"Rusiya Prezidenti Vladimir Putin komanda üzvlərinə tapşırıb ki, ABŞ Prezidenti Donald Trampın ünvanına tənqidi fikirlər səsləndirilməsinərl. Halbuki Rusiya rəsmilərinin Cozef Bayden və onun administrasiya üzvlərinin ünvanına demədikləri qalmamışdı."
Bakupost.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O vurğulayıb ki, Tramp prezident seçildikdən, Putinin və Rusiyanın ünvanına xoş sözlər söylədikdən sonra Putin və onun komanda üzvləri də ABŞ-nin ünvanına xoş sözlər deməyə başlayıblar:

"Ancaq Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq istəməməsi və Kiyevin bombalanması Trampı hövsələdən çıxarıb və o, Putini sərt sözlərlə tənqid edib. Hazırda Putin Trampın sərt sözlərinə necə cavab verəcəyi üzərində düşünür. Məsələ burasındadır ki, Putin Trampı tərifdən sərt tənqidə keçmək istəmir və ona görə də o, həmişəki kimi dostu, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi qabağa verib. Medvedyev Trampın tənqidlərinə onun adını çəkmədən “üçüncü dünya müharibəsinin mümkünlüyü” hədəsi ilə cavab verib. Bu hədəyə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq cavab verib. O, Dmitri Medvedyevin üçüncü dünya müharibəsi təhlükəsinə dair səsləndirdiyi fikirləri yumşaq şəkildə “uğursuz” və “məsuliyyətsiz” adlandırıb. “Bu, dünya səviyyəli bir dövlətə yaraşmaz” – deyən Ağ Ev rəsmisi, Donald Trampın bu müharibəni dayandırmaq və insan qırğınlarına son qoymaq üçün çalışdığını xatırladıb. Yəni Ağ Ev rəsmisi demək istəyib ki, Tramp Rusiya üçün şansdır və Kreml bu şansı dəyərləndirmək əvəzinə işğalçı müharibəni davam etdirməklə iki böyük ölkə arasında münasibətləri yenidən gərginləşdirəcək. Putin həm işğalçı müharibəni davam etdirmək, həm də Trampla dostluq etmək istəyir. İkisi bir arada mümkün deyil, Putin bunlardan birini seçməlidir."
Aysel,
BakuPost