Ru
12:44 / 07 Noyabr 2022

“Dedi ki, İsmayıl Şıxlını yıxın, yerinə Anarı gətirin…” - Əkrəm Əylisli 35 il sonra sirləri açdı

9153
Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı arxada qalsa da, bu qurumun ətrafında yaranmış ajiotaj davam edir. Qarşılıqlı ittihamlarla, hətta təhqir və təhdidlərlə müşayiət olunan mübahisələrə qocaman yazıçı Əkrəm Əylisli də qoşulub.


Bakupost.az bildirir ki, Ə.Əylisli Yenisabah.az-a açıqlamasında tarixə ekskursiya edərək, 35 il əvvəl Anarın AYB sədri seçildiyi dövrlə bağlı sensasiya sayılacaq açıqlamalar verib:


“O vaxt Anarı vəzifəyə təklif edənlərdən biri mən olmuşam. Təklif isə Mərkəzi Komitənin katibi Həsən Həsənovdan gəlib. O, mənə və bu gün orada Anarı müdafiə edənlərin hamısına bircə-bircə zəng edib demişdi ki, İsmayıl Şıxlını yıxın, Anarı onun yerinə gətirin. Biz də bunu etmişdik, mən də etmişəm, çünki Həsən Həsənov ziyalıların arasında çox böyük avtoritet sahibi idi.

İndi deyirlər ki, guya azad şəkildə seçki oldu və Anar seçildi, xeyr, Anarı Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov tapşırmışdı. Bilmirəm, Kamran Bağırov niyə İsmayıl Şıxlını ordan çıxarıb Anarı gətirmək istəyirdi, amma bunu etdi. Bu gün də bunun səbəbini bilmirəm. İndi Anar deyir ki, İsmayıl Şıxlı özü gedib, xeyr, İsmayıl Şıxlı getmək fikrində deyildi.

Həmin iclasa Ramiz Mehdiyev də gəlmişdi. Mehdiyev gəlib dedi ki, Rəyasət Heyəti qərar çıxarıb ki, İsmayıl Şıxlı yerində qalsın və məsələyə baxılmayacaq. Ramiz Mehdiyevin tələbini mən pozdum, bunu da Həsən Həsənovun xatirinə etdim, küyə getdim. Hətta sonradan Həsən Həsənov mənə zəng edib Kamran Bağırovun təşəkkürünü də çatdırdı”.

Ə.Əylisli Anarın vəzifəyə gəldikdən sonra xeyli dəyişdiyini iddia edib:

“Mən Anarı vəzifəyə təklif edəndə o, indiki Anar deyildi. Sonralar vəzifədən elə yapışdı ki, sanki ondan əziz heç nəyi yox imiş.

Baba Vəziroğlu açıqlamasında deyib ki, biz gənc yazarlar olaraq yığışdıq, Əkrəm Əylisli bizdən böyük idi, onunla da məsləhətləşib vəzifəyə Anarı təklif etdik. Yalan deyir! Onların hamısına Həsən Həsənov zəng eləyib tapşırmışdı. Həsən Həsənov sağdır, kim istəsə, ondan da soruşsun. Məni bu məsələyə görə zorla rayondan gətirtdilər, rayonda ev tikdirirdim, raykomun katibi gəldi yalvardı ki, sən Bakıya get, çağırırlar, mən işçilərin üstündə dayanaram. Mən də gəldim, haradan bilərdim ki, bu adam bu qədər mənsəbpərəst, vəzifəpərəst, hər şeyini vəzifəyə qurban verə biləcək biridir. Mən bunu bilmirdim, bilsəydim, belə şey eləməzdim. Həsən Həsənov olmasaydı, başqa bir dövlət adamı məndən bunu istəsəydi, etməzdim. Sadəcə, Həsən Həsənova böyük hörmətim var idi. O, həmin vaxt Azərbaycan yazıçılarını yaxşı tanıyırdı, bizim keşiyimizdə dayanmışdı, hörmət edirdi, böyük ziyalı idi. O qədər şey var ki, bu gün desən də camaatı inandırmaq olmur”.

O, bu gün Anarı müdafiə edənlərin ədəbiyyat qayğısında olmadığını bildirib:

“O vaxt Anarın özünə dedim ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri zəif əsərdir və özüm də çap elədim. Hələ o vaxt bildirdim ki, bu əsərin əldən-ələ gəzəcək, çünki əsər aşağı səviyyəli oxucuların malı olacaq. Bu sözləri şəxsən Anarın özünə dedim, kitabını da çap elədim.

İndi Anarı mədh edənlər ədəbiyyat qayğısında deyillər, onlar ədəbiyyatın inkişafında maraqlı deyillər. İdeologiya faktiki olaraq belə adamların əlinə düşüb, onlar da kefləri istədiyi kimi onu oynadırlar. Sabiq, güclü bir mərkəz yoxdur ki, buna nəzarət etsin. Zəmanə tamamilə dəyişib”.
Şərhlər
  • Ramin

    Ismayil Sixli esl kisi ve dahi sexsiyyet olur, ar olsun onu yixanlara. Bax siz busunuz, kisileri devirib yerine massenikleri getirirsiniz. Ona gorede batib gedirik, itin qabagina ot, atin qabagina et qoyursunuz.

  • Cəmşid Dərələyəzli

    Əkrəm Əylislinin söylədiyi bu fikirlər, daha doğrusu açdığı sandıq, daldan atılan daşa bənzər. Əslində Əkrəm danışdıqca bir az da batır. Zatən batmışdı. Görəsəm Əkrəm anlayırmı ki, şair də olmaq olar, yazıçı da , hətta bəziləri kimi beş mərtəbənin olmayan altıncı mərtəbəsindən məntiqsiz bir "əsər"də yazmaq olar, amma bütün bunlar adamın şəxsiyyət olmasına dəlalət etməz. Necə ki də etmədi. Hələ bir utanmadan İsmayıl Şıxlını Həsən Həsənovun (güya ona da Kamran Bağırov tapşırmışımış deyir) sözü ilə Yazıçılar Birliuinin sədrliyindən mən kənarlaşdırdım, yəni mən yıxdım və o zaman yerinə Anarı gətiurdik deyir. Hansı ki, İsmayıl Şıxlı siz nəsildən senin kimi "yazıçılar"dan ferqli olaraq, həm həqiqi yazıçı idi, həm də şəxsiyyət. Belə olmasa idi Heydər Əliyev 1993 cü ildə yazıçılardan məhz yalnızca İsmayl Şıxlını Dövlət əhəmiyyətli bir məsələnin araşdırılmasında, araşdırma komissiyasının tərkibinə daxil etməzdi. (diyəsən müsahibəni də yığışdırıblar, açılmır).

  • t.ədalət

    Həsən Həsənovu yaxından tanımaq üçün Ayaz Mütəllibovun,vaxtı ilə dediyi bu sözləri xatırlamaq bəs edər.A.Mütəllibov deyirdi ki,sovet hökumətinin dağılması ərəfəsində ,20 Yanvar qətliamından sonra Həsən Həsənov Qorbaçovun yanına gedib demişdi ki,məni Azərbaycana birinci katib təyin etsəniz nə istəsəniz onu edərəm.Xalqın etirazının qarşısını hansı yolla olursa-olsun alaram. Doğrudan da,20 Yanvar qətliamından sonra ,qətliamı uğurla həyata keçirən soyqırım törədiciləri olan üç rus zabitinə H.Həsənovun imzası ilə təşəkkürnamələr verildi.(NK-nin vestniki,1990-cı ilin may nömrəsi.

  • Roma

    Əkrəm Əylisli, o vaxtı nə olub deyə bilmərəm, ancaq onu bilirəm ki, Anarın bütün əsərlərini sevə-sevə oxumuşuq və indi də oxunur...2-cisi Anarın əsərləri əsasında ("Hər axşam on birdə") Moskva, digərləri "Gün keçdi", "Təhminə", "Torpaq, dəniz, od, səma", "Dədə Qorqud", "Evləri köndələn yar" və s. və i.. filmlər çəkilmişdir. 3-cüsü Anar axı sənin kimi "Daş yuxuları" yazıb, öz millətini alçaltmayıbdır...4-cüsü sənsədə danışma, ömrünün qalan hissəsini çəkil bir qırağa yavaşca başa vur...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər