Abşeron dairəvi dəmir yolu xəttində, o cümlədən Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.
Bakupost.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
"Dəmir yolu xətti çəkilərkən mütləq mühafizə zolağı ayrılır. Bu zolağın eni 20-100 metr, bəzi yerlərdə daha artıq sahəni əhatə edir, xüsusilə yanğın təhlükəsizliyi, qəza kimi hadisələr nəzərə alınlr. ADY qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verir. Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəllər yaradır. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir", - deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma halları intensivləşir, bu da bəzən faciə ilə nəticələnir: "Sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir. Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir. Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac var.
Prezident İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsilə bağlı tədbirlər planına əsasən, Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Qaradağ–Güzdək, Yeni Suraxanı–Hövsan və Güzdək−Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Məqsəd Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaq".