Paytaxt Bakıda ağacları qurd basıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Qeyd olunur ki, qurdlar əvvəlcə ağacların yarpaqlarını, sonra isə gövdəsini yeyərək, onlara ciddi ziyan vurur.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən ekoloq Telman Zeynalov təkcə Azərbaycanda deyil, bütün dünyada belə qurdların ağacları məhv etdiyini bildirib.
Onun sözlərinə görə, mütəxəssislər qurdların qarşısını almaq üçün yollar fikirləşirlər:
“Son dövrlər Yer kürəsində iqlim dəyişikliyi baş verdiyi üçün atmosferdə Ozon qatının zədələnmısi atmosferin çirklənməsinə səbəb olub ki, bu da öz növbəsində ətraf mühitə mənfi təsir göstərir. Hava çox çirklənib, nəfəs almaq olmur, insanlarda ürək, ciyər, xərçəng xəstəlikləri yaranır”.
Ekoloq bunun qarşısını almaq üçün tullantıları idarə etməyin vacib olduğunu bildirib:
“Ətraf mühitdən tullantıları təmizləmək lazımdır. Dünyada tullantıların miqdarı çoxaldıqca, həşaratların da sayı çoxalmağa başlayır. Buna qarşı mübarizə aparmaq lazımdır”.
T.Zeynalov zibili yandırmaqla atmosferin daha da çirkəndirildiyini vurğulayıb:
“Bizə zibil yandıran zavod lazım deyil. Tullantıları təkrar emal etməliyik. Bununla bağlı hökumət tədbir görməlidir ki, ətraf mühit çirklənməsin. Mən təkliflərimi verməyə hazıram, amma qəbul etmirlər”.
Vasif Əlihüseyn
BakuPost