Ru
13:59 / 28 Noyabr 2023

Kitaba yığışan fövqəladə gözlər, qızıl xaş, şirin çörək... - Bir daha Gəncə - FOTO

12536
Şahbaz XUDUOĞLU
Gəncədə səhər azanla açılır, ardından itlər hürür, quşlar oxumağa başlayır, addım səsləri, söhbətlər küçələrə dolur...
Şah Abbas meydanından "Gəncə mall"a keçiddə yeniyetmə qızcığaz sədəqə dilənir. İnanılmaz yaraşıqlıdır, fövqəladə gözəl gözləri var. Əgər portret olsaydı, hər kəs onu evindən asardı.


Pakistana sığınan əfqanlı qızın şəkilini xatırladım.

"Zolotoy"un qarşısında xaşdan duranların şux zarafatları küçəni başına alıb. Hava soyuq olmasa da, ağızlarından buxar çıxır.
Azandan həmən sonra ilk açılan obyekt bura olur.

Biz gec gəlsək də, xaşımızı saxlamışdılar. Səhər saat 9-dək xaş bitir.

Bura sovet vaxtından işləyir, əvvəl zirzəmidə işləyiblər, sonra üzə çıxıblar. Əvvəlki adı "Zalatoy" olub, güllələnən başçı (Elmar Vəliyev - red.) dəyişib "Zolotoy" etdirib. Sovet vaxtı qızıl alverçiləri, hətta qonşu ölkələrdən gələnlər də, bütün sövdələşmələri, alveri burada edərdilər. Adı da o vaxtdan qalıb.
Hər axşam 4 xaş qazanı asılır. Hər qazana 16 ayaq atılır. Səhər tezdən hamısı bitir.
"Təkərli kitab"ı Gəncə mərkəzi kitabxanasının önündən tərpətmədik. Gələnlər imkan vermədilər. Hətta qonşu rayonlardan da sorağımıza gəlmişdilər.

İlqar tərcümələrə görə təşəkkür etdi. Səhər yazımı oxuyub Şəmkirdən gəlmişdi. Xeyli kitab aldı. Şəkilini çəkilməyə icazə vermədi. "Bizə olmaz", dedi.
Texniki Universitetin, Gəncə Dövlət Universitetin tələbələri günün çoxunu elə bizimlə keçirdilər. Gəncə peşə məktəbinin direktoru "Təkərli kitab"ı məktəbinə dəvət etdi, "sizi gözləyəcəm" dedi.
Bir tələbə tanışlıq verdi, mən Gülhüseynin nəvəsiyəm.

- Biləsuvar?
- Bəli.

Gülhüsyn Alarda Adi əminin böyük oğludur. Adi əminin geniş həyəti, alma bağı vardı, özü qaradinməz adam idi, amma yoldaşı, "bibi qurban" deməkdən yorulmazdı.
Rəsmiyyə Şəmkirlidir, Gəncə universitetində kompüter mühəndisliyi oxuyur. Anam istədi deyir. Bizim kitabların bir qismini oxuyub, bir ara gələnlərə kitab tövsiyələri də etdi.
Bir gənc çox sevincliydi. Fərqli, işıqlı siması vardı. Hoteldən çıxanda onu yenə gördüm. Adı Şöhrətdir, 11-ci sinifdə oxuyur, opera müğənnisi olacaq.

-Sizi görməyə gəldim.
-Düz etdin.
Taksi gəldi, biz getdik. Ağlımda Şöhrət qaldı, sanki nəsə demək istəyirdi, amma deyə bilmədi.
Nailə adında bir xanım Nigara şirin çörək göndərmişdi, çörəyin ətri maşının kabinasınada hələ də qalıb.
Yazıçı Dilşad xanım isə Gəncə paxlavası gətirmişdi. Mən də gözəl qızına kitab hədiyyə etdim.
Samuxdan gələn bir xanım polisdə işləyirdi. Dedi, Samuxa iş günü gəlin. Uşaqlarına ensiklopediya kitabları aldı. Bizi instaqramdan izləyir.

Gün boyu bir neçə kq mandarin yedik, kilosunu 1 manatdan aldıq. Satıcı dedi ki, Astaradan gətirir. Limonu da ordan gətirirlər.

Gəncədə çox bəyəndim cəhət səhər qarşılaşdığın hər kəsin salam verməsidir. "Xoş gəlmisiniz" deyirlərsə, bilin ki, o yerli adamdır.

Axşam düşdü, biz Gəncədən ayrılırıq, səsim borlaşıb, demək adi günlərdən daha çox danışmışam...
Kitaba yığışan fövqəladə gözlər, qızıl xaş, şirin çörək... - Bir daha Gəncə - FOTO
Kitaba yığışan fövqəladə gözlər, qızıl xaş, şirin çörək... - Bir daha Gəncə - FOTO
Kitaba yığışan fövqəladə gözlər, qızıl xaş, şirin çörək... - Bir daha Gəncə - FOTO
Kitaba yığışan fövqəladə gözlər, qızıl xaş, şirin çörək... - Bir daha Gəncə - FOTO
Kitaba yığışan fövqəladə gözlər, qızıl xaş, şirin çörək... - Bir daha Gəncə - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər