Ru
12:00 / 03 İyun 2023

Bakının on minlərlə qeydiyyatsız sakinləri - Sənədsiz şəxslərin aqibəti necə olacaq?

Bakının on minlərlə qeydiyyatsız sakinləri - Sənədsiz şəxslərin aqibəti necə olacaq?
Eye

Son vaxtlar paytaxtda və ətraf qəsəbələrdə sənədi olmayan mənzillərdə yaşayıb yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına başlanılıb. Məlumata görə, artıq on minlərlə insan qeydiyyatdan çıxarılıb.


Qeyd edək ki, polis bölmələrində qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olur. Bu qayda onlar yenidən qeydiyyata düşənədək qüvvədə qalır.


"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna əsasən, bir neçə formada qeydiyyata düşmək olar. Mənzili olanlar evin rəsmi sənədləri əsasında (çıxarış) və ya mənzili olan qohumların evində qeydiyyata düşməklə qeydiyyat problemlərini həll edə bilərlər.


Vətəndaş Zərifə Məmmədova deyir ki, o, 15 ilə yaxındır ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsində sənədsiz mənzildə yaşayır:


“Evimin sənədi yoxdur. Bu ərazidəki bütün evlərin sənədi yoxdur. Çox yerə müraciət etmişik, amma nəticə olmayıb. Sənəd ala bilməmişik. Sənədi olmayan mənzildə yaşayıb yerli polis orqanlarında qeydiyyatda olan vətəndaşam. İndi isə belə vətəndaşlar polisdən qeydiyyatdan çıxarılır. Mənim evimin sənədi olmadığından heç bir yerə qeydiyyata düşə bilmirəM. Polisdən də qeydiyyatdan çıxarılsam, aqibətim necə olacaq? Məni evinə qeydiyyata götürəcək qohumum da yoxdur”.





Mövzu ilə bağlı Bakupost.az -a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bildirib ki, əvvəllər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər və hər hansı problemlə üzləşmirdilər:


“Konstitusiya Məhkəməsi bunu həll etmişdi. Ünvanı olmayanları polis bölmələrində qeydə alırdılar. Son vaxtlar deyilənlərə görə, problem var. Məsələnin hüquqi yolu budur ki, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 3-cü maddəsinə əlavə etsinlər ki, vətəndaşın konkret yaşadığı yer yoxdursa, bu məlumat qeyd olunmur. Vətəndaşın Konstitusiya ilə müəyyən olunan hüquqlarını heç olmasa, bu yolla təmin etmək olar. Əlbəttə, şəxsiyyəti təsdiq edən sənəddə vətəndaşın yaşadığı yerin göstərilməsi bir çox vacib məsələlərə görə, o cümlədən siyasi hüquqların həyata keçirilməsi baxımından vacibdir. Amma müvəqqəti tədbir kimi məncə, bunu etmək olar. Nəzərə alaq ki, indi insanları tapmaq üçün başqa vasitələr də var. Amma gələcəkdə problemi birdəfəlik həll etmək lazımdır”.





Millət vəkili Fazil Mustafa deyir ki, bir çox vətəndaşlarımız çarəsiz duruma düşüb:


“Əgər vətəndaşın evinə mülkiyyət sənədi verilməyibsə, evinə qeydiyyata düşəcək qohumu da yoxdursa, bəs o nə etsin, harada qeydiyyata düşsün? Axı haradasa qeydiyyatda olmalıdır. Yerli polis orqanlarında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması o insanların havada qalması deməkdir. Qeydiyyatdan çıxarıldıqdan sonra şəxsiyyət vəsiqəsinin etibarsızlaşması isə daha ciddi problemdir. Şəxsiyyəti təsdiq edən sənədin etibarsız sayılması faktiki olaraq o insanı sıxıntıya salmaq deməkdir. Paytaxtda faktiki yaşayan minlərlə insan var ki, onlar evlərinin sənədi olmadığından daimi qeydiyyata düşə bilmirlər. Neft buruqlarının, kommunikasiya xətlərinin mühafizə zolağına düşməyən sənədsiz evlərə sənəd verilməlidir ki, həmin insanlar öz evlərinə qeydiyyata düşə bilsinlər. Bu problem həll olunmalıdır. Onlar yaşadıqları ünvanda qeydiyyata alınmalıdırlar. Qeydiyyat mülkiyyət sahibi olmaq demək deyil. Bu yolla vətəndaşlara kömək edilməlidir. Bu məsələ çox böyük problemlər ortaya çıxara bilər. Məsələni gündəmə gətirilməli və problem kompleks şəkildə həll olunmalıdır”.


Vəkil Türkan Ağayevanın sözlərinə görə, hazırda paytaxtda tikilən fərdi yaşayış evlərinin böyük bir hissəsi uzun illərdir ki, dövlət qeydiyyatına alınmayıb və həmin evlərdə yüz minlərlə vətəndaşlarımız yaşayır. Qanunla bu cür evlərdə qeydiyyat məsələsi mümkünsüzdür. Evin çıxarılışı (“kupça”) olmadığı üçün sakinlər orada qeydiyyata düşə bilmirlər. Ev Daşınmaz Əmlakın Reyestri Xidmətində qeydiyyata alınmayıbsa, "mövcud olmayan tikiliyə" necə qeydiyyata alınmaq olar. Vətəndaşların qeydiyyat problemini aradan qaldırmaq üçün bu yaşayış evlərinin sənədləşdirilməsi həyata keçirilməlidir.




Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüququşünas Əliməmməd Nuriyev hesab edir ki, vətəndaşlara məxsus evlərin sənədləşdirilməsi vacib məsələlərdən biridir və bu, insanların yaşadıqları evə qeydiyyata düşməsinə imkan yaradacaq:


“Azərbaycanda çoxlu sayda sənədsiz tikili var. Bu insanlar illərdir o tikililərdə yaşayır, kommunal xidmət haqqı ödəyirlər. Bu tikililər onların mülkiyyətidir. Amma hüquqi baxımdan, yəni sənəd olmadığı üçün bu belə sayılmır".


Ə.Nuriyev hesab edir ki, kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlərin hər biri sənədləşdirilməlidir:


"Bu zaman o evlərdə yaşayan insanların qeydiyyat problemi yerindəcə öz həllini tapacaq. Ona görə də sənədsiz evlərə çıxarışların verilməsinin sadələşdirilməsi yox, birmənalı həll edilməsi vacibdir. Əks halda sadələşdirmənin özü də əlavə prosedurların yaranmasına gətirib çıxara bilər. Bu da insanlar üçün əlavə problemlər yaradacaq”.





İqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, fərdi evlərin sənədləşdirilməsi çoxmərtəbəli binalara nisbətən daha mürəkkəb prosesdir və çətin başa gələn işdir. Bu da onunla əlaqədardır ki, fərdi evlərin bir qismi qadağan olunmuş ərazilərdə-SOCAR-a məxsus torpaqlarda, magistral qaz, elektrik, su xətlərinin mühafizə zolağında inşa olunub:


"Bizdə olan məlumata görə, hökumət sənədsiz evlərlə bağlı araşdırma aparır. Araşdırma yekunlaşandan sonra bu evlərin sənədləşdirilməsi istiqamətində addımların atılması mümkündür".


İqtisadçının sözlərinə görə, fərdi evlərin sənədləşdirilməsi ciddi sosial problemdir:


“Bir çox vətəndaşlar heç də tam sənədsiz iş görməyiblər. Onlar ya icradan, ya bələdiyyədən ilkin sənədlər alıblar. Araşdırmalar göstərir ki, vətəndaşlar bu sənədləri ödəniş hesabına əldə ediblər. İndi onlar həmin sənədlərlə evlərinə çıxarış ala bilmirlər. Bu isə onların mülkiyyət hüquqlarının tanınması və qorunmasında problemlərlə üzləşməsi deməkdir. Həmin insanların hüquqlarının qorunması üçün fərdi evlərin sənədləşdirilməsi çox vacibdir. Belə bir addım atılarsa, həm yüz minlərlə vətəndaşın mülkiyyət hüququ tanınar, həm də onların fəal iqtisadi həyata qoşulmasına nail olunar. Vətəndaşlar evlərini girov qoymaqla kredit əldə edə bilərlər, onların ödədikləri əmlak vergisi bələdiyyə büdcələrinin artmasına gətirib çıxarar və s”.






Məsələ ilə bağlı münasibət öyrəndiyimniz Daxili İşlər Nazirliyindən isə bildirilib ki, indiyə kimi daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər. Ancaq bu prosedurda müəyyən dəyişiklik edilib. Bildirilib ki, əgər vətəndaşın qeydiyyata düşməyə ünvanı yoxdursa, yenidən yaşadığı yer üzrə polis idarəsinə müraciət edərək qeydiyyata düşə bilər. Hazırda bununla bağlı heç bir məhdudiyyət yoxdur:


“Azərbaycan Respublikasının bütün vətəndaşlarının qeydiyyatı olmalıdır. Əgər bir insanın ümumiyyətlə, ailəsi, qohumu yoxdursa, yəni təkdirsə, polis orqanına müraciət edə bilər. Araşdırma aparılacaq və doğrudan da məlum olsa ki, bu insanın heç kimi yoxdur, o zaman barəsində tədbir görüləcək. Heç bir vətəndaş qeydiyyatsız qalmır.


Təxminən 2000-ci ilin əvvəllərində Bakıda evlərin çoxunun sənədi yox idi. Şəxs haqqında məlumatlı olmaq, onun harada yaşadığını bilmək üçün vətəndaş mütləq qeydiyyata alınmalıdır. Bu səbəbdən həmin illərdə vətəndaşlar polisin inzibati binasına qeydiyyata götürülürdülər. Vaxt keçdi, aparılan araşdırmalar göstərdi ki, polisin inzibati binasına qeydiyyata düşən şəxslərin bəziləri bir, hətta iki-üç ev sahibidir. Onların öz evlərinə, bu yoxdursa, qohumlarının, tanışlarının, dostlarının yaşadığı ünvana qeydiyyata düşmək imkanı var. Polisin inzibati binasından qeydiyyatdan çıxarılan şəxslər başqa ünvanlarda qeydiyyata düşmək imkanı olan şəxslərdir. Yəni həmin insan özünün, yaxud yaxın qohumunun evində qeydiyyata düşə bilər”.


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar