Xəbər verdiyimiz kimi, bugünlərdə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə ölkədə içməli suyin maya dəyərindən ucuz qiymətə satıldığını bildirib.
O qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, hazırda dövlət tərəfindən tənzimlənən qiymətlərin artması insanların sosial vəziyyətinin daha da gərginləşməsinə səbəb olur:
"Onsuz da inflyasiya fonunda əhalinin real gəlirləri azalıb. Bu məqamda kommunal xidmətlərin, içməli suyun qiymətinin artması insanların sosial vəziyyətini daha da ağırlaşdırar. Qiymət artımı ilə əlaqəli olaraq günü-gündən insanların sosial problemlərinin artdığının şahidi oluruq”.
Ekspertin dediyinə görə, hazırki məqamda ölkədə nə içməli suyun, nə təbii qazın, nə elektrik enerjisinin qiymətinin artırılmasına ehtiyac var:
“Qaz, neft Azərbaycanın daxili sərvətləridir. Su da Azərbaycana məxsus olduğuna görə ödənişsiz əldə edilir. Xərc ancaq yığılıb çatdırılmasına çıxır. Bu xərcləri də müəyyən qədər azaltmaq olar. Xırda xərclərə görə içməli suyun qiymətini qaldırmaq olmaz”.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə dövlət xidmətləri və məhsulu ortaya çıxaran əmək qüvvəsinin qiyməti çox yuxarıdır:
"Azərbaycanda iqtisadi faktorlar əsasında maya dəyərini hesablamağa və müqayisə etməyə başlasaq, əmək qüvvəsi həmin ölkərə nisbətən qatqat aşağıdır. Eyni zamanda suyun keyfiyyəti və onun təmin edilməsinə çəkilən xərclər də aşağıdır. İnkişaf etmiş ölkələrin çox ciddi standartları var. Bu standartlar çərçivəsində suyun təmizlənməsi və başa gəlməsi xərcli bir prosesdir. Azərbaycanda isə bu yoxdur. Əgər olsa belə, bu, demək olar ki, çox aşağı səviyyədədir".
Ekspert hesab edir ki, təbii resurslardan səmərəli istifadə ilə bağlı qanunvercilliyin tələbləri reallaşmaldır:
"Azərbaycanda bunun üzərindən keçilir. İndiki halda suyun qiymətinin qaldırılması məqsədəuyğun deyil. Qiyməti qaldırmaq olmaz. Bəzən fərqli ölkələrlə müqayisələr aparılır və nəticədə qiymətlərin yüksək olduğu bildirilir. Ədalətli müqayisə isə ondan ibarətdir ki, hər bir ölkənin ailə təsərrüfatı və hər bir fərdə düşən suyun dəyəri onun aylıq orta gəlirinin nisbəti qədərdir. Minimum əmək haqqına və pensiyaya olan nisbət müqayisə olunmalıdır”.
Qeyd edək ki, artıq “Azərsu” ASC içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət etmədiyinji və belə bir müraciətin nəzərdə tutulmadığını bildirib.
“Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Şuranın 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Sevinc
BakuPost
Su əhaliyə maya dəyərindən on dəfə artığına satılır.Büdcəni doldurmaq üçün təkcə havanın satışı qalıb.Ona da hesablayıcı qoyub baha qiymətə satmaq olar.Havasız qala bilməyib insanlar olan-qalanını satıb verər hökumətə.