ABŞ-nin Nyu-York şəhərində yerləşən və “Ivy League” (Sarmaşıq Liqası) adlanan nüfuzlu universitetlər qrupuna daxil olan Kolumbiya Universitetinin son kurs tələbəsi, əslən azərbaycanlı Elmina “Ellie” Ağayeva İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) tərəfindən saxlanılıb. Hadisə universitet yataqxanasında baş verib və artıq geniş ictimai-siyasi rezonans doğurub.
Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, universitet rəhbərliyinin açıqlamasına görə, ICE əməkdaşları dünən səhər saat 06:30 radələrində yataqxanaya daxil olublar. Ali məktəbin müvəqqəti prezidenti Kleyr Şipman (Claire Shipman) bildirib ki, federal agentlər universitet rəhbərliyinə “itkin düşmüş tələbəni axtardıqlarını” deyərək yanlış məlumat veriblər. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının universitetin ictimaiyyət üçün açıq olmayan ərazilərinə daxil olması üçün mütləq məhkəmə orderi və ya çağırış sənədi olmalıdır: “İnzibati order kifayət deyil”.

Tələbə mediası olan “Columbia Spectator”un məlumatına əsasən, Ağayeva saxlanılmasından bir neçə dəqiqə əvvəl – saat 06:26-da qrup çatında “ICE mənim evimdədir” mesajını yazıb. Daha sonra o, sosial şəbəkə hesabında hekayə paylaşaraq ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən qanunsuz saxlanıldığını və köməyə ehtiyacı olduğunu bildirib.
“The City” nəşri yazır ki, Ağayeva neyrobiologiya və politologiya ixtisasları üzrə bakalavr təhsili alır. O, ABŞ-yə 2016-cı ildə gəlib. DHS nümayəndələri isə iddia edirlər ki, onun tələbə vizası həmin il dərslərdə iştirak etmədiyi üçün ləğv edilib. Lakin o zaman Ağayevanın neçə yaşında olduğu və viza statusu ilə bağlı prosesin detalları hələ də tam aydın deyil.

Sosial şəbəkələrdə kifayət qədər tanınan tələbənin “İnstagram” hesabında 106 min izləyicisi var. Səhifə əsasən onun Kolumbiya Universitetindəki tələbə həyatına həsr olunub.
Hadisədən sonra universitet ərazisində yüzə yaxın tələbə və müəllim etiraz aksiyası keçirərək rəhbərlikdən vəziyyətə müdaxilə etməyi tələb ediblər. Şərhlərdə Nyu-York meri Zohran Mamdaninin mövqeyi də müzakirə olunur. Qeyd edilir ki, Uqanda əsilli mer demokrat sosialist mövqeyi ilə tanınır. Mer hələlik məsələyə münasibət bildirməyib. Bununla belə, Nyu-York ştatının qubernatoru Keyti Hoçul (Kathy Hochul) ICE əməkdaşlarının hərəkətlərini tənqid edib, onların yataqxanaya daxil olmaq üçün “lazımi orderə malik olmadığını” və “yanlış məlumat verdiyini” vurğulayıb.
BREAKING: In an email to the Columbia University community, President Claire Shipman says that DHS agents detained a Columbia student in university housing this morning after apparently misrepresenting themselves to gain entry pic.twitter.com/lHz4IYRXMi
— Noah Hurowitz (@NoahHurowitz) February 26, 2026