Mərkəzi Bank tərəfindən faiz dərəcəsinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Uçot dərəcələri 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib. Qərar sabahdan qüvvəyə minəcək.
Bakupost.az xəbər verir ki, Mərkəzi Bankın qərarını Modern.az-a şərh edən Milli Məclisin deputatı
Vüqar Bayramovun sözlərinə görə, qərarın verilməsi bir tərəfdən inflyasiyanın proqnozlaşdırılan diapazonda dəyişməsi, digər tərəfdən isə qlobal iqtisadiyyatda və xüsusilə valyuta bazarındakı stabilliklə bağlıdır.
Rəsmi açıqlamada deyilir ki, faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qərar qəbul edilib.
Deputatın sözlərinə görə, 2025-ci ilin geridə qalan dövründə həm valyuta bazarında, həm də makroiqtisadi səviyyədə stabillik qorunub saxlanılıb, bu baxımdan Mərkəzi Bankın faiz dərəcələrinə yenidən baxması və müəyyən düzəlişlər etməsi zəruri olub.
O həmçinin bildirib ki, eyni zamanda, inflyasiyanın proqnozlara uyğun olaraq sabit qalması da faiz dərəcəsinə aid parametrlərdə dəyişikliklərin edilməsini mümkün edib.
“Qeyd etmək lazımdır ki, söhbət cəmi 0.25 faiz bəndi həcmində dəyişiklikdən gedir, bu da kəskin və ya ciddi dəyişiklik hesab olunmur. Lakin ilkin mərhələdə bu qərarın kredit bazarına əhəmiyyətli təsir göstərməsi gözlənilmir. Ümumilikdə, Mərkəzi Bankın qərarlarının sosial sahələrə, o cümlədən kredit faizlərinə təsir gücü yüksək qiymətləndirilmir”.
V. Bayramov əlavə edib ki, bu baxımdan, Mərkəzi Bankın faiz dərəcəsi üzrə parametrlərinin daha fəal şəkildə tənzimlənməsi və maliyyə bazarlarına təsir imkanlarının artırılması vacibdir:
“Təəssüf ki, son dövrlərdə xüsusilə istehlak kreditlərində artım müşahidə olunmaqdadır. Bu kreditlərin faizlərində də artım qeydə alınır ki, bu da problemli kreditlərin həcminin genişlənməsi və vətəndaşların kredit öhdəliklərinin artması baxımından arzuolunan deyil”.
Deputat onu da qeyd edib ki, bu səbəbdən, Mərkəzi Bankın son qərarı valyuta bazarındakı mövcud tarazlığa uyğun şəkildə qəbul edilib. Lakin hazırda Mərkəzi Bankın sosial seqmentə, xüsusilə də kredit faizlərinə və digər maliyyə alətlərinə təsir imkanları yüksək qiymətləndirilmir.