Tanınmış vəkil Adil İsmayılov Ramil Səfərovun
müdafiəsi ilə bağlı növbəti yazısını təqdim edib.
BakuPost xəbər verir ki, Adil İsmayılov Bakıya
gələn kimi prokurorluğa getdiyini qeyd edib:
"Baş prokurorla və onun birinci müavini ilə
görüşdük. Ramillə görüşüm və vəkil barəsində onlara da məlumat verdim. Başa
düşdüm ki, Səfərovun taleyinə əhalinin marağını və narahatlığını nəzərə alan
ölkə rəhbərliyi tərəfindən bu iş üzrə istintaqın gedişini diqqət mərkəzində
saxlamaq və lazımi dəstək vermək onlara tapşırılıb. Baş Prokurorluqdan sonra Müdafiə Nazirliyinə getdim orada vəkilə ödədiyim pulumu
qaytardılar və vəkilin qonorarının qalan hissəsini ona çatdırmaq üçün mənə
verdilər, bu məsələ həll olundu. Mənim çoxsaylı çatışmayan cəhətlərimdən biri
də Azərbaycan və rus dillərindən başqa dil bilməməyimdir. Buna görə Budapeştə
xarici dil bilən vəkilin də getməsi məsləhət oldu. Mən həmkarım Elçin Usubun
Almaniyada hüquq təhsili aldığını bildiyim və savadlı vəkil kimi tanıdığım üçün
onun namizədliyini verdim, onunla danışıb razılığını aldıq. Qeyd edim ki,
Səfərov üçün tutduğumuz vəkil Peter Zalay da alman dilində sərbəst danışırdı və
Macarıstanda vaxtilə bizdəki kimi rus dili içbarı tədris olunduğu üçün əksər
yaşlı əhali kimi o da rusca az-maz danışa bilirdi. Elçin onunla alman dilində,
mən isə rus dilində danışırdıq. Qalırdı Ramil Səfərovla vəkilin ünsiyyət
məsələsini həll etmək, məlum oldu ki, Səfərovun rus dili biliyi Zalaydan,
Zalayın ingiliscəsi də Səfərovunkundan zəifdir. Bu problemi də Budapeştdə
yaşayan azərbaycanlılar vasitəsi ilə həll etmək qərarına gəldik. Elçin səhv
etmirəmsə mart ayında Macarıstana getdi. Mart-aprel aylarında mən əlimdə olan
işləri yekunlaşdırdım. O vaxt Azərbaycanda Macarıstan səfirliyi olmadığından
viza almaq problemi vardı. Eyni zamanda Macarıstanın Azərbaycan vətəndaşlarının
xidməti pasportla vizasız gedə biləcəyi ölkələr sırasına daxil olduğunu nəzərə alaraq
aprelin sonlarında Xarici İşlər Nazirliyindən mənə xidməti pasport verildi. May
ayında mən Budapeştə getdim. Bu dəfə daha uzun müddət qalmağı planlaşdırırdım
və daha sərbəst idim. Yuxarıda qeyd etdiyim tərçümə problemini Budapeştdə
yaşayan Sevinc xanımın vasitəsi ilə həll etdik. Soyadı Micuri olan bu xanımı
Səfərovun işində göstərdiyi xidmətlərə görə həmişə minnətdarlıqla xatırlayıram.
Sevinc xanımın tərcüməçi kimi lisenziyası olmadığından o prosesdə rəsmi
tərcüməçi kimi iştirak edə bilməsə də bir müddət tərcüməçi dəvət edilənə kimi
vəkillə Səfərov arasında tərçüməçilik etdi. Sevinc bir neçə dəfə mənim vəkillə
söhbətlərimdə tərcüməçi kimi, eyni zamanda bəzi texniki problemlərin həllində
yerli şəraiti bilən adam kimi yardımçı olub".
Vəkil daha sonra yazır ki, Budapeştə
ikinci dəfə gedəndə artıq bəzi istintaq sənədləri ilə, o cümlədən
Səfərovun ilkin ifadələri və ekspertiza rəyləri ilə tanış olub: "Bilirdim
ki, Ramil həbs edildikdən sonra iki dəfə ifadə verib və psixatrik ekspertizadan
keçib. Dili bilmədiyi üçün ona tərcüməçi verilib. Amma nədənsə bu Ramilin ana
dili olan azərbaycan dili, ali təhsil aldığı türk dili, Macarıstanda öyrənmək
üçün gəldiyi ingilis dili deyil, rus dili tərcüməçisi olub, sonradan həmin
qadını Ramil Səfərovun məhkəməsində gördüm. Səfərova Azərbaycan dilini bilən
tərcüməçinin verilməməsini hardasa başa düşmək olardı. Macarıstanda Azərbaycan
və macar dillərini sərbəst bilən və tərçüməçi lisenziyası olan birini tapmaq
yəqin ki, müşkül məsələdi. Amma sonradan Səfərovun məhkəməsində belə birinin
olması məlum oldu. Onu da məhkəmədə gördüm, Cənubi Azərbaycan əsilli bu qadının
məhkəmə prosesinə necə gəlməsindən az sonra yazacam. Səfərova yuxarıda qeyd
etdiyim kimi ana dili qədər sərbəst danışdığı türk dilini bilən deyil, xüsusi
öyrəndiyi ingilis dilini bilən deyil, Bakıda hərbi liseydə oxuduğu dövrdə
məişət danışığı səviyyəsində təmasda olduğu, yetərincə başa düşmədiyi və danışa
bilmədiyi rus dilini bilən tərcüməçinin verilməsi qanunsuz idi. Bunun üstündə
ona görə xüsusi dayandım ki, dil problemi Ramilin ifadəsinin və məhkəmə
psixatrik ekspertizasında ekspertlərlə söhbətin tərcüməsində onun əleyhinə
işləyən amil olmuşdu, sonra məhkəmədə də onun əleyhinə işlədi, bu barədə də bir
qədər sonra. Səfərovla ikinci görüşümüz onun saxlanıldığı istintaq
təcridxanasında oldu. Mən Budapeştə gələndə prosesdə vəkil kimi iştirak etməyə
buraxılmaq üçün məktub götürmüşdüm. Məktubu vəkil Zalay istintaqa təqdim etdi.
Məlum oldu ki, Macarıstan qanunvericiliyi də bizdə olduğu kimi əcnəbi vəkilin
iştirakına yol vermir. Bu səbəbdən məni vəkil kimi prosesə buraxmasalar da,
Səfərovun nümayəndəsi kimi iştirak etməyimə icazə verildi. Səfərovla ikinci
görüşə mən, Sevinc xanım və vəkillə birlikdə getdik. Onu deyim ki,
təcridxananın binası mənim növbəti təəccüb obyektim oldu. Bakının
mikrorayonlarında gördüyünüz, ətrafdan heç nə ilə təcrid olunmamış,
yaxınlığından tramvay xətti və şosse yolu keçən adi doqquzmərtəbəli binalardan
birini təsəvvürünüzə gətirsəniz təəccübümü başa düşəcəksiniz. Səfərovla
istintaq otağında görüşdük, hadisə barəsində ətraflı danışmaq imkanımız oldu.
Burada bir haşiyə çıxmaq istəyirəm. Hazırki yazıda hadisənin detalları,
Səfərovun hadisə barədə danışdıqlarından heç nə yazmaq istəmirəm. Bunun bir
mənəvi tərəfi var, əgər Səfərov özü bu barədə danışmaq istəsə və ya danışmağıma
etiraz etmədiyini yazılı şəkildə mənə bildirsə, həvəslə bunları da sizlərlə
bölüşərəm. Onunla əlaqəsi olan varsa, bu xahişimi çatdırmasını rica edirəm.
Qayıdaq təcridxanadakı görüşümüzə. Görüşdə məlum oldu ki, Səfərov ikiadamlıq kamerada
saxlanılır. Yerli qanunlara görə biz ona kamerada istifadə edə bilməsi üçün
soyuducu, radio və teletekst funksiyası olmayan televizor gətirə bilərik. Hər
dustağın hesabına aylıq 300 dollara kimi pul köçürülməsinə icazə verilir, onun
müəyyən edilmiş vaxtlarda, əvvəl həftədə bir dəfə idi, sonra iki dəfə oldu
ailəsi ilə telefonla danışmaq hüququ var, özünün türmə rəhbərliyinə yazdığı
siyahıda göstərdiyi şəxslərlə görüş imkanı verilir. Bakıya qayıdana kimi
soyuducu, radio və televizor alıb Sevinc xanımın vasitəsi ilə ona çatdırdım,
hesabına 300 dollar pul qoydum və beynəlxalq telefon danışıqları üçün kart
göndərdim. Səfərovun dediklərindən aydın oldu ki, müsəlman olduğunu yemək
verilərkən nəzərə alırlar, donuz ətindən yemək vermirlər. Hesabındakı puldan türmənin
daxilində ərzaq və gündəlik tələbat predmetləri almaq üçün istifadə edə
bilir... davamı olacaq".