Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Dünya Bankının qlobal hesabatlarına əsasən, yol hərəkəti təhlükəsizliyi baxımından dünyanın ən pis və ən təhlükəli yollarına sahib ölkəsi Dominikan Respublikasıdır. Bu ölkədə hər 100 min nəfərə düşən illik ölüm sayı 64,6 təşkil edir. Yol qəzalarında ölüm riskinin ən yüksək olduğu region isə Afrika qitəsidir. Yol təhlükəsizliyi baxımından ən pis 10 ölkə sırasında yer alan digər ölkələr əsasən məhz Afrika qitəsi ölkələridir.
"Bakupost" xəbər verir ki, Dominikan Respublikasından sonra ikinci yerdə Zimbabve gəlir – 41,2 ölüm halı. Liberiyada ölüm göstərici 38,9-dur.
Sonrakı yerlərdə 37,9 ölüm halı ilə Eritrey, 37,7 ölümlə Mərkəzi Afrika Respublikası, 36,7 göstərici ilə Cənubi Sudan, 35,9 göstəricilə böyük maliyyə imkanlarına sahib Səudiyyə Ərəbistanı gəlir.
Taylandda yol qəzalarında hər yüz min nəfərə düşən ölüm halı 32,2, Konqo Demokratik Respublikasında 31,5, Venesuelada isə 31,1-dir. Bu ölkələrdə qəzaların yüksək ölüm dərəcəsi ilə nəticələnməsinə əsas səbəb yol infrastrukturunun bərbad olması, təhlükəsizlik kəmərindən istifadə mədəniyyətinin aşağılığı, tibbi xidmətin gecikməsi və köhnə avtomobil parkıdır.
Azərbaycana gəldikdə, yol hərəkəti təhlükəsizliyi sahəsində son illərdə müsbət dinamika və qəza sayında ciddi azalma müşahidə olunur. Ölkəmiz qlobal reytinqdə orta pillələrdə qərarlaşıb və göstəriciləri bir çox inkişaf etməkdə olan ölkələrdən daha yaxşıdır.
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən Azərbaycandakı vəziyyət aşağıdakı kimidir:
2025-ci il məlumatına görə, ölkədə 1252 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 12,3% azalma deməkdir. Həmin qəzalarda 689 nəfər həlak olub (ölüm sayı 13,4% azalıb), 1026 nəfər isə yaralanıb. Bu onu göstərir ki, Azərbaycanda hər 100 min nəfərə düşən qəza ölümü göstəricisi təxminən 6.8 – 7 nəfər aralığına düşüb. Bu rəqəm Afrika və Latın Amerikası ölkələrindən qat-qat aşağı, qlobal orta göstəricidən (16,7) isə xeyli təhlükəsizdir. Lakin Avropa İttifaqı ilə müqayisədə (hər 100 min nəfərə-4,5 ölüm) hələ də yüksəkdir.
Azərbaycandakı yol qəzalarının 85,1%-i məhz yaşayış məntəqələrində baş verir. Qəzaların 39,9%-i birbaşa piyadaların vurulması ilə bağlıdır. Hadisələrin böyük hissəsi (44,5%-i) gündüz vaxtı qeydə alınsa da, gecə (39,4%) və toran vaxtı (16,1%) baş verən qəzalar görünüşün zəif olması səbəbindən daha ölümcül olur. Qəzaların təxminən 30,3%-i şənbə və bazar günlərinə təsadüf edir.
Rüfət Sultan,
BakuPost