Ru
15:35 / 23 Noyabr 2021

Bakıda tıxac probleminin həlli mümkün deyil, çünki... - Ekspertlərdən ŞƏRH

9319

Artıq illərdir ki, tıxac məsələsi Bakının əsas problemlərdən birinə çevrilib.


Bu sıxlıq yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, hətta şəhərin istənilən yerində, istənilən saatında yaranır. Dəfələrlə bu barədə mətbuatda, sosial şəbəkələrdə yazılıb, müzakirələr aparılsa da dəyişən bir şey yoxdur.
Hətta şəhərin hansısa bir yolunda qəza baş verərsə, bu demək olar ki, bütün yollardakı hərəkətə təsir edir, sıxlıq yaradır.

Məsələn, ötən gün Bakı-Sumqayıt yolunda yük avtomobilinin (TIR) aşması nəticəsində paytaxtın bir çox yerində saatlarla tıxac yarandı.



Maraqlıdır ki, bir maşının aşması ilə niyə Bakının şimal hissəsində nəqliyyat tamamilə iflic olur?

Aidiyyəti qurumlar nə üçün bu problemi öz üzərilərinə götürmək istəmirlər?


Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Bakıdan əhalinin bölgələrə yönəldilməsi istiqamətində addımlar atılmalıdır:


“İlk növbədə bölgələrdə sənaye infrastrukturunun qurulmasına, yaşayış şərtlərinin yaxşılaşdırılmasına ehtiyac var. İnsanların əksəriyyəti rayonlardan, bölgələrdən çörək pulu qazanmaq, işləmək üçün gəlirlər. Bu da Bakıda maşın sayının artmasına gətirib çıxarır.

Cəmiyyətdə ictimai nəqliyyat problemi var. Çünki metro və avtobusdan başqa ictimai nəqliyyatın alternativ və populyar növü yoxdur. Qatarlar da şəhərətrafı olduğuna görə yükü daşıyacaq imkana sahib deyillər. Digər tərəfdən, nəqliyyat vasitələrinin çoxalması da ciddi problem yaradır. Əgər əvvəllər bir ailədə bir nəqliyyat vasitəsi var idisə, indi bir çox ailələrdə iki nəfərin maşını var. Qadınların da son zamanlarda avtomobil idarə etməsi bu sayın artmasındakı əsas amillərdən biridir”.



Millət vəkili vurğulayıb ki, problem ciddi müzakirə edilib, konkret qərarlar qəbul olunmalıdır:

“İnsanlar 2-3 saat tıxacda qalaraq vaxt itkisi yaşayırlar. Bu baxımdan tıxac problemi gündəmin ən vacib məsələlərindən biridir. Hökumətin bununla bağlı konkret fəaliyyət proqramı açıqlanmalıdır. Bəzi ölkə və şəhərlərdə tək nömrə, cüt nömrə prinsipi günlər üzrə bölünür. Bəlkə buna keçmək lazımdır...?! Şəhərə daxil olarkən dayanacaqların sayının az, ictimai nəqliyyat potensialının zəif olması, avtobuslar üçün hərəkət zolağının ağıllı düşünülməməsi yollarda tıxaca gətirib çıxarır. Yəni avtobuslar üçün indiyə qədər ayrı yollar düşünülməli idi. Bu əvvəldən buraxılmış əsas səhvlərdən biridir”.

Hüquqşünas, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, təkcə Bakı yox, ümumiyyətlə Abşeron rayonunun bir neçə kənd və qəsəbəsi, Sumqayıtın yolları kifayət qədər yüklənib:



“Belə tıxaclar demək olar ki, çox olub. Lakin bu ciddi siqnaldır. Bakı-Sumqayıt yolunda yük avtomobilinin yükünün dağılması nəticəsində bütün zonanı, yəni Bakı şəhərinin şimal hissəsini Binəqədi şosesini, 20 yanvar dairəsini, Tbilisi prospektini, Moskva prospektini bir sözlə hər yeri iflic edib. Deməli, o qədər ifrata yaxın yüklənmə var ki, bir qəza olan kimi hər yerdə aləm bir-birinə qarışır.

İk növbədə dəqiq nəqliyyat infrastruktur siyasəti  yaxud strategiyası qurulmalı və bu məsələ ilə bir neçə qurumlar məşğul olmalıdırlar. Hətta yollar tikilsə, yaxud genişləndirilsə, fərqli yol qovşaqları, yəni körpü, tunel tikilsə də alınmayacq. 2005-ci ildən bu günə qədər bu istiqamətdə işlər görülüb. Məsələn, Bakı-Sumqayıt yolu 2005-ci ildən ən azı 3 dəfə genişləndirilib, çoxlu körpülər, tunellər tikilib amma yenidən bir qədər boşluq yaranıb. Bir-iki ildən sonra yenidən yollarda ifrata yaxın yüklənmə baş verib.

Yeganə çıxış yolu şəhərsalmadakı problem aradan qalxmalı və əsas hədəf ictimai nəqiliyytın inkişafı olmalı,  velosipedin real nəqiliyyata çevrilməsi və mikro mobilliyə diqqət artırılmalıdır.”

Ekspert qeyd edib ki, metropoliten şəbəkəsi sürətlə genişləndirilməlidir:

“Avropada, Yaponiyada, Bakı və yaxud Abşeron aqlomerasiyası kimi ərazilərə fikir versək görərik ki, orada 200-dən çox metro stansiyalar var. Məsələn İspaniyanın Sumqayıt kimi balaca bir Bilbao şəhəri var amma 70 dən çox metro stansiyası var. Daha sonra imkan yarandığı halda tramvaylar bərpa olunmalı və real bir nəqliyyata çevrilməlidir. Həmçinin ictimai nəqliyyatda avtobusların sayı dəfələrlə artırılmalıdır.  İş qrafiki, xidmətin konfortu daha yaxşı səviyyəyə gətirilməlidir, çünki insanlar bilsin ki, ən yaxşı yerdəyişmə üsulu ictimai nəqiliyyatdır. Fərdi avtomobillər çoxluğu isə  bizi uğurlu gələcəyə aparmayacaq. Bundan başqa velosipeddən istifadə üçün hərəkt yolları, velosiped şəbəkələri yaradılmalı, əhalinin velosipeddən kütləvi istifadəsinin təbliği, bunun təhlükəsizliyinin, nizam-inizamının təmin olunması istiqamətində işlər görülməlidir.Gələcəyə hədəflənən dayanıqlı inkişafı, yəni həm iqtisadi, həm humanitar, həm də demoqrafiq inkişafı nəzərə alan aydın yol nəqaliyyat infrastrukturu  və yaxud mobillik siyasəti olmalıdır”.

Fəridə Söhrabqızı
Baku Post

Şərhlər
  • t.ədalət

    Bakıda sıxlığın bir-neçə səbəbi var.Biri yeni tikililərin səkiləri basmasıdır.İkincisi daha çox yanacaq satılsın deyə yollarda xüsusi adamların hərəkət qaydalarını süni surətdə pozmasıdır.Üçüncüsü yol sahəsinə elmi bələdliyi olan kadrların olmaması,yəni işlərin çobancasına görülməsidir.Bakı şəhər İH başçısının yol məsələsinə laqeyd yanaşması da əsas səbəblərdən biridir.Məsələn,Masazır qəsəbəsindən Binəqədi -Mərkəzə birbaşa yol çəkilişi mümkündür.Belə olanda marşurut avtobusları həmin yolla metronun "Gənclik" və Nərimanov stansiyalarına işləyə bilər.Sonra "Gənclik" stansiyasında Atatürk parkının başlanğıcında Bəylər Əyyubova məxsus "Özsüt" kafesinin qarşısı şəxsi maşınların pullu parkına çevrilib.Halbu ki həmin park yerini mikrorayon istiqamətindən metro stansiyasına gələn istiqamətindən tunelin girişində "Özsüt" restoranı tərəfdən bir yolu metronun üstündəki meydançaya yönəltməklə avtobusları orada park etmək olar ki,nəticədə "gənclik-moll"un qarşısındakı dayanacaqda sıxlıq xeyli azalar.Bakı-Şamaxı yolunu yeraltı tunellə təmin etməklə körpü vasitəsi ilə keçidi,həm də Sumqayıt istiqamətinə gedən yolun yükünü azaltmaq olar.Sumqayıtdan gələn avtomobilləri yeraltı tunellə 9-cu mikrorayon istiqamətinə yönəldib "20 Yanvar" metrosu həndəvərindəki sıxlığı seyrəltmək olar.Mehdabad qəsəbəsindən gələn yolu birbaşa 7-ci mikrorayon istiqamətinə çıxarmaqla Rəsulzadə qəsəbəsində sıxlığı aradan qaldırmaq olar.Nəsibbəy Yusifbəyli küçəsini "Gənclik" stansiyasında ikitərəfli hərəkətə çevirməklə Bakıxanov küçəsində sıxlığı azaltmaq olar.Bunun üçün "Azpetrol" yanacaqdoldurma stansiyası istiqamətində sola dönməni dayandırıb,C.Hacıbəıyli küçəsində dairə yaratmaqla həll etmək olar.C.Xəndan küçəsinin 22 dağlıq küçə ilə birləşməsində nizamlayıcı olmadığına görə qarmaqarışıqlıq hökm sürür.Bakıya yol mütəxəssisi lazımdır.Necə deyərlər,yolların problemlərini dövlət pullarını talamaqla yox,ağıllı düşünmə ilə çözmək gərəkdir.

  • Mühəndis

    Burada düşünməli bir problem yoxdur.Respublikanın vətəndaşlarını periferoyadakı iş yerlərini bağlayaraq,qaçqınları Baklya toplayaraq süni sıxlıq yaradıldığını nəzrə almadan və bu məsələdə ciddi addımlar atmadan sıxlıq problemini həll eymək mümkün deyil.bu kompleks həll olunmalıdır.ölkənin avtomonil parkının 65-90 faizi Bakıda cəmləşdirilib.Öncə bu məsələ həll olunmalıdır.i

  • Hərbi pensiyaçı

    Bakı şəhərinin naşı rəhbərliyi vaxtilə elə pərakəndə tikintilər aparılıb ki, bunu heç kim düzəldə bilməz. 3-4 ağacı bir yerdə görüb onları kəsib yerin bina tikənlərə satanda belədə oımalıdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər