Son 3 ildə Azərbaycanın dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbaxt hadisə baş verib, 30-dan artıq adam həyatını itirib və ya ağır xəsarət alıb.
Bakupost.azxəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
"Eyni zamanda, təkcə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə insanların təhlükə yaşaması və qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb. Xüsusilə Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə xətləri arasındakı ərazidə məskunlaşmış insanlar ciddi təhlükə ilə üz-üzədir. Nəzərə alsaq ki, hər iki tərəfdən dəmiryol xətləri ilə əhatə olunmuş bu əraziyə təcili yardım, yanğınsöndürən maşınların və digər qəza-bərpa işlərini həyata keçirən maşın və mexanizmlərin girməsi qeyri-mümkündür, bu halda burada yaşayan insanlar daim ciddi təhlükə altındadırlar. Xüsusilə bu ərazidə baş verən hər hansı yanğın və ya qəza hadisəsi zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil ola bilməməsi hadisələrin miqyasının genişlənməsinə və təəssüf ki, insan tələfatı ilə nəticələnən çox böyük fəlakətə gətirib çıxara bilər", - deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, ərazidə 161 qeyri-qanuni tikilmiş ev var: "Bu evlər sənədsizdir, qeyri-qanuni tikilib. Onlarda ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib".
B. Hacıyev vurğulayıb ki, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq adam həyatını itirib və yaxud ağır xəsarət alıb: "Əraziyə yanğınsöndürən, təcili tibbi yardım maşınları əraziyə girə bilmir".