Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi artıq yekunlaşıb və nəticələr açıqlanıb.
Bu il keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərin sayı 5 mini keçib.
Onların bəziləri isə universitetlərə qəbul ola bilməyiblər.
Bakupost.az xəbər verir ki, ən yüksək nəticə göstərən abituriyentlər bu il də Prezident təqaüdünə layiq görüləcəklər.
Qeyd edək ki, 2001-ci ildə imzalanmış sərəncama uyğun olaraq, qəbul imtahanlarında ən yüksək bal toplayan 102 tələbəyə Prezident təqaüdü verilir.
Prezident İlham Əliyevin sərəncamı ilə bu il təqaüdün məbləği 275 manatdan 350 manata yüksəldilib.
Təqaüdlərin kimlərə veriləcəyi ilə bağlı sərəncam hər il sentyabr ayında imzalanır.
Bildirək ki, Prezident təqaüdü ilk semestr üçün təyin edilir. Sonrakı dövrlərdə bu təqaüdün davam etdirilməsi tələbələrin akademik göstəricilərinə əsasən ali məktəbin təqdimatı ilə Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.