Bakıda bir qrup şəxs 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqlabının 108-ci ildönümünü qeyd edib.
Bakupost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, həmin şəxslər daha sonra “aksiya”nın fotolarını sosial şəbəkədə yayıblar.
Sosialist inqilabının xiffətini çəkənlərin harada toplandıqları məlum olmasa da, yayılan görüntülərdə saylarını müəyyənləşdirmək mümkündür: cəmi beş nəfər.
Amma işin təhlükəli tərəfi başqadır. İnqilabı unutmayanlar nədənsə aksiyaya gələndə özləri ilə Azərbaycan bayrağı götürməyi yaddan çıxarıblar. Ona görə də onların əlində ancaq SSRİ və Azərbaycan SSR-nin bayraqları olub. “Aksiyada” həmin bayraqlar “dalğalanıb”.
“Aksiyada” kimlərin çıxış etdiyi, nə danışdıqları da məlum deyil. Lakin Azərbaycan bayrağı qaldırmağı özlərinə rəva görməyənlərin, hansı fikirdə olduqlarını təxmin etmək çətin deyil.
Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov “Yeni Sabah”a açıqlamasında bildirib ki, Oktaybr inqilabının ildönümü dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da qeyd olunur:
“Noyabrın 7-də Böyük Oktyabr Sosialist İnqilabının 108-ci ildönümü olub. Həmin əlamətdar hadisə dünyanın bir sıra ölkələrində, o cümlədən Çin, Şimali Koreya, Kuba, Laos və Vyetnamda, həmçinin keçmiş sovet respublikaların əksəriyyətində qeyd edilmişdir. Həmin bu tarixi hadisə Azərbaycanda da xatırlanıb.
Amma tədbirin keçiriləcəyi barədə mənim məlumatım olmayıb və dəvət də olunmamışam. “Коммунистическая Партия Азербайджана - Azərbaycan Kommunist Partiyası” qrupunda paylaşılan fotolar sosial şəbəkə istifadəçilərindən götürülüb. İcazə məsələsinə gəldikdə isə Konstitutsiya ilə insanların sərbəst toplaşma azadlığı var. Mən həmişə bildirmişəm ki, sovet tarixi ilə bağlı bütün tədbirlərdə, öncə müstəqil Azərbaycan Respublikasının bayrağı dalğalanmalıdır. Sovet Azərbaycanı ilə mütərəqqi tarixi hadisələr keçmişimizin dəyərli səhifələrini unutmamağa xidmət etməlidir”.