Ru
14:21 / 12 Yanvar 2022

Yeniyetmələrin videooyun asılılığı - Real həyatdan virtual uçuruma doğru

16332
Yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib. Videooyunlardan asılılıq bu ildən qüvvəyə minən Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib. Müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq. Təşkilatın məlumatına görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Virtual oyunlardan asılılıq mövcud olduğu halda insan onları digər maraqlardan və gündəlik fəaliyyətdən üstün tutur. Oyun asılılığı simptomları uzun müddət ərzində həm fasiləsiz inkişaf edə, həm də mütəmadi yarana bilər.

Azərbaycanda da videooyunlara aludə olan insanların, xüsusən də yeniyetmələrin sayı günü-gündən artır. Videooyunların mobil versiyalarının tətbiqi, internetin əlçatanlığı isə bu rəqəmi daha da artırır.

Yeniyetmələrin videooyunlardan asılılığı valideynləri də narahat edən əsas problemlərdəndir.



Övladının videooyun aludəçiliyindən şikəyətlənən valideyn Süsən Abbasova Bakupost.az -a deyib ki, oğlu 11-ci sinifdə təhsil alır. Videooyunlara maraq onda iki il bundan öncə yaranıb. Əvvəllər ara-sıra oynasa da, sonradan bu daimi hal alıb. Hazırda isə asılılıq halına çevrilib. Oyun oynamasa dayana bilmir: “Boş vaxt tapanda, hətta gecə gec saatlara kimi oyun oynayır. Dəfələrlə öyüd-nəsihət verməyimizə, videooyunlara baxmağı ona qadağan etməyimizə, hətta cəzalandırmağımıza baxmayaraq, onu bu vərdişdən uzaqlaşdıra bilməmişik”.

Valideyn Şəbnəm Əliyeva bildirib ki, övladı günün 6-7 saatını videooyunlara baxmağa sərf edir. Bütün fikri, diqqəti ancaq oyunda olur:

“Hətta videooyunlara o qədər aludə olur ki, ətrafında olan insanlarla dialoqdan yayınır, onda diqqətsizlik və fikir dağınıqlığı yaranır . Həmçinin real həyata adaptasiya olabilmir. Onun bu oyun aludəçiliyi valideyn olaraq məni çox narahat edir. Bütün fikri oyunda olduğu üçün dərs oxumağa da yetərincə zaman ayırmır. Qarşıdan qəbul imtahanları gəlir. Qorxuram ki, oyuna bu qədər bağlılığı onun qəbul imtahanında zəif nəticə göstərməsinə səbəb ola. Müxtəlif üsullardan, psixoloq dəstəyindən də istifadə etmişik. Övladım videooyun aludəçisi olduğu üçün cəhdlərimiz heç bir nəticə verməyib. O, müvəqqəti də olsa bunu dayandırsa da, çox keçmədən yenidən başlayıb”.

Mütəxəssislər hesab edir ki, videooyunlardan asılılıq insanlarda fiziki aktivliyi azaldır, onu real həyatdan, cəmiyyətdən uzaqlaşdırır, aqressivliyə, davranış pozğunluğuna gətirib çıxarır. Videooyunlara alüdəçilik həmçinin yeniyetmələrdə fikir dağınıqlığına, dərslərə marağın azalmasına səbəb olur.

Psixoloq Vəfa Əkbərin sözlərinə əsasən, internet, videooyun asılılığı dövrümüzün ən böyük psixoloji problemlərindən biridir. Bu asılılığa isə ən çox yeniyetmə və gənclər arasında təsadüf olunur. Çünki o yaş dövründə, istəkləri, maraqları kontrol etmək bir az çətin olur. Daha çox internet, videooyun asılılığı addeksiya adlandığı üçün bir sıra problemlər yaradır: “Həmin insanlarda davranış pozğunluğu, reallığı qəbul etməmə problemi, boşuna vaxt itkisi olur. Belə şəxslər kritik yanaşma ilə yanaşı öz davranışlarında da idarəetməni itirirlər. Onlarda aktivlik azalır, yuxu, qida problemi yaranır. Ya çox yeyir ya da qidadan tamamilə imtina edirlər. Beləliklə də psixoloji və fiziki asılılıq başlayır. Bu asılılıq nikotin, narkotik və alkoqol vasitələrdən asılılığa bənzəyir. Baxmayaraq ki, burada heç bir kimyəvi təsir yoxdur. Bu psixoloji asılılıqdır. Yeniyetmələrdə bu vərdişin yaranmasına səbəb isə həmyaşıdları ilə ünsiyyətdə olmamalarıdır. Ünsiyyətə girməyən, asosial və özünəqapanıq uşaqlar internetdən, videooyunlardan asılı olurlar. Çünki belə insanlar virtual həyatda özlərini daha konfortlu hiss edirlər”.



Vəfa Əkbər deyir ki, yeniyetməyə təzə telefon və kompüter alındıqda ilk bir ayda onların bu smart cihazlara marağı və həvəsi çox güclü olur. Bir aydan sonra bu maraq keçməzsə onda asılılığın ikinci mərhələsi başlayır. Yeniyetmə artıq videooyunlara 2-3 saat, bəzən isə daha artıq vaxt ayırır. Real dünyadan uzaqlaşıb sırf virtual həyata qapanma onun inkişafına, həyata marağının azalmasına səbəb olur. Tədricən onun davranışlarında emosional gərginlik, neqativ reaksiyalar müşahidə edilir. Növbəti, üçüncü mərhələdə yeniyetmə özünə nəzarəti itirməyə başlayır. Çox emosional olmaqla yanaşı tez həyəcanlanır, yüksək səslə danışır, valideynlərinə qarşı kobud davranış nümayiş etdirərək aqresiv olur. Onlar dərslərə, oxumağa maraq göstərmir, fikir dağınıqlığından, özünü ifadə etməkdə çətinlik çəkirlər. Əhval-ruhiyyəsi tez-tez dəyişir. Ən ağır, klinik asılılıq zamanı isə yetiyetmə vaxtının 16-18 saatını videooyun oynamaqla keçirir. Bu zaman onlarda inpulsivlik iitir, isterik davranışlar, özünəqapanma kimi hallar müşahidə olunur”.

Psixoloq bildirib ki, videooyun asılılığından əziyyət çəkən yeniyetmələrdə oyun proseslərinə (məsələn, başlanğıc, tezlik, intensivlik, müddət, sonlandırma, kontekst) nəzarət edilə bilməməsi halları yaranır. Oyunlara bağlılıq səbəbindən insanın digər maraqları və gündəlik fəaliyyətlərinin arxa plana keçməsi, neqativ nəticələrin üzə çıxması və oyunlara ciddi aludəçilik kimi psixi pozuntular müşahidə edilir.



Vəfa Əkbərin dediyinə görə, yeniyetmələrin maraq göstərdiyi videooyunlara valideynlər tərəfindən ciddi nəzarət olunmalıdır:

"Valideynlər övladlarının hansı oyunları oynadıqlarına mütləq şəkildə nəzarət etməlidir. Videooyunların mənfi təsirləri barədə uşaqlara məlumat verilməlidir. Mümkün qədər çox ünsiyyətdə olmaq, söhbətləşmək, onlarla daha çox vaxt keçirmək lazımdır. Uşağın boş vaxtını səmərəli şəkildə dəyərləndirilməlidir ki, o da videooyunlara maraq göstərməsin. Yox əgər yeniyetmədə videooyun alidəçiliyi varsa, valideyn çalışmalıdır ki, tənqid etmədən, cazalandırmadan övladını oyun asılılığından xilas etsin”.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər