Ru
23:11 / 25 Noyabr 2025

Əhalimiz azalır: Bu ailələrə yardım paketi olacaq?

Əhalimiz azalır: Bu ailələrə yardım paketi olacaq?
Eye

Azərbaycanda son illərdə təbii artımda ciddi ləngimə müşahidə olunur. İllik demoqrafik dinamika əvvəlki illərlə müqayisədə xeyli zəifləyib və əhali artımında geriləmə qeydə alınıb. Belə şəraitdə çoxuşaqlı ailələr üçün tətbiq olunan sosial imtiyazların genişləndirilməsi demoqrafik siyasətin vacib elementinə çevrilə bilər.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev ölkədə 5 uşaqlı ailələrə şamil edilən imtiyazların 3 uşaqlı ailələrə də tətbiq edilməsi təklifini şərh edərkən deyib.

“Son 5 ildə ümumi əhalimiz təxminən 39 min nəfər azalıb. 2023-cü ildə təbii artım 15% aşağı düşmüşdü, 2024-cü ildə də oxşar tendensiya davam etdi. Sosial Xidmət haqqında Dövlət Proqramının Preambulasına da demoqrafik ləngimə açıq şəkildə daxil edilib. Son 22 ildə əhali cəmi 26,4% artıb, amma ahıl insanların sayı 40% yüksəlib. Bu, çox böyük fərqdir və ölkənin qocalma riski ilə üzləşdiyini göstərir”, - ekspert bildirib.

Onun sözlərinə görə, hazırda 5 və daha çox uşağı olan ailələrin sayı çox azdır və bu da demoqrafik dirçəliş üçün yetərli baza yaratmır:

"2019-cu ildə 5 və daha çox uşağı olan ailələrin sayı cəmi 16 min idi, bu rəqəm indi daha da azalıb. Əgər dövlət statistik olaraq təbii artımda ciddi geriləməni təsdiqləyirsə, stimullaşdırıcı mexanizmlər qaçılmazdır. 5-dən çox uşağı olan ailələr üçün nəzərdə tutulan imtiyazların 3 uşaqlı ailələrə də şamil edilməsi insanların ailə planlamasına təsir edəcək. Bu, demoqrafik təşviq alətlərindən biridir".

Sosioloq əlavə edib ki, Türkiyədəki kimi hər uşağa görə diferensial sosial müavinət sistemi də tətbiq edilə bilər. Onun fikrincə, belə alətlər orta və uzunmüddətli dövrdə əhali artımını canlandıra bilər.

Şəfiyev eyni zamanda dövlət üçün yarana biləcək maliyyə yükünə də toxunub:

“3 uşaqlı ailələrin sayı daha çox olduğundan, təbii ki, dövlət üçün əlavə maliyyə xərci yaranacaq. Amma bu, strateji prioritetdir. İnsan kapitalı güclü olmayan ölkənin iqtisadi inkişafı da zəifləyir. Əhalinin qocalması əmək resurslarının azalmasına və iqtisadi yavaşlamaya gətirib çıxara bilər. Ona görə bu sahədə uzunmüddətli, dayanıqlı tədbirlər görülməlidir”.

Sosioloq sonda əlavə edib ki, əhali artımını qorumaq və gücləndirmək üçün həm sosial müavinətlərin diferensial şəkildə bərpası, həm də çoxuşaqlı ailə statusunun genişləndirilməsi vacib addımlardan biri ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar