Ru
11:23 / 18 Noyabr 2022

Devalvasiya olmadı, bəs manat niyə “əridi”?

2463

Rövşən Ağayev: “Milli valyutanın məzənnəsinin möhkəmlənməsi bu sahələri məhv edir”



Azərbaycanda bir ildən çoxdur gedən sürətli inflyasiya prosesinə rəğmən ölkənin milli valyutası olan manatın dünyanın əsas dönərli valyutası olan dollar qarşısında məzənnəsi artıb. Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı verdiyi məlumata görə, 2022-ci ilin 10 ayında manatın məzənnəsində 9,2 faiz möhkəmlənmə qeydə alınıb.

Maliyyə naziri Samir Şərifovun fikrincə, manatın kəskin möhkəmlənməsi iqtisadiyyatda bir sıra problemlər yarada bilər: “Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi möhkəmlənə bilər”. Nazir qeyd edib ki, manatın məzənnəsi möhkəmlənərsə, bu, bir sıra mənfi nəticələr doğuracaq. Xüsusilə ixracla məşğul olan şirkətlərin problemlə üzləşə biləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycana valyuta axınının 98 faizdən çoxu neft-qaz satışından təmin edilir. 2023-cü ilin dövlət büdcəsi neftin bir barelinin qiyməti 50 dollar götürülməklə hesablanıb. Lakin hamıya aydındır ki, bu, həddindən artıq mühafizəkar yanaşmadır. Belə ki, hətta ən pessimist proqnozlarda belə 2023-cü ildə neftin orta bazar qiymətinin 90 dollardan aşağı olmayacağı göstərilir. Bu isə o deməkdir ki, 2023-cü ildə də hasilatın və ixracın həcmcə azalmasına rəğmən Azərbaycana irihəcəmli neft pulları daxil olacaq. Bu isə manatın dollar qarşısında daha da möhkəmlənməsinə gətirib çıxaracaq.

Mərkəzi Bank manatın 10 faizə yaxın möhkəmlənməsi fonundan dollar/manat məzənnəsinin 1,7 manatdan aşağı düşməsinə imkan verməyib. Gələn ilin büdcəsində də eyni məzənnənin qalacağı proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, Azərbaycan hökuməti manatın məzənnəsini inzibati müdaxilələrlə sabit saxlamaq siyasətini gələn il də davam etdirəcək.

Manat dollar qarşısında möhkəmlənsə də, əhali və iqtisadiyyat bu möhkəmlənməni hiss etmir. Belə ki, ölkədə inflyasiyanın sürəti getdikcə artır. Mərkəzi Bank deyir ki, cari ilin oktyabr ayına olan məlumata əsasən illik inflyasiya 15,6 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin açıqlamalarına əsasən bu ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb. Cari ilin oktyabr ayında istehlak qiymətləri əvvəlki ilin oktyabr ayına nisbətən 15,6 faiz bahalaşıb.

O cümlədən 2022-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 21 faiz artım nümayiş etdirib. Bu zaman ərzaq məhsulları sentyabr ayı ilə müqayisədə 2,3 faiz, ötən ilin oktyabrı ilə müqayisədə 21,7 faiz bahalaşıb.

Oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 10,9 faiz artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlər isə əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 12,0 faiz bahalaşıb.


Rövşən Ağayev
Azərbaycan hökuməti inflyasiyanın əsas hərəkətverici qüvvəsinin xarici amillər olduğu qənaətindədir. Həm ölkədə inflyasiya prosesləri ilə birbaşa məşğul olan Mərkəzi Bank, həm də iqtisadi bloka daxil olan digər qurumlarda formalaşmış rəy belədir ki, Azərbaycanda inflyasiyanı sürətləndirən xarici amildir, burada da əsas rol ərzaq məhsullarınındır. O da məlumdur ki, fevral-mart aylarından etibarən hökumət xarici bazarlardakı bahalaşmanın daxildə qiymətlərə təsirini yumşaltmaq üçün bir xeyli qərarlar qəbul edib, çoxsaylı idxalçı və istehsalçı monopolistlər vergi və rüsumlardan azad olunub. İndiyədək hökumətdən bu addımların ölkədə inflyasiya prosesinə nə qədər təsir etdiyi, hansı istiqamətlərdə bahalaşmanın qarşısını nə qədər aldığına dair bir dəfə də olsun açıqlama verilməyib. Halbuki bu istiqamətdə ciddi bir araşdırmanın aparılması, atılan addımların, verilən qərarların təsirinin qiymətləndirilməsi növbəti il üçün antiinflyasiya tədbirlərinin hazırlanması üçün çox mühüm baza rolunu oynaya bilər. Yalnız ciddi arqumentlərlə əsaslandırılmış bir qiymətləndirmədən sonra 2023-cü ildə indiki tədbirlərin hansının effektiv olduğunu və davam etdirilməsinin gərəkdiyini, hansının isə effekt vermədiyi üçün dayandırılmasının lazım gəldiyini öyrənmək mümkündür. Və hökumət növbəti il üçün qərarlar verərkən ictimai əsaslandırmanı da bu qiymətləndirməyə istinadən həyata keçirə bilər. Çox təəssüf ki, belə bir qiymətləndirmənin aparıldığına dair hər hansı məlumata rast gəlmirik. Ümumiyyətlə, hökumətin 2023-cü ildə inflyasiyanı azaltmaq üçün hansı addımlar atacağı, bu istiqamətdə konkret proqramının olub-olmadığı da açıqlanmır. Yalnız Mərkəzi Bank ənənəvi siyasətini davam etdirəcəyini açıqlayıb. T.Kazımovun açıqlamasına görə, AMB 2023-cü ildə inflyasiyanın bu ilkindən aşağı olacağını gözləyir: “Növbəti ildə illik inflyasiyanın aşağı olacağı gözlənilir. İnflyasiya gözləntiləri nisbətən sabitləşib. Bunu bizim keçirdiyimiz sorğulardan görürük. AMB öz səlahiyyətləri çərçivəsində adekvat hesab etdiyi yerə qədər pul siyasətini sərtləşdirə bilər. İllik inflyasiya göstəricilərinin azalması fonunda pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər. Hazırda məzənnə inflyasiyaya azaldıcı təsir göstərir. Məzənnə sabitliyi isə tədiyyə balansının sabitliyindən asılı olacaq”.

Hökumət üzvlərinin çıxışlarından aydın olur ki, ölkədə inflyasiyaya qarşı xüsusi proqram həyata keçirilməyəcək və hökumətin inflyasiyanın azalacağına dair gözləntiləri bilavasitə xarici bazarlarla bağlıdır. Bütün dünyada yüksək olan inflyasiyaya qarşı həyata keçirilən tədbirlər nəticəsində onun sürətinin gələn il azalacağı gözlənilir. Bu isə qlobal bazarlarda, xüsusilə də ərzaq bazarında qiymətlərin sabitləşməsinə rəvac verəcək. Azərbaycan hökuməti bu tendensiyaya əsaslanmaqla ölkədə bahalaşma sürətinin azalacağını proqnozlaşdırır.

Yuxarıda da qeyd etdik ki, gələn il ərzində Azərbaycana irihəcmli neft-qaz gəlirləri daxil olacaq. Bu isə manatın məzənnəsində möhkəmlənmənin davam edəcəyi deməkdir. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu ilin 10 ayı ərzində manatın həm nominal, həm də real məzənnəsində artım baş verib: “Milli valyutanın real bahalaşması o deməkdir ki, həmin ölkədə istehsal olunan məhsullar onların xaricdən alınan analoqlarından daha baha olur. Əgər manat möhkəmlənirsə, demək, biz öz məhsulumuzu xaricə daha yüksək qiymətə satmalı, xaricdən aldığımız isə ucuz olmalıdır. Yəni bizim məhsulların xarici bazarlarda rəqabət imkanı məhdudlaşır. Lakin bizdə xaricən idxal olunan məhsul və yerli istehsal üçün xammalın bahalaşması üzündən inflyasiya yüksəkdir. Biz faktiki olaraq manatın möhkəmlənməsinin idxalda yarada biləcəyi əlverişli şərtlərdən məhrumuq. Lakin ixracatçılar üçün bu proses ciddi problemlər yaradır”.

Ekspert manatın məzənnəsinin inzibati yollarla sabit saxlandığı 2003-2015-ci illərdə iqtisadiyyatda yaranan problemləri xatırladır: “Həmin dövrdə turizm və kənd təsərrüfatı sektorları məhv olmuşdu. Amma 2015-ci il devalvasiyalarından sonra hər iki sektorda ciddi inkişaf prosesi başlandı və hələ də bu müsbət təsiri biz manatın məzənnəsinin saxlandığı son illərdə də hiss edirik”.


Mikayıl Cabbarov

Bu arada Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda ən son statistikaya görə, əhalinin gəlirlərinin artım tempi inflyasiyanın tempini üstələyir. R.Ağayev bu arqumentlə razılaşamır: “Əvvəla, Azərbayacanda inflyasiyanın hesablanması üçün səbətin tərkibi ev təsərrüfatlarının ən son büdcə müayinəsinin nəticələri əsas götürülür. Bu müayinəyə görə, ötən ilin sonuna qida məhsullarının (alkoqollu içkilər+tütün də daxil) əhali istehlakında payı 45 faiz ətrafında olub. Halbuki Mərkəzi Bankın statisitkası real statistikanın daha yüksək olduğunu - 56 faizə yaxın olduğunu göstərir. Nəzərə alanda ki, hazırkı reallıqda ərzaq inflyasiyası xidmət və qeyri-qida inflyasiyasından az qala 3 dəfə yüksəkdir, deməli, inflyasiya səbətində ərzağın payı az qala 4-də bir həcmdə azaldılaraq istehlak qiymətləri indeksinin hesablanması inflyasiyanın səviyyəsini əhəmiyyətli dərəcədə təhrif edir. Yəni inflyasiyası hesablanmasına ərzağın payı Mərkəzi Bankın rəqəminə uyğun götürülsə idi, hazırda orta illik inflyasiya səviyyəsi 13,5 faiz yox, ən azı 16 faiz olacaqdı. Hələ onu demirəm ki, bizdə inflyasiyanı süni şəkildə azaldan başqa bir amil səbətin tərkibinin bir çox ölkələrlə müqayisədə daha geniş götürülməsidir. (Bizdə təxminən 513 adda mal və xidmət. Müqayisə üçün Türkiyədə 400-dən bir qədər artıq).

İkincisi, Azərbaycanda əhalinin istehlakında ərzaq az qala 60 faizə çatdığı üçün əhalinin real gəlirlərinin hesablanması baxımından istehlak qiymətləri indeksinə yox, ərzaq inflyasiyasına baxmaq lazımdır. Hətta rəsmi məlumata görə, 2022-ci ilin sentyabrın sonuna orta illik inflyasiya 13 faiz olduğu halda, ərzaq inflyasiyası 20 faizə yaxın olub. Ərzaq inflyasiyasının bu səviyyəsi isə orta maaşın artım tempini 6 faiz üstələyib, adambaşına gəlirlərin artım tempi ilə isə eyni səviyyədə olub. Nəhayət, üçüncüsü, bir dəfə bu barədə yazmışdım, indi də aktualdır - bizdə orta illik deyil, illik inflyasiya səviyyəsinə baxmaq lazımdır. Ən son məlumata görə, illik inflyasiya səviyyəsi orta göstəricidən çoxdur və nominal orta maaşın artımını 2 faizə yaxın üstələyir. Sırf bu göstəricidən çıxış etsək, real əmək haqqının ən azı 2 faiz azaldığı, qidanın xüsusi çəkisinin Mərkəzi Bankın statistikasına uyğun götürdükdə isə ən azı 5 faiz azaldığı aydın görünür".


“Yeni Müsavat”

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər