərək müəyyən möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə “nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət elə” ifadəsini işlədib.
Məsələ ilə bağlı Günel Şahmalıqızı ilə əlaqə saxladıq. O, yuxarıda qeyd olunanları təsdiqlədi. Amma əlavə şərh vermədi.
Xatırladaq ki, 21 illik jurnalistlik təcrübəsinə malik Günel Şahmalıqızı “Space” televiziyasında xəbərlər proqramının aparıcısı, redaktoru, habelə Prezident müxbiri olub. Atası Şahmalı Aliyev birinci Qarabağ müharibəsi şəhididir. 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, aparılan yoxlamalar nəticəsində iki gün əvvəl “Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
Rüfət Sultan, BakuPost