Azərbaycanda iri vergi ödəyicilərinin fəaliyyəti iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır. Məsələn, qanuni lotereya təşkilatçısı “Azərlotereya” ASC 2025-ci ildə dövlət büdcəsinə 100,7 milyon manat vergi ödəyərək ən çox vergi ödəyən şirkətlər arasında 16-cı, qeyri-neft sektoru üzrə isə 6-cı olub. Şirkətin ödədiyi vergi məbləği əvvəlki illə müqayisədə artım göstərib. “Azərlotereya”nın fəaliyyəti həm iqtisadiyyata töhfə verir, həm də məşğulluğun artırılmasına xidmət edir. Eyni zamanda, şirkət idman və sosial layihələrdə fəal iştirak edir.
“Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır, Qarabağın sosial-iqtisadi inkişafına və “Əmanətə sədaqət” layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin təhsilinə dəstək göstərərək sosial məsuliyyət sahəsində mühüm addımlar atır.
Lakin lisenziyasız fəaliyyət göstərən “Mostbet”, “Pin-Up”, “1xBet”, “Betbuta”, “10linelotto” kimi platformalar qanunsuz yollarla külli miqdarda gəlir əldə edir, vergi ödəmir və dövlət nəzarətindən kənarda fəaliyyət göstərir. Sözügedən əməllər isə cəmiyyətdə haqlı olaraq narahatlıq doğurur.
Qanuni və qanunsuz mərc, şans oyunlarını bir-birindən fərqləndirən xüsusiyyətlər nədən ibarətdir?
Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, istənilən fəaliyyət növünün qanuni və qanunsuz olması arasında ciddi fərq var:
“Qanuni fəaliyyət göstərən subyektlər, o cümlədən mərc və şans oyunlarını təşkil edən qurumlar dövlət qeydiyyatına alınır və iqtisadi subyekt kimi vergi ödəyirlər. Eyni zamanda, dövlət bu sahədə fəaliyyətin qaydalarını müəyyən edir və həmin subyektlər qanunvericiliyin tələbləri çərçivəsində fəaliyyət göstərirlər. Bu qaydalar vətəndaşların və cəmiyyətin mənafeyinin qorunmasına xidmət edir”.
Ekspert bildirib ki, qanunsuz fəaliyyət göstərən şans və mərc oyunları isə nə dövlətə vergi ödəyir, nə də mövcud qanunvericiliyin tələblərinə əməl edir:
“Belə fəaliyyət adətən dövlət nəzarətindən kənar, qapalı şəraitdə həyata keçirilir. Nəticədə bu sahədə vətəndaşlar üçün müxtəlif risklər və zərərli halların yaranması ehtimalı artır. Beləliklə, əsas fərq iki amildə cəmlənir. Yəni qanuni fəaliyyət dövlət nəzarəti və vergi öhdəlikləri ilə tənzimlənir, qanunsuz fəaliyyət isə bu tələblərdən kənarda qalaraq həm dövlətə, həm də cəmiyyətə risk yaradır”.