Xəbər verdiyimiz kimi, ABŞ, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı danışıqları irəlilətməyə hazır olduğunu bildirib. “Middle East Eye” yazır ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak ölkəsinin Zəngəzur dəhlizinin 100 illik icarəyə verilməsini təklif etdiyini bildirib.
“Məqsəd Bakının uzunmüddətli və güclü təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini təmin etmək, eyni zamanda İrəvanın dəhliz üzərində suverenliyini qorumaqdır”, - deyə Barrak bildirib.
Nəşr vurğulayır ki, Ermənistan marşruta nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir.
Diplomatik mənbə nəşrə bildirib ki, bu ideya ilk olaraq Türkiyədən gəlib.
Bəs bu təklif Azərbaycanın maraqlarına uyğundurmu?
Mövzu ilə bağlı
Bakupost.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı təklifi ilkin mərhələdə qeyri-rəsmi məlumat kimi yayılmışdı:
“Sonradan ABŞ-nin Türkiyədəki səfiri bu məlumatı təsdiqlədi. Hətta əlavə etdi ki, ABŞ şirkəti Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək niyyətindədir. Bu, sadəcə bir təklifdir. Üstəlik, o da vurğulandı ki, guya bu təklif Türkiyə tərəfindən gəlib".
Politoloq hesab edir ki, Ermənistan tərəfi bu təklifə açıq şəkildə etiraz etdiyindən, hazırda Azərbaycanın mövqe bildirməsinə ehtiyac yoxdur:
“Çünki zatən Ermənistan bu təklifə etiraz edir. Əgər bu təklifin reallaşma ehtimalı olsa, o zaman Azərbaycanın münasibət bildirməsinə ehtiyac yarana bilər. Amma ümumi şəkildə bu təklifin Azərbaycana heç bir aidiyyəti olmamalıdır”.
E.Xalidbəylinin sözlərinə görə, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi tamamilə aydındır və bu mövqedə üçüncü tərəflərin iştirakına yer yoxdur:
“Azərbaycan ona aid bütün nəqliyyat-kommunikasiya xətlərini özü idarə etmək niyyətindədir və bu məsələdə nə ABŞ-yə, nə Avropa Birliyinə, nə də Rusiyaya ehtiyacı var. Bu baxımdan, təklif hələlik Azərbaycana birbaşa təsir göstərmir. Çünki söhbət Zəngəzur dəhlizinin açılması ehtimalından gedir və bu da Ermənistan ərazisinə düşür. Məhz Ermənistan bu barədə düşünməlidir. Yəni Azərbaycan öz ərazisində istənilən xarici ölkənin, üçüncü tərəfin təmsilçiliyini qəbul etmək niyyətində olmadığını qətiyyən gizlətmir. Hesab etmək olar ki, bu məsələ hələ tam müzakirə olunmayıb və gündəmə yenicə gətirilib. Əsas məqsəd Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı anlaşmalar əldə olunarkən və bu proses inkişaf edərkən bütün bu məsələlərin böyük ehtimalla həll olunacağı və Azərbaycanın maraqlarının təmin ediləcəyi gözlənilir”.
Lalə,
BakuPost