Ru
16:48 / 11 Noyabr 2022

Azad sahibkarlığın inkişafı üçün vacib şərtlər - Ekspert rəyi

22405
Azad ticarət azad bazar iqtisadiyyatının beş əsas şərtindən biridir. Azad bazar yalnız sərbəst mübadilə ilə mümkündür. Belə ki, azad ticarət zamanı fərdlər və ya qurumlar, istehsalçılar və istehlakçılar istehsal etdiklərini istədikləri insanlar və ya qurumlarla sərbəst şəkildə mübadilə edirlər. Bunun əksi isə sərbəst mübadiləyə icazə verilməməsi, sərhədyanı ticarətə maneələr və yerli istehsalçıların xarici rəqabətdən qorunması, başqa sözlə, proteksionizmdir. Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il bundan əvvəl formalaşmağa başlayıb.


Azad ticarət-proteksionizm ətrafındakı müzakirələrin tarixi çox qədimdir. Bu, hazırda da geniş müzakirə olunan iqtisadi mövzudur.


Bəs Azərbaycanda bu iki istiqamətdən hansı iqtisadiyyatın inkişafı üçün daha əhəmiyyətlidir?




İqtisadçı ekspert Eldəniz Əmirov Bakupost.az -a açıqlamasında bunun ölkədən-ölkəyə dəyişdiyini deyib:

“Elə bir iqtisadi vəziyyəti ola bilər ki, proteksionizm iqtisadiyyat zərərli ola bilər, elə vəziyyət də yaranar ki, əksinə, faydalı olar. Ona görə də Azərbaycanda hansının birmənalı olaraq daha çox faydalı olduğunu demək mümkün deyil. Müəyyən sahələr var ki, orda proteksionizm daha faydalı ola bilər. Məsələn kənd təsərrüfatı istehsalı üzrə biz bunu hansısa formada dəstəkləyə bilərik. Amma ölkəyə idxalın qarşısını almaqla deyil, yerli istehsala yönəlik addımları artırmaqla. Elm tutumlu sahələrdə isə bunu tətbiq etmək mümkün deyil. Biz bu sahələrdə heç bir şey edə bilmərik. Ölkəyə telefon idxalına qarşı proteksionizm siyasət yürüdə bilmərik. Ona görə də mütləq şəkildə sahələr üzrə yanaşma lazımdı. Amma bütün hallarda seçim qarşısında qalınarsa, ölkənin böyük anlamda inkişaf etdirilməsi üçün proteksionizm siyasəti vacibdir. Bunun əksi ölkədə sahibkarlığı inkişaf etdirməyəcək, idxala yönələcək. Proteksionizm siyasət isə birmənalı olaraq sahibkarlara yönəlik siyasətdir”.

Ölkəmizdə sahibkarlığın inkişafı üçün ən vacib şərtləri sadalayan E.Əmirov azad iqtisadi sistemin yaranmasının liberal iqtisadiyyatın formalaşdırılması ilə sıx bağlı olduğunu vurğulayıb: “Liberal iqtisadiyyatın yaradılması prosesinə isə tam sistemli yanaşmaq lazımdır. Konkret olaraq ölkə üzrə baxsaq, liberal iqtisadiyyatın yaranması üçün ilk vacib şərt Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Dövlət özəl tərəfdaşlığı haqqında qanun qəbul etməlidir. Satınalmalar haqqında qanunda bəzi boşluqlar var. O boşluqlar aradan qaldırılmalıdır və daha sonra bu qanunun var qüvvəsi ilə işləməsinə nail olmaq lazımdır. Bütün inhisarçı davranışların qarşısı alınmalıdır. Yerli emal sahələri inkişaf etdirilməlidir. Kənd təsərüffatı sahəsində tətbiq edilən güzəştlərə yaxın güzəştlərin formaları aqrar sənaye emalında da tətbiq olunmalıdır”.


İqtisadçı ekspertin fikrincə, hazırda ölkəmizdə sahibkarlığın inkişafı üçün istər Kənd Təsərrüfatı Nazirliyi, istərsə də bir çox qurumlar ciddi səy göstərir:

“Azərbaycanda sahibkarlığın inkişaf etdirlməsi üçün İqtisadiyyat Nazirliyi başda olmaqla, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi düşünürəm ki, çox ciddi səylər göstərir. Hətta cənab nazir bir müddət əvvəl Milli Məclisdə etdiyi çıxışında da bildirdi ki, dövlət-özəl tərəfdaşlığı haqqında qanunun qəbul olunması üçün Prezidentə müraciət edib. Bu da qurumun sahibkarlığın inkişafına kömək etməyə istəkli olmasından irəli gəldiyini gösərir. Eyni zamanda KOBİA tərəfindən sahibkarlığın inkişafına bütün mümkün dəstək mexanizmləri tətbiq edilir. Belə ki, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün sahibkarlara Startap şəhadətnaməsi verilir, bazara çıxışları təmin edilir, pulsuz sərgilərdə iştiraka şərait yaradılır. Qrant müsabiqələrinin elan edilməsi, elmi innovativ layihələrin qalib kimi seçilməsi, onların sahibkarlıq fəaliyyətinə başlaması ciddi dəstək formasıdır. Bundan başqa sahibkarların güzəştli maliyə kanallarına çıxışına dəstək göstərilir. Biznes layihəsinin yazılmasından tutmuş bir çox mərhələlərə qədər KOBİA tərəfindən dəstək olunur. Amma bütün hallarda Azərbaycanda sahibkarlığın daha yüksək səviyyədə inkişaf etdirilməsi üçün düşünürəm ki, irihəcimli investiya fondunun yaradılamasına ehtiyac var. Hansı ki bu fond vasitəsilə sahibkarlara aşağı faizlə güzəşətli kreditlər verilə bilər. Bunlar olarsa, Azərbaycanda sahibkarlıq daha da yaxşı inkişaf edər”.




Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə ölkədə iqtisadiyyatın liberallaşdırılması üçün atılan addımların uğurlu olduğun bildirib:


“Bir tərəfdən pandemiyanın nəzarətə götürülməsi və yoluxma sayının optimallaşdırılması ilə bağlı həyata keçirilən siyasətə, digər tərəfdən qlobal formada pandemiyanın davam etməsinə baxmayaraq, real sektorda iqtisadi artım əldə edilib. 2022-ci il üçün BMT-nin Azərbaycan iqtisadiyyatının 4 % böyüyəcəyini proqnozlaşdırması ondan xəbər verir ki, artıq pandemiyanın sərt təsirlərindən sonra iqtisadiyyatımız dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub. Bu da onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı aparılan islahatlar daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb”.





Qeyd edək ki, ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir.

Ölkədə həyata keçirilən iqtisadi islahatların davamı olaraq Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində makroiqtisadi sabitliyin, daxili və xarici təsirlərə dayanıqlığın gücləndirilməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Bu vəzifənin reallaşdırılması üçün yeni reallıqlara uyğun makrofiskal çərçivənin formalaşdırılması, xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması, həmçinin intizamlı borclanmanın təmin edilməsi kimi alt-məqsədlər müəyyənləşdirilib.


Günel
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər