“Uşağın tərbiyəsində ilk sosial mühit ailə, uşaq bağçaları, məktəblərdir. Bu baxımdan da tərbiyə prosesində biz çoxtərəfli iştirakı nəzərdən keçirməliyik. Və bu bir-biri ilə sıx əlaqədardır. Hazırda ailələrdə valideyn-övlad, məktəblərdə isə müəllim- şagird, şagird-şagird ünsiyyətində bir çox problemləri müşahidə edirik. Bununla bağlı bir sıra müzakirələr və ictimai dinləmələr də keçirilir. Qeyd etmək lazımdır ki, hazırda Təhsil Nazirliyi tərəfindən müəyyən layihələr reallaşdırılır. Bu layihələr imkan verəcək ki, bəzi narahatedici məsələlər aradan qalxsın”.
Bu fikirləri
Bakupost.az -a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova deyib.
Millət vəkilinin sözlərinə görə, məktəb psixoloqlarının hazırlıq səviyyəsi ilə yanaşı, həm də onların sayının artırılması məsələsi də aktualdır. Çünki, bəzi məktəblərdə psixoloqun sayı ilə şagirdlərin sayı tərs mütənasibdir. Digər tərəfdən pedaqoqların fənn bilik və bacarıqları ilə yanaşı, pedaqoji və psixoloji bilik və bacarıqlarının da qiymətləndirilməsi vacibdir: “Digər tərəfdən valideynlərin məsuliyyəti məsələsini yaddan çıxarmamalıyıq. Əfsuslar olsun ki, bəzən valideyn övladına verdiyi tərbiyə neqativ təsirlərlə müşahidə olunur. Müəllimə, öz sinif yoldaşına münasibətdə aqressiv olurlar. Şagirdlərin müxtəlif yaş keçid dövrlərində davranışlarında dəyişikliklər olur. Bu dəyişikliklər onun şəxsiyyət kimi formalaşmasına həm müsbət, həm də mənfi təsir edə bilər. Bunun üçün həm valideyn, həm də müəllim birgə hərəkət etməlidir. Nəzərə alsaq ki, hazırda biz açıq informasiya cəmiyyətində, İKT-nin inkişaf etdiyi bir zamanda yaşayırıq, o zaman bu məsuliyyət daha da artır. Bu baxımdan uşaqlara qarşı diqqətli və həssas yanaşmalıyıq. Onların etdiyi səhvləri elə izah etməliyik ki, şəxsiyyətləri əzilməsin. Biz onları özünəinamlı tərbiyə etməli, eyni zamanda, həmyaşıdlarına, böyüklərə hörmətlə, dözümlə yanaşmağı öyrətməliyik. Xüsusilə sosial şəbəkələrin, internet oyunlarının uşaqlar, yeniyetmələr arasında aqressiyanın, depressiyanın, digər xoşagəlməz halların artmasına səbəb olur. Bəzən valideyn fikirləşir ki, uşaq evdədir, kompüterdə, planşetdə, telefonda nəyəsə baxır, oynayır. Ancaq o fikirləşmir ki, onun övladı elə ən böyük təhlükə ilə üz-üzədir, bu oyunlar, informasiyalar uşaqların psixikasına çox sürətlə təsir edir. Ona görə də informasiya təhlükəsizliyi məsələsinə ciddi fikir vermək lazımdır, valideynlər bu məsələdə xüsusi olaraq məsuliyyətli davranmalıdırlar”.

Hicran Hüseynova bildirib ki, 2018-ci ildə qəbul olunan və 2020-ci ildə qüvvəyə minən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tətbiqi ilə bağlı olaraq 2020-ci ilin iyul ayında Nazirlər Kabineti tırıfindən “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiq edilib. Artıq dünyanın bir çox ölkələrində bu qaydalar tətbiq olunur. Ölkəmizdə də bu sahədə işləri gücləndirmək lazımdır. Eyni zamanda, valideyn komitələrinin, şuralarının və digər oxşar birliklərin fəaliyyəti yenidən nəzərdən keçirilməli, xüsusilə təlim-tərbiyə işlərinə önəm verilməlidir. Valideynlə məktəb arasında daha sız əlaqələr yaradılmalıdır. Bu işdə bələdiyyələri cəlb etmək olar, onlar ailələrə ən yaxın qurumdurlar, ərazidə hər bir ailə, uşaq haqqında məlumatları olur. Bələdiyyələr kritik və həssas vəziyyətdə olan ailələr, onların uşaqları ilə söhbət apara bilərlər, psixoloq və ya sosial işçiləri, ərazidə fəaliyyət göstərən müvafiq QHT nümayəndələri, hətta hüquq-mühafizə orqanlarında uşaq inspektorlarını dəvət etməklə profilaktik işlər aparmaq olar. Burada KİV-in də üzərinə məsuliyyət düşür, Hazırlanan xəbər və yazılarda uşaqların hüquqları mütləq şəkildə qorunmalı, qanunvericilikdən irəli gələn qaydalara riayət edilməlidir. Televiziya kanallarında maarifləndirici proqramların sayı artırılmalı, ekspertlərin iştirakı ilə daha maraqlı, dinamik verilişlər hazırlanmalıdır.
Sevinc
BakuPost