Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenskidən ölkənin iki əsas antikorrupsiya qurumunun – Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu (NABU) və Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Prokurorluğun müstəqilliyinə müdaxilə ilə bağlı izahat tələb edib.
Bakupost.az xəbər verir ki, bu barədə AFP (Agence France-Presse) agentliyi məlumat yayıb.
Avropa İttifaqının sözçüsü Guillaume Mercier bildirib ki, Ursula fon der Leyen Ukrayna qanunvericiliyinə edilən düzəlişlərin mümkün nəticələri ilə bağlı dərin narahatlığını ifadə edib və məsələyə aydınlıq gətirilməsini istəyib:
“Qanunun aliliyinə hörmət və korrupsiyaya qarşı mübarizə Avropa İttifaqının əsas prinsiplərindəndir. Ukrayna namizəd ölkə kimi bu standartlara tam şəkildə riayət etməlidir”, – deyə Mercier vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Antonio Kosta da Ukrayna prezidenti ilə müzakirələr apararaq onu NABU və SAP-ın (Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Prokurorluq) səlahiyyətlərinin məhdudlaşdırılmasına yenidən baxmağa çağırıblar.