Yaz fəslinin son ayı olan mayda Azərbaycanda dəyişkən və qeyri-sabit hava şəraiti gözlənilir. Bu isə dağlıq ərazilərdə yaşayanlar üçün ciddi təhlükələr vəd edir. Son günlər bölgələrdə müşahidə olunan dolu və qar yağışı da sadəcə meteoroloji hadisə kimi deyil, həm də təsərrüfatlara, bütövlükdə ölkənin istisadi həyatına zərbələrlə diqqət çəkir.
Bakupost.az qeyri-sabit may havasının mümkün fəsadları və rəsmi statistik məlumatları təhlil edib.
Kənd təsərrüfatına ağır zərbə
May ayı meyvə və tərəvəz təsərrüfatı üçün ən həssas dövrlərdən biridir. Dağ və dağətəyi zonalarda dolu yağışı bağlara ciddi ziyan vurur, xüsusilə alma, gilas, alça və ərik kimi meyvələrin yetişdiyi dövrdə bu, məhsuldarlığın kəskin azalmasına gətirib çıxarır.
Əkin sahələrində isə yeni cücərmiş bitkilər dolu və ya gecikmiş qar nəticəsində məhv olur. Bəzən fermerlər bütün məhsulu itirir və əkin prosesinə yenidən başlamaq məcburiyyətində qalırlar.
Kənd Təsərrüfatı Nazirliyinin son hesabatına görə, son üç il ərzində qeyri-sabit hava şəraiti nəticəsində kənd təsərrüfatına ümumilikdə 15 milyon manatdan artıq ziyan dəyib. Bu məbləğin təxminən 60 faizi yaz aylarında, xüsusilə mayda baş verən dolu və şaxta hadisələri ilə bağlıdır.
Heyvandarlıq təsərrüfatları da risk altındadır
Yaylaqlara köçmüş mal-qaranın yaz qarına və doluya tutulması heyvanların hipotermiyaya məruz qalmasına və xəstəliklərə səbəb ola bilər. Dağ otlaqlarında yaz otlarının məhv olması isə yem çatışmazlığı yaradır. Nəticədə bəzi fermerlər planlaşdırılmamış şəkildə heyvanları geriyə qaytarmaq və əlavə yem almaq məcburiyyətində qalır.
Qarın əriməsi – sel və sürüşmə təhlükəsi
Dağlara yağan qarın qısa müddətdə əriməsi çaylarda daşqın və sel riskini artırır. Bu isə dağ çaylarının sahilində yerləşən kəndlərə və infrastruktur obyektlərinə ciddi ziyan vurur. Eyni zamanda, torpaqda nəmlik artdıqca sürüşmə riski də yüksəlir. Bu hadisələr əkin sahələrinə, yaşayış evlərinə və dağ yollarına təhlükə yaradır. Ötən ayın ortalarında yağan güclü yağışlar şimal rayonlarında, o cümlədən Şabranda ev, təsərrüfat və infrastruktura ciddi ziyan vurdu. Güclü sel bəzi evlər və körpüləri tamamilə dağıtdı.
Dağ yolları və infrastruktur təhlükədə
Dağlıq rayonlarda yolları sürüşkənliyi isə nəqliyyatın hərəkətinə ciddi problemlər yarada bilər. Elektrik dirəkləri və rabitə xətləri dolu və ya külək səbəbindən sıradan çıxır, nəticədə bəzi kəndlərdə günlərlə işıq və əlaqə problemi yaşanır.
Ən kritik məqam isə budur: bu bölgələrdə fövqəladə hallara operativ müdaxilə imkanları məhduddur.
Dağ turizminə də zərbə dəyir
May ayı adətən dağ turizminin canlandığı vaxtdır. Ancaq hava şəraitinin qəfil dəyişməsi turistlər üçün risk yaradır. Qar uçqunları, yolların bağlanması, qidalanma və rabitə problemləri nəticəsində turistik marşrutlar ya təxirə salınır, ya da tam ləğv olunur.
Mütəxəssislər bildirirlər ki, may ayında dağlıq ərazilərdə qar və dolu yağması artıq nadir hal deyil. Bu səbəbdən proqnoz və xəbərdarlıq sistemlərinin yerli səviyyədə daha dəqiq və sürətli qurulmasına ehtiyac var. Onların fikrincə, təkcə bir dəfə dolu yağışı bir kəndin birillik gəlirini məhv edə bilər. Lakin fermerlər heç də həmişə bu riski nəzərə almır, dövlət dəstəyinin sistematik şəkildə tətbiqində isə problemlər müşahidə olunur.
Yeri gəlmişkən, son 5 ildə may ayında qeydə alınan dolu və qar hadisələrinin 70%-i Quba-Qusar, Şəki-Zaqatala və Lerik-Yardımlı zonasında baş verib. 2021-ci ildə Qax rayonunda dolu nəticəsində 42 təsərrüfat zərər çəkib, 180 ha ərazi isə məhsulsuz qalıb. 2023-cü ilin may ayında isə Şahdağda 4 sm qalınlığında qar müşahidə olunub. Nəticədə 300 hektardan çox bağ sahəsi zərər görüb.
Mütəxəssislər qeyd edirlər ki, dəyişkən iqlim şəraitinə uyğunlaşmaq üçün ciddi tədbirlər görülməzsə, mayda gözlənilən qeyri-sabit hava şəraiti nəticəsində kənd təsərrüfatı ciddi itkilərlə üzləşə bilər. Əkinçilik, heyvandarlıq və turizmdə davamlılıq xeyli dərəcədə idarəetmə və qabaqlayıcı tədbirlərlə mümkündür.
Lalə,
BakuPost