Ru
11:32 / 07 Yanvar 2024

“Zarafat”dan “Çöldə öyüdlər”ədək.... - Eltən Qədimbəylinin 45 illiyinə

“Zarafat”dan “Çöldə öyüdlər”ədək.... - Eltən Qədimbəylinin 45 illiyinə
Eye

İqbal Məmmədəliyev
Yevlax TV MMC-nin baş direktoru,
ADMİU-nun müəllimi


Eltən Qədimbəylini düz 28 ildir tanıyıram. 1996-cı ildə birinci kursda oxuyanda, o ikinci kursda idi. Hiperaktiv tələbə idi. Bu aktivliyi ora-bura gedib gəzmək, əylənmək və tələbə avaraçılığı deyildi.





ADMİU-dan əvvəl Kimya-biologiya təmayüllü liseydə təhsil aldığını sonralar bilmişdim. Bəlkə də ali təhsil ocağında özünü necə aparacağı kimyəvi formullarda atomların nizamlı düzülüşündən formalaşmışdı. Bəlkə uşaq ikən Sədərəkdə Kərki uğrunda gedən döyüşləri seyr etmək xarakterinə təsir etmişdi. Çoxlarına ilk baxışdan kobud təsir bağışlayan adamın içində yatan məsum uşaq paklığını indiyə kimi qoruyub saxlayan bu adamın ərgənlik dövrü çətin zamanlara təsadüf etsə də, gənclik dövründə fürsətdən istifadə edib əvvəlki acıların dadını çıxarmağa tələsmədi. 90-cı illərin ortaları şəhər havası çox dəyişilmişdi. Gecə klubları, ağlı başdan alan diskotekalar, müxtəlif cərəyanlar – subkulturalar, metal rok dəbi, bəzi KİV-lərdə sevə-sevə təbliğ olunan “xarici həyat” köklü şəhər sakinlərini də az qala assimlyasiyaya uğratdığı bir zamanda salamat baş saxlamaq, Kubinkada yaşayıb narkoman olmamaq kimi çətin idi.


Sonradan Eltənlə liseydə tələbə yoldaşı olmuş rəssam Samir Həsənovu Yevlaxda tanıyanda fikirlərimi bir az da toparladım. Əslən Bərdənin Uğurbəyli kəndindən olan Samir atası Mirhüseyn Həsənovun yolunu seçib rəssam olmuşdu. Bakının başgicəlləndirən əyləncələri Samirə də təsir etməmişdi. Yenə də kimya... Üzvi kimyada oksigen, hidrogen, karbon və azotun birləşmələrindəki ahəng məni də heyran edirdi. Məktəbdə oxuyanda onların şəklini çəkməyi çox sevirdim. Ola bilər ki, bu düzümün ecazkarlığı Eltən kimi mənim də incəsənəti seçməyimə vəsilə olmuşdu.



“Bir vəziyyətə uyğunlaşa bilmirsənsə, alternativini özün yaratmalısan” prinsipi ilə Eltən yeni bir axın yaratmaq qərarına gələndə biz birlikdə idik. O vaxt Eltənin təşəbbüsü ilə ZARAFAT Studiyası yaratdıq. Qaranquşlar yuva qurduğu kimi biz də fikirlərimizi, ideyalarımızı reallaşdırmaq, ofisimizi açmaq üçün əşya və avadanlıqları evdən daşıyıb yeni ev qurmuşduq o vaxtlar. Studiyada çalışanların əksəriyyəti bu gün nəinki audiovizual mediada kifayət qədər tanınmış, hətta digər sahələrdə də öz sözünü demiş insanlardılar. Uzun sözün qısası, biz o vaxtlar boş-boş gəzib vaxt öldürmədik.




Universitetin tələbələri içində səs salıb çoxlarını ətrafımıza cəlb etdik. ZARAFAT Studiyasının açılışına tanınmış insanları, həmçinin də dekan və müəllimlərimizi dəvət edib yaradıcı işlərlə məşğul olacağımıza söz verdik. Onların bizə kömək eləməli olduqlarını boyunlarına qoyduq.


Kirayə götürdüyümüz və Eltənin aldığı videokamera ilə kiçik səhnəciklər çəkib televiziya üçün yumoristik idrak reportajları hazırlayırdıq. Bu proses dördüncü kursa kimi davam elədi. Sonra kimi hərbi xidmətə çağırıldı, kimi sənətdən ayrıldı, kimi müğənni, kimi şair oldu, kimisi də televiziyada işləməyə getdi...




Bir vaxt gördüm ki, Eltən Lənkəranda Cənub Regional Televiziyasının rəhbəridir. Taleh elə gətirdi ki, az sonra mən də həmin strukturda televiziya direktoru kimi məsul vəzifəyə təyin olundum. Biz yenə də ünsiyyətdə olmağa başladıq. Gördüm ki, Eltənin içində tələbəlik illərinin aşıb-coşan enerjisi bir az da artıb. Həyatın müəyyən pillələrindən keçməklə əvvəlki fikirləri daha da mükəmməlləşib.


Adam Törəmizin araşdırmalarını aparır, sərçənin meşə yanğınına ağzında apardığı su damlası qədər Böyük Turan üçün töhfələr verir, əməli addımlar atır. Bir müddət sonra gələcəkdə uşaqlarımızın başqa subkulturaların əsirinə çevrilməməsi, öz Törəsini tanıyaraq “özündə” qalması üçün Çölçü axını dediyimiz yeni cərəyanı yaratdı. Müxtəlif təhsil ocaqlarından şagird və tələbələri Çölçü axınına dəvət edərək illərdir iş aparır bizim dostumuz Eltən Qədimbəyli. Son illər isə bütün bunları rəsmiləşdirərək Çölçü İctimai Birliyini təsis edib.




Uzun illərdir çox maraqlı televiziya layihəsini, “Çöldə yaşam öyüdləri” silsiləsini hazırlayır. Bu layihə bəlkə də audiovizual məkanımızda yeganə nümunədir ki, müəllif say-seçmə qonaqlar dəvət edir. Ona görə belə edir ki, gələcəkdə zaman dəyişəndə hansısa buraxılışını arxivləşdirib lazımsız iş kimi kənara qoymasın. Gündəmdən danışıb çoxlu baxış sayı qazanıb reytinqə görə çalışmaq deyil onun məqsədi. Daha böyük hədəflərə tuşlanmış, dövlətin yumşaq güc siyasətində yardımçı olaraq gələcək Turanda Azərbaycanı yüksək zirvədə görməkdir arzusu.


Biz indi əvvəlki tələbələr kimi deyil, şirkətlər kimi daha geniş sferada münasibətlərimizi davam etdirsək də, dostluğumuz da gördüyümüz işlərə çalar verir. Eltənin rəhbəri olduğu Qafqaz TV və ELTV media partnyoru kimi Bakıda təmsil olunur. Hər iki televiziyanın təşəbbüsü ilə praktik tədris kursunun ilk tələbələrinə 3 ay müddətində dərslər keçib çağdaş mediamız və kanallarımız üçün kadrlar hazırlamaq niyyətindəyik.




Daha çeşidli əyləncələr, səyahətlərin əlçatanlıq imkanları 28 il əvvəlkindən qat-qat üstün olsa da, yenə də özünü ötəri hisslərə qurban verməyərək bəlkə də 50 il sonraya hesablanmış daha ali duyğu ilə insan mühəndisliyinin konsepsiyasını tamamlamaq üzərində çalışır. Bir insan ömrünün yetməyəcəyi böyük hədəflərə varmaq üçün 45 illik ömür yolu hələ başlanğıcdır. Bu yolda Eltənə möhkəm cansağlığı, aydınlıq, duruluq və dirilik diləyirəm. Qutlu olsun!





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar