İranın dondurulmuş aktivləri məsələsi həmişə ABŞ ilə danışıqların bir hissəsi olub və olacaq.
Bakupost.az xəbər verir ki, bunu Nyu-Yorkda BMT-nin tədbirlərində iştirak edən İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.
"Söhbət sanksiyaların ləğvindən gedirsə, elementlərdən biri də dondurulmuş vəsaitlərin bərpasıdır. Bu, həmişə danışıqların bir hissəsi olub. Amma hələ də razılıq əldə olunmayıb", - o, jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Qaribabadi həmçinin qeyd edib ki, 2023-cü ildə Qətərdə 6 milyard dollarlıq dondurulmamış İran aktivlərinin bloklanması ABŞ ilə razılaşmaların pozulmasıdır.
"İran ABŞ ilə üzərinə düşəni, sövdələşmə üzrə öhdəliklərimizi yerinə yetirdi", - nazir əlavə edib.
Tehranın nüvə dosyesi ilə bağlı İran-ABŞ danışıqlarının beş raundu gözlənilən nəticə olmadan başa çatıb. Əvvəlcə İsrailin İrana qarşı hərbi əməliyyatı, daha sonra Vaşinqtonun Tehranın üç əsas nüvə obyektinə zərbələr endirməsi diplomatik prosesə son dərəcə mənfi təsir göstərib.