Ru
12:48 / 22 Noyabr 2018

“14 milyon azərbaycanlı cənubdan köç etməyə məcbur olacaq... Dövlət bunu nəzarətə götürsün” - Sayman Aruz

5963
"Urmiya gölü qurudularsa 14 milyon azərbaycanlı köç etməyə məcbur olacaq”


Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz azadinform-a müsahibə verib.

 

BakuPost həmin müsahibəni təqdim edir:


- Sayman bəy, xoş gördük sizi. Güney Azərbaycan doğrudan da Güneydədirmi?


- Maraqlı sualdır. Biz söz olaraq belə deyirik. Mən oranı Azərbaycanın Güneyi kimi görürəm. Azərbaycanı Güneyə, Quzeyə və yaxud Arazın o tayına, bu tayına ayırmaq mənim heç vaxt nə ruhuma, nə düşüncəmə uyğun olmayıb. Ona görə də özümü Azərbaycanın Güneyindən hesab edirəm. Bu halda Güney Azərbaycan anlayışı aradan qalxır. Hər birimiz özümüzü azərbaycanlı hesab etməliyik. Bu mənada mənim məfkurəmdə bütöv, vahid Azərbaycan var. O da bütün siyasi parçalanmalardan yuxarıda, xalqın ruhunda və təfəkküründə yaşayır. 


- Burdan baxanda necə görünür, oralar? 


- Buradan baxanda oraların halı yaxşı görünmür. Arazın o tayında vəziyyət elə də ürəkaçan deyil. Qırx beş milyondan artıq soydaşımızın öz ana dilindən məhrum olunması, tarix və mədəniyyətlərindən məqsədli şəkildə uzaq qalmağı ağrılıdır. Xalqımızı azərbaycanlı kimi deyil tamam başqa bir xalq kimi formalaşdırmağa çalışırlar. Azərbaycanın Güneyini xəstələndiriblər, onu sağaltmaq lazımdır. Burada yaşayan hər bir vətəndaş orada yaşaya bilməyən soydaşının əvəzinə də yaşamalı, burada təhsil alan, oxuyanlar oradakıların əvəzinə də oxumalıdır. Belə yanaşılarsa Güneyin da halı yaxşı olacaq. 


- Kimi təbliğ edirsiniz? Hansı şair və yazarın yaradıcılığı burada daha çox özünü tapır?


- Biz şəxsləri təbliğ etmirik. Biz böyük Azərbaycan mədəniyyətinin təbliğatçısıyıq. Azərbaycanın cənubu xüsusilə müasir dövrdə milli faktorlar əsasında, milli şüurda yetişib və böyük bir ədəbi gənclik dalğasını öz arxasınca gətirir. Arazın o tayı ilə bu tayı arasında ədəbi, mədəni körpü olmağa çalışırıq. Rəhbərlik elədiyim Cənubi Azərbaycan ədəbiyyatı və mədəniyyəti komissiyası şöbəsi bu on ildə saysız kitablar, ədəbi görüşlər, festivallar, seminarlar keçirib. Bunların da nəticəsində bir çox o taylı şairlərimizi, tədqiqatçılarımızı, ədəbiyyat adamlarımızı bu tayda tanıda bilmişik. Yeni imzalar, yeni simalar ortaya çıxıb ki, bunların hamısı bizim Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin ədəbi qələbəsidir. Təxminən altmışa yaxın kitabı o tayda, otuza yaxın kitabı da bu tayda çap eləmişik. Bu böyük ədəbi birliyin təməlidir. Bizim gördüyümüz işlər fədakarlığımızın nəticəsində əmələ gəlib. Düşünürəm ki, bu istiqamətdə daha böyük işlər sistemli şəkildə davam etdirməlidir. Dövləti və dövlətçiliyi fərdlər tək başına yaşada bilməz. Xalq bir sistem əsasında böyüyür, eləcə də mədəniyyətlər və ədəbiyyatlar. 


- Yaradıcılıq oxşardımı? Dəyişən məqamlar varmı?


- O tay bu tay yaradıcılığının ümumilikdə Azərbaycan ədəbiyyatı kimi oxşarlığı var, amma mahiyyət və məna etibarilə oxşarlığı yoxdur desəm, yanılmaram. Çünki o tayda o milli oyanış, milli dirçəliş ədəbiyyatımıza da təsir edib. Orada ədəbiyyat təkcə ədəbiyyata deyil, həm də ictimai-siyasi problemlərimizə də xidmət edir. İnsanlarımızın yaşadığı o ağ-qara mühit, azadlıq, müstəqillik istəyi ədəbiyyata da çöküb.


- Güneylə Quzeyin müqayisəsində hansı ədəbiyyat qəhrəman yetişdirir?


- Cənubi Azərbaycan ədəbiyyatı qəhrəmanlıq ədəbiyyatıdır. Bu tay Azərbaycanda rahatlıq və rifah var, dövlətimiz, bayrağımız var, öz əlimiz öz başımızdır, xalqımızın azadlığı var, buna görədir ki, burdakı insanların beynində oradakılarda olduğu kimi düyünlər yoxdur. Ona görə də insanlar daha çox qanun və inkişafa köklənib. Cənubi Azərbaycanlı soydaşlarımın içində o azadlıq o rahatlıq yoxdur deyə möcüzə axtarışındadırlar. Ədəbiyyatla möcüzə yaratmağa cəhd edirlər. Güneylilər hakimiyyətin basqısı və ictimaiyyətin ağ-qaralığından ədəbiyyata sığınırlar. Ədəbiyyatın mənəvi-inqilabi meydanında öz hürriyyətlərini, kimliklərini tapmağa çalışırlar. Bilirsinizmi, ədəbiyyat ən böyük siyasət, ən böyük silahdır. Bu hər dövrdə belə olub. Sadəcə ədəbiyyata libas gözündə baxmağı doğru hesab eləmirəm. Sizə deyim ki, Azərbaycan ədəbiyyatını əsas götürsək, bizim tankımız, topumuz silahımız yoxdur, amma Nizamimiz, Füzulimiz, Xəqanimiz, Dədə Qorqudumuz, Saib Təbrizimiz, Şəhriyarımız və bir çox ədəbi-mədəni silahlarımız var ki, onlar vasitəsilə dünya ilə mübarizəyə girə bilərik. Hətta bütün dünyanı ədəbi-nəzəri baxımdan nəzarət altına götürə biləcək gücdəyik. Bax ona görə deyirəm ki, ədəbiyyatı və mədəniyyəti insani silah kimi götürməliyik və bütöv bir xalq kimi irəli aparmalıyıq. Biz bütöv azərbaycanlı kimi düşünməyə məcburuq, yoxsa dünya gücləri arasında məhv olarıq. Ona görə də biz Cənubi Azərbaycan ədəbiyyatını sahibsiz qoymamalıyıq. 



- Niyə biz sadəcə Şəhriyarı bilirik? Burda günah kimdədir?


-Soruşursunuz ki, niyə biz təkcə Şəhriyarı bilirik. Burda günah hər iki tayda var. Bu tayda Cənubi Azərbaycan ədəbiyyatını ciddi şəkildə araşdıran, ortaya qoyan və çap eləyən mərkəzləşdirilmiş qurum yoxdur. Düzdür, akademiyanın Cənubi Azərbaycan şöbəsi var, folklor institutunun da, Yazıçılar Birliyinin də var, amma bunların hamısı ayrı-ayrı nöqtələrə vuran mərkəzlər kimi fəaliyyət göstərir. Hamısını "Cənubi Azərbaycan Mədəniyyət Evi” kimi birləşdirən bir mərkəz olmalıdır. Yazıçılar Birliyinin Cənubi Azərbaycan ədəbiyyatı komissiyası və şöbəsi var, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müəllimin sayəsində çox böyük işlər görə bilmişik, onun dəstəyi həmişə bizim üzərimizdədir, amma təbii olaraq o sistem və mexanizm olmadığına görə böyük çətinliklərlə qarşılaşırıq. Şimali Azərbaycanda yaşayan on milyonluq soydaşlarımızın olduqca ciddi büdcəyə sahib saysız hesabsız qəzetləri, jurnalları fəaliyyət göstərir.

 

İndi siz təsəvvür edin 45 milyonluq ana dili və mədəniyyətindən məhrum edilən soydaşlarımızın təbliğatlarının aparılması üçün nə qədər büdcəyə ehtiyac var ki, biz o ədəbiyyata sahib çıxa bilək. Bizim jurnallarımız, büdcəmiz olmalıdır, hətta bir daha təklif və təkid edirəm ki, "Cənubi Azərbaycan Mədəniyyət Evi” kimi qurumlar yaradılmalıdır. Həmin qurum cənub mədəniyyətini araşdıran, təbliğ edən hər kəslə əlaqədə olmalı, koordinatorluq eləməlidir. Sovet dövründə Cənubi Azərbaycan Mühacirlər Evi olub. Onlara kifayət qədər şərait yaradılıb. Amma bu gün müstəqil Azərbaycan dövründə belə bir mərkəzin yaradılmasına daha ciddi ehtiyac var. Biz müstəqilik, cənab prezidentin, ulu öndər Heydər Əliyevin hər zaman söylədiyi kimi on milyonun yox, 60 milyonun dövlətini qurmuşuq. Bu bayraq təkcə buranın deyil, dünyada yaşayan bütün azərbaycanlıların bayrağıdır. Dövlətimiz hamının dövlətidir. Bunu da cənab prezident həmişə vurğulayır. Bizim də bu ədəbiyyatı təbliğ etmək, o mədəniyyətə sahib çıxmaq üçün bütün siyasi hərəkat və fəaliyyətlərdən kənarda müəyyən vəsaitə ehtiyacımız var. Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsi əlbəttə, öz fəaliyyətini davam etdirir, amma lazımi qədər büdcə, şərait və ədəbi jurnal yoxdur. Cənublu yazıçı-şairlərin dəfələrlə mənə müraciəti onu göstərir ki, onlar sovet dönəmində olduğu kimi Cənubi Azərbaycan ədəbiyyatına daha çox qayğının olmasını istəyirlər. 1980-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin qurultayında ulu öndər Heydər Əliyevin öz şəxsi təşəbbüsü ilə Cənubi Azərbaycan ədəbiyyatı katibliyi yaradılmış, sədrliyi də xalq şairi Balaş Azəroğluna verilmişdi. Ancaq təəssüflər olsun ki, xalq cəbhəsi dönəmində həmin katiblik bağlanmışıdır. Bunların hamısı vaxtilə olub. Amma indi müstəqillik dövründə bəzi boşluqlar var ki, onları da addım-addım doldurmaq lazımdır. 


- Son günlərdə daha çox artmaqda olan aqressiyanın səbəbi nədir? Xüsusilə də Türklərə qarşı...


- Aqressiya Türk xalqının düşmən qarşısında böyüklüyünə, səbri və mətanətinə görədir. Biz xalq olaraq heç vaxt heç bir millətin dilini, dinini, mədəniyyətini əlindən almamışıq. Kifayət qədər zəngin torpaqlarda yaşayırıq, ərazi baxımından geniş ərazilərə sahibik. Çinin mərkəzindən tutmuş Avropanın göbəyinə qədər, Rusiyanın o başından ta Afrikaya qədər türklərin yaşadığı ərazilərdir, ona görə də bu türklərin birliyinin qarşısını almaq üçün cəhdlər həmişə olub və olacaq. Mən bir Azərbaycan Oğuz türkü olaraq əminliklə deyə bilərəm ki, bu mübarizədə isə mədəniyyət qalib gələcək. Və o mədəniyyət də sırf türklərin yaşadığı, yaşatdığı və təbliğ elədiyi insanlıq, ilahi-bəşəri eşq və torpağa ola sevgi mədəniyyətidir. 


- Güneydən məlumatı olmayanlar, oranın mübarizə əzminin qırıldığını və ya oradakı soydaşlarımızın assimilyasiyaya uğradıqlarını deyirlər...


- Mübarizə əzmi azalmayıb. Sadəcə dünya güclərinin maraqları təəssüflər olsun ki, hər zaman bizim xalqımızın əleyhinə köklənir. Xalq olaraq yenə də ruhdan düşmürük. Unutmayın, Pişəvəri dönəmində yüz minlərlə azərbaycanlını farslar gəlib Ərdəbildə, Təbrizdə, Urmiyada qırdılar, 1918-20-ci illərdə bir çox mənbələr beş yüz min azərbaycanlının ermənilər tərəfindən soyqırımına uğradıqlarını deyirlər. Xalqımız son yüz ildə beş inqilabın təməlini qoyub. Bir xalq yüz ildə neçə milyon şəhid verər, neçə inqilabdan çıxar? Amma bunların hamısına baxmayaraq bizim xalq yenə ayaqdadır, yenə tələb edir. Sadəcə olaraq milli haqlar əsasında ayağa duran insanın arxasında dayanmaq lazımdır ki, o irəli gedə, nəyisə əldə edə bilsin. Bu gün biz bir-birimizə bir xalq olaraq arxa dayaq olmalıyıq. İndi artıq məqamdır. Azərbaycanın Cənubunda kifayət qədər problemlərimiz var. Urmiya gölü qurudulur. O göl əgər tam qurudularsa on dörd milyon azərbaycanlı köç etməyə məcbur olacaq. Bu, böyük problemdir. Bəlkə bu tayda kimsə bunun fərqində deyil, amma biz bunu dəfələrlə çıxışlarımızda ifadə eləmişik. Xalq oyansın, bilsin, bu məsələ dövlətimizin nəzərinə keçsin. Hər halda oralar Azərbaycan torpaqlarıdır, orda yaşayanlar bizim soydaşlarımızdır. Bu siyasi yox, ekoloji bir məsələdir. Xalqımızın səhhətini, yaşayışını hədəf alır. Eləcə də ana dili məsələsi və digər problemlər həmişə xalqın ziyalılarının, siyasilərinin diqqət mərkəzində olmalıdır. Əgər xalq bir məsələni qaldırmırsa dövlət necə onun arxasında dayana bilər?


- Yaradıcılığınızdan danışmadıq. Yeniliklər varmı?


- Mənim yaradıcılığım həmişə yeniliklərlə doludur. Bura kimi altı şeir kitabı, iki roman çap eləmişəm, qarşıda məqalələr toplusu məni gözləyir, çapa hazırdır. Xəqani Şirvaninin "Miratüs-səfa”sının şərhini çapa hazırlamışam. "Müasir və praktik irfan nəzəriyyəsi, elitar həyat tərzi” nəzəriyyəsini hazırlamışam, bir hekayə toplum var, çap olunası kitablarımız kifayət qədərdir. Arzu edirəm ki, bu körpünü aşa bilək və kitablarımızı çap edək. Xalqımıza millətimizə xeyirli olsun. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar