İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda süni intellekt texnologiyalarından geniş şəkildə istifadə etməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Bakupost.az SETA Strateji Araşdırmalar Fondu tərəfindən hazırlanan hesabata istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bu əməliyyatlarda “Lavender” və “Habsora” (digər adı ilə “The Gospel”) adlı alqoritmlərdən ibarət süni intellekt sistemlərini tətbiq edir. Məlumatlara görə, bu texnologiyalar kəşfiyyat məlumatlarını emal edərək hədəf seçimini və hücum planlamasını avtomatlaşdırır. İddialara əsasən, bəzi hallarda süni intellekt sistemi 20 saniyə içində potensial hədəfi müəyyən edir və çox vaxt bu qərarlar əlavə insan nəzarəti olmadan həyata keçirilir.
Hesabatda qeyd edilir ki, süni intellekt sistemlərinin tərtib etdiyi hədəf siyahılarında minlərlə fələstinli şəxsin adı yer alıb və bu şəxslərin bir çoxu “aşağı səviyyəli döyüşçü” kimi təsnif edilib. Həmin sistemlərin insan faktorunu azaldaraq, döyüş qərarlarını avtomatik verməsi mübahisəli məqamlardan biridir. Hüquq müdafiəçiləri qeyd edirlər ki, bu texnologiyaların səhv qərar vermə ehtimalı mülki əhalinin həyatı üçün təhlükə yaradır və şəffaflıq problemi ortaya çıxır.
Məsələn, 2024-cü ilin iyulunda BMT məktəbinə edilən hava hücumu nəticəsində 23 nəfər həyatını itirib, onlarla insan yaralanıb. İsrail həmin hücumun əsas hədəflərindən 8 nəfərin HƏMAS üzvü olduğunu iddia etsə də, digər ölən və yaralananların mülki vətəndaşlar olduğu bildirilir. Ekspertlər hesab edirlər ki, süni zəka sistemlərinin avtomatik hədəf seçimi belə hallarda məsuliyyətin kimə aid olduğunu müəyyən etməyi çətinləşdirir.
Mütəxəssislərin fikrincə, bu cür texnologiyaların hərbi əməliyyatlarda tətbiqi insan nəzarətindən çıxmamalı, məsuliyyətli qərarvericilik prinsipi qorunmalıdır.
Aysel,
BakuPost