“Siniflər üzrə şagird sıxlığı normaları qəbul olunub. Amma buna baxmayaraq, təəssüf ki, bu gün bu sıra məktəblərdə şagird sıxlığı problemi hələ də müşahidə olunmaqdadır. Bu, əsasən, paytaxtda fəaliyyət göstərən məktəblər üçün xarakterikdir. Bölgələrdə elə məktəblər var ki, sinifdə şagird sayı maksimum 20-dir. Ancaq Bakı məktəblərində mənzərə tamamilə fərqlidir. Paytaxt və ətraf ərazilərdəki məktəblərdə 20 şagirdlik sinif tapmaq mümkün deyil. Minimum 35 şagird. Siniflərdəki sıxlıq şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Halbuki təhsil müəssisələrində dərslər elə təşkil edilməlidir ki, biliyin şagirdə ötürülməsi maksimum həddə çatsın”.
Bu fikirləri Bakupost.az -a təhsil eksperti Nadir İsrafilov bildirib.
Onun dediyinə görə, şagird sayı 35-dən yuxarı olan sinifdə tədrisin aparılması, azyaşlı uşaqlara mövzuların öyrədilməsi çox çətindir:
"45 dəqiqə ərzində 40-45 şagirddən dərs soruşmaq, mövzunu izah etmək, başa salmaq, hər uşağa ayrı-ayrılıqda vaxt ayırmaq, qiymətləndirmə aparmaq asan iş deyil. Müəllimin üzərinə çox böyük yük düşür. Bu məsələdə ibtidai sinif müəllimləri daha çox əziyyət çəkirlər".
Ekspert bildirib ki, ölkədə bu qədər məktəb korpusları tikilməsinə baxmayaraq, sıxlıq yenə də mövcuddur:
“Məsələnin iki həll variantı var: ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir. Bir məsələ də var ki, siniflərin bölünməsi əlavə vəsait aparacaq, otaq çatışmazlığı yaranacaq. Bununla da yeni bir problem meydana çıxacaq”.
Sevinc,
BakuPost