Qərb mediası Rusiyanın Kurskda gedən döyüşlərə görə qoşunlarının bir hissəsini Ukraynadan çıxardığı barədə məlumatlar yayıb. Həmin qoşunların Kurskda Ukrayna ordusu ilə döyüşə göndərildiyi bildirilir. Bu isə Rusiya daxilində ehtiyat qüvvələrin olmadığı barədə fikirləri gündəmə gətirib.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Zərdüşt Əlizadə Kursk əməliyyatından əvvəl rus ordusunun davamlı olaraq, say və silah üstünlüyündən istifadə edərək Ukrayna ordusuna təzyiq göstərdiyini bildirib.
O qeyd edib ki, buna baxmayaraq Ukrayna ordusunun Kursk əməliyyatı çox uğurlu alınıb:
"Məlum oldu ki, Rusiya ərazisində rus ordusunun ehtiyat qüvvələri yoxdur. Ona görə də məcbur olub Ukrayna cəbhəsindən ordunu geri çəkməyə başladı. Təbii ki, rus ordusunun Ukrayna ordusuna təzyiq imkanları məhdudlaşdı. Buna isə mövqe müharibəsi deyirlər. İldırım sürətli mövqe müharibəsi yoxdur. Kimin ordusunun daha mükəmməl silahı var, o, uğur qazanır. Hələlik müharibə davam edir. Əgər Ukrayna səfərbərliyi uğurla həyata keçirsə, Qərb Ukraynaya silah versə, onun öz torpaqlarını işğalçılardan azad etmək imkanı olacaq. Əks təqdirdə mövqe döyüşləri davam edəcək və müharibənin gedişində ciddi dönüş yaranmayacaq”.
Politoloq Donald Tramp prezident seçilərsə, müharibənin gedişində dönüş ola biləcəyini deyib:
“Hər halda Tramp söz verir, indiki hakimiyyətə nisbətən o daha qətiyyətli adamdır. Çünki beynəlxalq müqavilələri saya almır. Amma Tramp həmçinin demişdi ki, Putin dediyimlə razı olmasa, Ukraynaya silah verəcəm, Ukrayna dediyimlə razı olmasa, ona yardımı kəsəcəm. Bu onu göstərir ki, müharibənin gedişiylə bağlı sadə də olsa, bir təsəvvür var”.
Vasif
BakuPost