Bu gün bəşəriyyətin ən qlobal problemlərindən biri də iqlim dəyişiklikləri və ekoloji çirklənmədir. Yaşıl dünyamızın boz çöllərə dönmə təhlükəsi bütün dünyanı narahat edir. Bu təhlükənin aradan qaldırılması üçün mübarizə aparılsa da, problemlər hələ də qalmaqdadır.
Bu gün dünyada insan ayağının dəydiyi hər yerdə müəyyən dərəcədə ekoloji böhran mövcuddur. Günümüzdə çoxalmaqda olan fabrik və zavodlardan havaya buraxılan zəhərli qazlar, nəqliyyatıın fəaliyyəti, hərbi əməliyyatlar nəticəsində təbiətə atılan tullantılar, sulara axıdılan zəhərli qarışıqlıqlar və s. bu böhranın yaranmasında ciddi rol oynaıyr.
Dünyada təbii nemətlərin sürətlə azaldığı, münaqişələrin sayının artdığı bir dövrdə insanların yaşıl dünya naminə həmrəy olması bütün bəşəriyyətin gələcəyini xilas edə biləcək ən düzgün seçimdir. Axı, dünyamızı yaşadan onun "ağciyərləri", bizim qorumalı olduğumuz ağaclardır.
Bütün dünyada olduğu kimi bu problem ölkəmizdə də mövcuddur. Onun həlli üçün ətraf mühitin təmizlənməsi işləri görülür, ağacəkmə aksiyaları həyata keçirilir, bir sözlə, təbiətin qorunması hər zaman gündəmdə saxlanılır.
Bu gün COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkəmizə böyük etimadın göstəricisidir. Bu, eyni zamanda iqlim dəyişmələrinin qarşısının alınması işində dünyanın Azərbaycandan ciddi gözləntilərinin olduğundan xəbər verir. Məhz bu səbəbdən Prezident İlham Əliyev yaşıl dünya naminə həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ili ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Cənab Prezidentin 25 dekabr 2023-cü il tarixində verdiyi bu sərəncam insanları yaşıl dünya naminə həmrəy olmağa səsləyir.
Yaşıl dünya naminə həmrəylik hərəkatının media tərəfindən işıqlandırılmasının olduqca əhəmiyyətli rolu vardır. Belə ki, sayt, qəzet və jurnallarda “Yaşıl dünyamız” başlıqlı məqalələrlə insanlara bu qlobal problemin öhdəsindən birlikdə gəlməyə çağırış edilir.
Ulu Öndər Heydər Əliyevin vaxtilə yaşıllıqların qorunması ilə bağlı söylədiyi fikirlər bu günlərdə xüsusilə aktualdır. O demişdi ki, 1993-cü ildə Bakıya gələrkən ağacların kəsilməsini görərndə elə bildim ki, məni yaralayıblar:
"Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir. İnsan qurmalıdır, yaratmalıdır. Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, təbiəti qorumaq, yaşıl dünyamıza sahib çıxmaq bizim hər birimizin borcumuzdur. Buna görə də bizim olanı qorumalı, dəyərini bilməli, bizə bəxş edilən bu gözəlliyi məhv etməməliyik.
Ulu Öndərin layiqli davamçısı olan İlham Əliyev yaşıl dünyamızın əsrarəngiz parçası olan Qarabağı erməni işğalından azad edib, onu yenidən çiçəkləndirməklə ata vəsiyyətini yerinə yetirdi. Cənab Prezident Qarabağın bərpası ilə yanaşı, bütövlükdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların qorunması və sayının artırılmasının daim qeydinə qalır. Elə məhz buna görə də o, bu istiqamətdə xeyli qərar və sərəncamlar verir. 2010-cu il isə onun sərəncamı ilə “Ekologiya ili” elan edilmişdi.
Təbiətin mühafizəsinin gücləndirilməsi, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində kütləvi informasiya vasitələrinin (KİV) üzərinə mühüm vəzifə düşür. Bu gün yaşıl dünya naminə ölkəmizdə keçirilən aksiyalar, konfranslar, tədbirlər bir sözlə, təbiətin qorunması istiqamətində görülən bütün işlər məhz elə media tərəfindən uğurla işıqlandırılır. Bu gün sayt, qəzet, radio və televiziyalarda insanlar yaşıl dünya naminə həmrəy olmağa səslənir.
Əgər bu gün vətəndaşlarımızın hər birinin COP29-a hazırlıq istiqamətində görülən işlərədn xəbəri varsa, bu, elə dayanmadan çalışan medianın uğurudur.
Media işçiləri, jurnalistlər yaşıl dünya naminə həmrəy olmaqla ictimaiyyətə nümunə olmağa çalışırlar. Bu istiqamətdə çalışan media nümayəndələrinin ən yaddaqalan işlərindən biri də Heydər Əliyev Fondunun uğurlu layihəsi olan “Hərəyə bir ağac əkək” adlı aksiyada böyük həvəslə iştirak etmələri olub. Cəmiyyətin güzgüsü rolunu oynayan media belə addımları ilə bir daha insanlara ağac əkməyin, sağlam gələcəyin vacibliyini əyani olaraq, göstərmiş olur.
Peşəsindən asılı olmayaraq hər bir kəs bəşəriyyətin xilası yolunda həmrəy olmalı, yaşıl dünyamızın qorunması uğrunda mübarizə aparmalıdır. Bu gün əkilən hər bir ağac, sabah sağlam nəfəs ala biləcək bir candır. Gəlin gələcək nəsillərə yaşana bilən bir dünya miras qoymaq uğrunda həmrəy olaq!
Gülbəniz Bayramova
Ugurlarin bol olsun Aferin cox gozel nuanslara toxunmusuz
Əhsən, çox gözəl mövzuya toxunmusan, uğurlar
Ugurlar can
Əziz dostum uğurların davamlı olsun afərin
Cop 29a aid oxuduğum ən yaxşı məqalələrdən biridir. Uğurlar Gülbəniz xanım.
Halaldı gözəl qızım sənlə razıyıq dünyamızı hər zaman təmiz.və gözəl saxlamalıyıq.
Cox gozel meqaledi.Ehsen, Gulbeniz xanim.