Ru
15:34 / 20 İyun 2026

Dövlət qulluğunun inkişaf yolu: nailiyyətlər və perspektivlər

Dövlət qulluğunun inkişaf yolu:  nailiyyətlər və perspektivlər
Eye

Azərbaycanda hər ilin iyunun 23-ü Dövlət Qulluqçularının Peşə Bayramı günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı ilə iyunun 23-ü dünyada "Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü" elan edilib. Azərbaycan da təşəbbüsə qoşularaq həmin tarixi ölkəmizdə peşə bayramı olaraq təsdiqləyib.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi dövlət qulluqçularının fəaliyyəti hesabına təmin olunur. Dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti, ölkəmiqyaslı qərarların yerlərdə icrası da bu mənada bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Bu peşəkarlıq yüksəkdirsə, deməli, xidmətin keyfiyyəti, qərarların icrası da yüksək olacaq. Dövlət qulluqçularının fəaliyyəti onların peşə qabiliyyəti və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək olmasını tələb edir. Bu əsasda da əsas vəzifələrdən biri dövlət orqanlarının səriştəli kadrlarla təmini, dövlət qulluğuna yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsidir. Onun da həyata keçməsi dövlət səviyyəsində kadr siyasəti və kadr işinin düzgün təşkilindən asılıdır. Kadr siyasətinin əsasında isə dövlətə və cəmiyyətə xidmət edəcək lazımi keyfiyyətlərə malik peşəkar dövlət qulluqçularının yetişdirilməsi dayanır.

Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır.

Yəni tutduğu vəzifədən asılı olmayaraq, dövlət qulluqçusu bilməlidir ki, xalqın xidmətçisi olaraq onun başlıca vəzifəsi dövlətə, onun vətəndaşı olan insanlara xidmət etməkdən ibarətdir.

Eyni zamanda, dövlət qulluğunda çalışanlara qarşı qayğı da dövlətimizin daim diqqət mərkəzindədir. Bu qayğının nəticəsidir ki, dövlət qulluqçularının peşə bayramı təsis edilib və 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Milli Məclisin deputatı Zahid Oruc Bakupost.az-a bildirib ki, dövlət qulluqçularına yalnız tələblər qoyulmamalı, eyni zamanda, onların əməyinə layiqli qiymət verməliyik:


“Ölkəmizdə dövlət qulluğu sistemi istər qanunvericilik, istərsə də dövlət idarəçiliyinin bütün sahələrində üzərlərinə götürdükləri məsuliyyət, seçim prinsiplərinin şəffaflığı və təkmilləşmə mexanizmləri baxımından böyük bir yol keçib. Dövlət qulluğu haqqında 2000-ci illərdə qəbul edilən qanun, etik davranış kodekslərinin yaradılması, eləcə də dövlət qulluqçularının fəaliyyətini tənzimləyən qaydalar və təlimat sistemləri onları institusional səviyyəyə çatdıran mühüm addımlar kimi xarakterizə edilə bilər.

Rəsmi statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçularının sayı 27 mindən çoxdur. Bu göstərici bir tərəfdən idarəetmə aparatının kompakt saxlanıldığını göstərir, digər tərəfdən müxtəlif dövlət hakimiyyət orqanları arasında sağlam əməkdaşlığın, qarşılıqlı məsuliyyətin və səlahiyyətlər balansının qorunmasını təmin edir.

Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən on illər ərzində xalqımızın qarşısında dayanan vəzifələrin həyata keçirilməsində dövlət qulluqçuları şərəfli bir yol keçərək, müxtəlif islahatlara və dəyişiklilərə məruz qalaraq, hazırki qalibiyyət dövrünün-yeni mərhələnin qurucuları kimi çalışmaqda davam edirlər”.

Həmsöhbətimizin sözlərinə görə, dövlət qulluqçularının əhəmiyyətli hissəsi orta təsnifat vəzifələrində cəmləşib:

“Karyera inkişafı və idarəetmədə effektivliyin təmin olunması baxımından onların hər biri gələcək vəzifə yüksəlişində güvənə və etimadlı sosial liftə malikdirlər.
Dövlət qulluqçularının sosial təminatı məsələsi də xüsusi diqqət tələb edir. Son illərdə əməkhaqlarında artım genişmiqyaslı islahatların tərkib hissəsidir və ilk növbədə, idarəçilik sisteminin effektivliyini artırmaq və xalqa xidmətin keyfiyyətini yüksəltmək məramına xidmət edir”.

Deputat qeyd edir ki, sözügedən sahədə digər mühüm məsələ dövlət qulluqçularının hüquq və vəzifələri arasındakı balansdır:

“Qanunvericilik dövlət qulluqçularına bir sıra imtiyazlar təqdim edir – sabit iş yeri, sosial təminat, karyera imkanları”.

Müsahibimiz deyir ki, dövlət qulluqçusu yalnız inzibati funksiyanı yerinə yetirən şəxs deyil, o, həm də dövlətin vətəndaş qarşısında simasıdır:

“Etik davranış qaydalarına riayət, korrupsiyaya qarşı mübarizə və vətəndaş məmnuniyyətinin təmin olunması əsas prioritetlərdən biridir. Burada əsas tələb qanunların mövcudluğu deyil, onların icra mexanizmlərinin effektivliyidir.

İnkişaf etmiş ölkələrdə dövlət qulluğu sistemi uzun illər ərzində meritokratiya prinsipi əsasında qurulub. Məsələn, Böyük Britaniyada dövlət qulluqçularının seçimi tam müstəqil komissiyalar vasitəsilə həyata keçirilir və əsas meyar peşəkarlıqdır. Sistemdə kənar siyasi təsirlər minimuma endirilib.
Almaniyada dövlət qulluqçuları xüsusi hüquqi statusa malikdirlər və onların sosial təminatı yuxarı səviyyədədir. Nəticədə, dövlətə yüksək sədaqət və peşəkarlıq tələb olunur.
Sinqapur modeli xüsusilə diqqətəlayiqdir. Ölkədə dövlət qulluqçularına yüksək əməkhaqqı verilməklə yanaşı, çox ciddi performans qiymətləndirmə sistemi tətbiq olunur. Nəticədə, dövlət sektoru ən istedadlı kadrlar üçün cəlbedici sahəyə çevrilib.
Cənubi Koreyada isə dövlət qulluğuna qəbul son dərəcə çətin imtahanlar vasitəsilə həyata keçirilir və proses cəmiyyət tərəfindən yüksək etimadla qarşılanır.
Bu təcrübələr göstərir ki, effektiv dövlət qulluğu sistemi yaratmaq üçün üç əsas amil vacibdir: birincisi-şəffaf və ədalətli seçim mexanizmi, ikincisi-rəqabət qabiliyyətli əməkhaqqı, üçüncüsü-ciddi və obyektiv performans qiymətləndirilməsi”.

Deputat bildirir ki, Azərbaycanda dövlət qulluğu sisteminin hər zaman təkmilləşməsi ölkə başçısının irəli sürdüyü və kadr ehtiyatının formalaşması üçün atılan addımlar xüsusilə təqdirəlayiqdir:

“Ölkəmizdə keçirilən Yüksəliş müsabiqələri dövlət idarəçiliyində meritokratiya prinsiplərinin təşviqi baxımından mühüm addımdır. Müsabiqə yeni və istedadlı kadrların aşkar olunmasına, onların inkişafına və dövlət idarəçiliyinə cəlb olunmasına xidmət edir. Əlbəttə, təşəbbüslərin real təsiri onların nəticələrinin praktik idarəetmə sisteminə inteqrasiya olunmasından birbaşa asılıdır”.

Z. Oruc xatırladır ki, dövlət qulluğu sistemi yalnız inzibati idarəetmə mexanizmi deyil-dövlətin dayanıqlığını təmin edən canlı və məsuliyyətli bir orqanizmdir:

“Xüsusilə, hüquq-mühafizə orqanlarında, dövlət təhlükəsizliyi sahəsində, eləcə də işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı quruculuq prosesində çalışan dövlət qulluqçularımızın fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “Böyük Qayıdış” prosesi çərçivəsində dövlət qulluqçuları hər gün çətin və məsuliyyətli şəraitdə fəaliyyət göstərirlər. Onlar yalnız inzibati vəzifələrini yerinə yetirmir, eyni zamanda, təzədən qurulan həyatın, yeni idarəetmə modelinin və müqəddəs ictimai münasibətlərin əsasını qoyurlar.
Hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışan dövlət qulluqçuları ölkəmizdə sabitliyin, qanunun aliliyinin və ictimai asayişin təmin olunmasında əvəzsiz rol oynayırlar. Bu sahələrdə xidmət yalnız peşəkarlıq deyil, həm də yüksək sədaqət, intizam və fədakarlıq tələb edir”.

Deputat dövlət qulluqçularına hərtərəfli dəstəyin tərəfdarıdır:

“Ön xətdə çalışan, risk və məsuliyyəti üzərinə götürən, dövlətin maraqlarını qoruyan dövlət qulluqçularına yalnız tələblər qoymamalı, eyni zamanda, onların əməyinə layiqli qiymət verməli, sosial təminatını gücləndirməli və peşəkar inkişafını dəstəkləməliyik”.

Dövlət qulluğuna qəbul və vəzifədə irəliləyiş isə müsahibimizə görə, yalnız bilik və bacarıqlara əsaslanmalıdır:

“Digər tərəfdən, performans əsaslı idarəetmə sistemi gücləndirilməlidir. Dövlət qulluqçularının fəaliyyəti konkret nəticələr əsasında qiymətləndirilməli və qiymətləndirmə onların karyerasına-əməkhaqqına birbaşa təsir etməlidir.
Üçüncü istiqamət rəqəmsallaşmadır. Elektron hökumət xidmətlərinin genişləndirilməsi həm şəffaflığı artırır, həm də insan faktorundan asılılığı azaldır.
Nəhayət, dövlət qulluqçuları arasında peşəkar kadr korpusunun formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu, yalnız fərdi kadrların deyil, bütövlükdə idarəetmə mədəniyyətinin inkişafını təmin edir”.

Bu sahədə qarşıda duran əsas vəzifələrə gəldikdə isə, deputatın fikrincə, sistem daha effektiv və nəticəyönümlü olmalıdır:

“Ölkəmizdə dövlət qulluğu sistemi artıq formalaşma mərhələsini keçib. Qarşıda dayanan əsas vəzifə sistemi daha effektiv, şəffaf və nəticəyönümlü etməkdir. Unutmayaq ki, güclü dövlət qanunlarla, peşəkar və məsuliyyətli insanlarla qurulur”.

Rüfət Sultan, BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar