Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yaxın zamanlarda Qazaxıstana terror hücumunun təşkil olunması ilə bağlı sübutların dünya ictimaiyyətinə təqdim olunacağını deyib.
Bəs doğurdanmı ölkədə baş verənləri terrorçular həyata keçirib?
Məsələ ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Bakupost.az -a Qazaxıstandakı proseslərin kifayət qədər mürəkkəb olduğunu bildirib:
“Qazaxıstandakı vəziyyətin tərkibində sosial narazılıq, iqtisadi vəziyyətə dair etiraz istiqaməti var. Amma görüntülərdən qeyri-sivil, qeyri-humanist metodlara müraciət etmə halları da açıq görünür. Eyni zamanda quldurluq, dağıntı, yağmalama halları da müşahidə olunur. Keçmiş sovet respublikalarında dövlət quruculuğu prosesi ideal formada getmədiyi, sosial-iqtisadi narazılıqlar fonunda dövlət qurumlarının öz funksiyalarını əhəmiyyətli dərəcədə yerinə yetirmədiyi üçün, bu cür hallarla bağlı potensiallar bir çox ölkələrdə var. Buradan aydın olur ki, dövlət qurumlarının məsuliyyətini bir kənara qoymaq olmaz. Qurumlar bu proseslərlə bağlı sosial narazılıqları ortadan qaldırmalı, iqtisadi tədbirlər görməli, terror hücumları ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirməlidir”.
Ekspert əlavə edib ki, dünyanın istənilən dövlətində hansısa başqa dövlətlər qarışıqlıq çıxarmaq istəyirlərsə bunu reallaşdıra bilirlər:
“Hətta ABŞ-da keçirilən prezident seçkilərinə başqa dövlətlərin, xüsusilə də Rusiyanın müdaxilə etdiyinə dair ehtimallar gündəmə gətirildi və bununla bağlı hüquqi proseslər aparıldı. Bildiyiniz ki, ABŞ dünyanın qlobal super gücüdür. Həmin gücün daxilindəki proseslərə başqa dövlətlərin müdaxilə etdiyinə dair iddialar və faktlar ortaya çıxırsa, Qazaxıstanda bu, daha asandır. Bu, problemlər fonunda xaricdən Qazaxıstan daxilində müəyyən oyunlar oynamaq istəyən qüvvələr var. Həmçinin, Qazaxıstanda istər ölkə, istərsə də hakimiyyət daxilində olan qrupların da mübarizəsi gedir. İndi Prezident Tokayev Qazaxıstana terror hücumunun təşkil olunması ilə bağlı sübutların dünya ictimaiyyətinə təqdim olunacağını bildirib. Bu çətin deyil. Ortaya qoyacaqları faktlar bir qrup tərəfindən qəbul olunmayacaq. İddia olunacaq ki, onlar saxtadır. Amma hər-halda Qazaxıstanda elə görüntülər var ki, onların fonunda hökumətin terrorla bağlı faktı ortaya qoyması çətin deyil. Bütövlükdə bütün etirazçılar yox, amma onların bir hissəsi tərəfindən silahlandırılma, avtomobillərin yük yerində olan silahların paylanması, güc tətbiqi və sairə bu cür görüntülər vasitəsilə Tokayev və onun komandası terrorla bağlı müxtəlif iddialar ortaya qoya bilərlər. İstənilən dövlətin bu cür hallarda mümkün qədər dinc etirazların haqlı səbəblərini ortadan qaldırmaq və dinc etirazçılar ilə terrorçuları bir-birindən mümkün qədər ayırması vacibdir”.
Politoloq Məhəmməd Əsədullazadə isə məsələni belə şərh edib:

“Qazaxıstanda baş verən etirazlar fonunda siyasi böhranın inkişaf etməsi və etirazların xaos böhranına sürüklənməsi Prezident Tokayevin KTMT-yə müraciət etməsi ilə nəticələndi. Təbii ki, Qazaxıstanda baş verənlər xalqın etirazı olsa da, göründüyü kimi müəyyən qüvvələr bundan yararlanmaq üçün iğtişaşlar törətməyə davam edir. Qazaxıstanda baş verənlərin terror olduğunu düşünmürəm. Daxildə mərkəzləşdirilmiş qüvvələr var ki, onlar hakimiyyətə qarşı müəyyən qruplarla fəaliyyətə keçib və iğtişaşlar törədiblər. Terrorun da müəyyən növləri var. Qazaxıstanda 8 min və yaxud 20 min terrorçu var iddiası, sadəcə Rusiya propoqandasıdır. Qırğızıstanlı musiqiçini terrorçu kimi xalqa nümayiş etdirmələri, amma etiraz notasından sonra azad edilməsi bir daha onu göstərir ki, Qazaxıstanda xarici terrorçular yoxdur. Sadəcə daxildə olan müəyyən qruplar etirazçılara silah paylanmasını həyata keçiriblər. Təbii ki, bütün bunlar siyasi məqsədlərlə baş verib. Bu həm də Qazaxıstanda hakimiyyət daxilindəki savaşın nəticəsidir. Bir daha demək istəyirəm ki, Qazaxıstanda baş verənlər terror deyil. Bu, xalqın etirazıdır. Hakimiyyəti elə bir situasiyaya gətirib ki, bundan istifadə edən qüvvələr və xarici müdaxilələr ilə proses daha da dərin böhrana yuvarlanıb”.
Siyasi analitik Teymur Qasımlı isə qeyd edib ki, Tokayevin indiki çıxışı onun səhv addım atdığından irəli gəlir:

“Tokayev ilk gün xalqa müraciəti zamanı bunu etiraz aksiyası kimi təqdim edib. Daha sonra deyib ki, bunlar terrorçudular, dövlətin obyektlərinə basqın edirlər, güc strukturlarına qarşı qətllər törədirlər. Tokayev axırıncı müraciətində də dedi ki, 20 min hazırlanmış, təlim keçmiş terrorçu var və bu haqda “Twitter” hesabında da yazdı. Lakin daha sonra sildi. Dünən Qazaxıstanın DİN açıqladı ki, 8000 min nəfər, həmçinin 300 silahlı insan xaricə qaçanda tutulub. Bir məsələni də vurğulayıb ki, bunların çoxu xarici ölkə yəni, Qırğızıstan, Türkmənistan, Özbəkistan vətəndaşlarıdır. Daha sonra terrorçu adı ilə bir Qırğızıstan vətəndaşını tutdular. Amma sonradan məlum oldu ki, adam repçidi, yeni ildə Qazaxıstana gəlib. Nəticə etibarı ilə etiraz notası verildi və repçi azad oldu. İndi həm beynəlxalq arenanın, həm Qərbin, üstəgəl KTMT-nin ora gəlməsindən narahat olduğuna görə düşünürəm ki, Tokayev artıq səhv addım atdığını anlayır. Zənnimcə, Tokayev Qazaxıstana terror hücumunun təşkil olunması ilə bağlı sübutların dünya ictimaiyyətinə təqdim olunacağını deməklə ,KTMT-nin Qazaxıstana gəlməsinə haqq qazandırmaq, Qərbdən gələn təzyiqi, daha sonra olacaq təzyiqlərdən sığortalanmaq üçün atdığı addımdır. Orada silahlı insanlar ola bilər, istisna deyil. Amma rus ordusunun ölkəyə gətirilməsi üçün bu bəhanə ola bilməz. Ona görə də Qazaxıstanda Rusiyaya qarşı bir cəbhə açılıb. Düşünürəm ki, Tokayevin indiki çıxışı onun səhv addım atdığından irəli gəlir. 250 minlik ordusu olan hökumət bunu etməməli idi. Hətta Çin də buna öz narazılığını bildirib. Terrorçu məsələsinə gəldikdə isə ölkədə bu qədər terrorçu olacağına inanmıram”.
F. Söhrabqızı
Baku Post