Azərbaycan sülh prosesinin təşəbbüskarı olub.
Bakupost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk Qrupu üçlüyü hələ də çalışır, Bakıya səfər edirdi: “Mən gördüm ki, onlar nə edəcəklərini bilmirlər. Mənə sual verəndə onlara dedim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın”.
“Biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərhləri var idi, 2 il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəbi o idi ki, Ermənistan həmin sülh sazişinin mətninə “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bura Azərbaycanın bir parçasıdır və daxili siyasətimizə aid məsələ olduğu üçün sülh sazişinin mətninə daxil edilə bilməz. İki il ərzində heç bir irəliləyiş yox idi”, - deyə Azərbaycan Prezidenti xatırladıb.
Prezident İlham Əliyev yalnız 2022-ci ilin sentyabrında antiterror əməliyyatı nəticəsində ərazilərimiz azad edəndən sonra Ermənistanın "Dağlıq Qarabağ” məsələsinin sülh sazişinin mətninə daxil edilməsi məsələsində israr etmədiyini nəzərə çatdırıb: “Çünki artıq mövzu bağlı idi. Yəni nəyin üzərində israr edəcəksiniz? Demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başladı. Bizim hazırladığımız layihə üzərində iş getdi”.
Dövlət başçısı Ermənistanın sülh sazişi üzrə son iki bəndi qəbul etmək istəmədiyini, ancaq Donald Tramp ABŞ-da prezident seçkilərində qalib gələn kimi həmin iki bəndi qəbul etdiklərini xatırladıb: “Mən Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və siz ağ at üzərində olacaqsınız, ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla bağlı razılaşmayacaqdılar. Layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün Konstitusiya və Minsk Qrupunun buraxılması - bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Mətn paraflana bilər, Azərbaycan tərəfi bu təkliflə çıxış edib. Paraflanma heç də imzalanma demək deyil. Ancaq biri var ki, şifahi razılıq var, ikincisi isə artıq hər səhifənin sonunda imzalar var, paraflanma baş verir. Biz məncə, çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Buna yenidən baxılması mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışsa, bu o deməkdir ki, sülh istəmir. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırığını yerinə yetirməlidirlər, bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik. Bu da region üçün çox böyük yenilik, dəyişiklik olacaq”.
Qeyd edək ki, sülh sazişinin mətninin layihəsində haqqında söhbət açılan iki bənd üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməməsi və Azərbaycanla Ermənistanın beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtinası ilə bağlı olub.