Ru
16:03 / 29 İyun 2022

NATO-nun sonuncu zirvə toplantısı: dünyaya nə vəd edir? - ŞƏRH

4084
“NATO öz coğrafi arealını genişləndirməklə bağlı qarşısına qoyduğu hədəflərə çatmağa doğru gedir. Yaxın gələcəkdə təkcə İsveç və Finlandiya deyil, Rusiya aqresiyasına məruz qalmış Ukraynanın da hansısa bir formada NATO-ya tam inteqrasiya olunması ilə bağlı qərarlar da verilə bilər”.


Bunu Bakupost.az -a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.


Bildirib ki, burada Türkiyənin tarixi, siyasi və hərbi mənada böyük üstünlüklər qazanmağı Azərbaycan üçün də mühüm strateji əhəmiyyətə malikdir:




“Madrid şəhərində NATO-nun zirvə toplantısı çox mühüm bir dövrə təsadüf edir. Nəzərə almaq lazımdır ki, hazırda NATO-nun genişlənməyi, eyni zamanda əlavə təsir imkanlarının artırılması, həmçinin nizamnaməsindəki bəzi məsələlərə düzəlişlər edilməsilə bağlı müzakirələr aparılır. Bu baxımdan Madriddəki zirvə toplantısı indi daha çox aktuallıq daşıyır. Özəlliklə Rusiya-Ukrayna müharibəsi başlayandan ilk dəfə Madrid şəhərində NATO-nun belə geniştərkibli zirvə toplantısı həyata keçirilib. Burada NATO-ya üzv olan, eyni zamanda siyasi, hərbi gündəmin əsas aktorları qismində iştirak edən 30 ölkənin dövlət və hökumət başçılarının iştirak etməsi xüsusi əhəmiyyətə malikdir.


T. İsmayılov NATO zirvə toplantısında Türkiyənin gündəm olmasına diqqət çəkib:


“Madrid şəhərində keçirilən zirvə toplantısı Türkiyənin gündəm olması ilə daha çox yadda qalıb. Uzun müddətdir, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi Türkiyə tərəfindən bloklanırdı. Türkiyə haqlı olaraq PKK və FETO-ya məskən verən, onaların rahat fəaliyyətinə şərait yaradan iki ölkənin NATO-ya üzvlüyünün ancaq Türkiyə ilə əməkdaşlıq şəraitində baş tuta biləcəyini vurğuluyurdu.O baxımdan zirvə toplantısında Türkiyənin İsveç və Finlandiya ilə anlaşması, həm NATO-nun yeni üzvləri qəbul etmək perspektivi baxımından, həm də dünyanın siyasi arenasında güclənən nüfuzunun növbəti dəfə təzahürü kimi mühüm əhəmiyyətə malikdir”.


Politoloq qeyd edib ki, NATO-nun zirvə toplantısında ona üzv olan ölkələrin təhlükəsizliyilə bağlı məsələdə məsuliyyət daşıdığını nümayiş etdirib:


“Baltikyanı ölkələr də daxil olmaqla, hazırda NATO-ya üzv olan, yaxud gələcəkdə üzvlük perspektivi olan ölkələrin xarici aqresiyalardan qorunmağı üçün bütün köməkliklərin göstəriləcəyi vurğulanıb. Eyni zamanda bu zirvə toplantısında NATO-ya bundan sonra üzv olan ölkələrdə hərbi təlimlərin, həmçinin həmin ölkələrin NATO standarları içərisində daha yüksək mövqelərə çatdırılmağının labüdlüyü məsələsi də vurğulanıb . Bu günə qədər NATO-ya üzv olan böyük güc mərkəzlərinin hərbi birləşmələrə, eyni zamanda silah-sursat təchizatına daha çox diqqət ayrılıb, sonradan NATO-ya üzv edilən və hərbi büdccəsi qlobal güclər qədər olmayan ölkələrə diqqətsilik məsələsi müşahidə edilirdi. Hesab edirəm ki, Madriddəki zirvə toplantısında alınan tarixi qərar gələcəkdə hərbi büdcəsi kiçik olan ölkələrin də NATO-ya üzv ola-ola daha çox dəstəklənməyinə səbəb olacaq”.


T. İsmayılov, NATO-nun daxilindəki bəzi ölkələrin bir-birinə yanaşmasının ədalətli olmadığını vurğulayıb:


“ABŞ və Türkiyə NATO-ya üzv olsalar da ABŞ qırıcı təyyarələrlə bağlı uzun müddət Türkiyə ilə manipulyasiyalar etdi. Nəticədə Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almağa qərar verdi ki, bu da NATO daxilində müəyyən çatların yaranmağına səbəb olub. Madrid zirvəsində isə bundan sonra siyasi mənada hansısa fikir ayrılıqları olsa belə, NATO daxilində bu məsələlərin ortaq vahid bir mövqedə həll edilməyinin vacibliyi haqqında qərar qəbul edilib. Bütövlükdə hesab edirəm ki, post pandemiya dövründən sonra dünyada savaşların daha az olması məsələsi aktuallaşdığı üçün NATO-nun imkanlarının və perspektivlərinin bu istiqamətə yönəlməyi vacibdir. Eyni zamanda NATO öz coğrafi arealını genişləndirməklə bağlı qarşısına qoyduğu hədəflərə çatmağa doğru gedir. Yəqin ki, yaxın gələcəkdə təkcə İsveç və Finlandiya deyil, Rusiya aqresiyasına məruz qalmış Ukraynanın da hansısa bir formada NATO-ya tam inteqrasiya olunması ilə bağlı qərarlar verilə bilər. Bu baxımdan hesab edirəm ki, NATO-nun sonuncu zirvə toplantısının dünya üçün böyük əhəmiyyəti var. Xüsusilə burada Türkiyənin tarixi, siyasi və hərbi mənada böyük üstünlüklər qazanmağı Azərbaycan üçün də mühüm strateji əhəmiyyətə malikdir”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər