Paytaxt Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin əsas problemlərindən biri də bəzi avtobusların müəyyən edilmiş hərəkət sxeminə düzgün riayət etməməsi ilə bağlıdır.
Marşrutdan kənara çıxma sərnişinlərin gündəlik gediş-gəlişini çətinləşdirir. Eyni zamanda, bu məsələ sərnişinlərin mənzil və ya iş başına çatmasında vaxt itirməsi ilə nəticələnir.
Sərnişinlər bildirir ki, 202 və 45 saylı marşrut avtobuslarının sürücüləri vaxtaşırı olaraq bu qaydanı pozurlar.
Bakupost.az xəbər verir ki, AZƏRTAC qeyd edilən problemi araşdıraraq həmin avtobusların daşıyıcılarından münasibət öyrənib, eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də bununla bağlı sorğu ünvanlayıb.
“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, noyabrın 21-də 45 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən avtobusların təyin edilmiş trayektoriya ilə hərəkəti təmin edilib:
“Belə ki, bir neçə ay idi Binəqədi rayonu Binəqədi şosesində və digər küçələrdə kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar qazıntı işləri aparılırdı. Bu səbəbdən bəzi istiqamətlərdə hərəkət məhdudlaşmış və ya çətinləşmişdi. Lakin noyabrın 20-də işlər başa çatdırılıb və həmin gündən xətt üzrə avtobusların müvafiq qərarla təyin edilmiş hərəkət sxemi üzrə fəaliyyəti bərpa edilib”.
“Çinar Trans” MMC-nin direktoru İsmayıl Hüseynov bildirib ki, 202 saylı marşrut yalnız metronun “Gənclik” stansiyasından Fətəli xan Xoyski küçəsi istiqamətində metronun “Nərimanov” stansiyasına gedən yolda axşam günün pik saatlarında tıxac olduğu halda hərəkət istiqamətini dəyişir:
“Avtobus qalan istiqamətlərdə öz hərəkət sxemində yolunu davam etdirir. Bütün hallarda, sərnişinlər digər istiqamətlər üzrə hərəkət sxeminin pozulmasını müşahidə edirsə, bu məsələ tərəfimizdən araşdırılacaq”.
AYNA-dan qeyd edilib ki, marşrut avtobusları tərtib olunmuş sxem və qrafik üzrə hərəkət etməlidir.
Bildirilib ki, qeyd edilən marşrutların daşıyıcılarına marşrutların nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı xəbərdarlıq ediləcək.