Ru
15:49 / 28 Oktyabr 2026

"Estetik cərrah" "Dr.Gülü" yenə iş başındadır: "Cəriməmizi ödəmişik, şikayətçimiz yoxdur" - VİDEO

Eye

Bir müddət əvvəl mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, "Dr. Gülü" kimi tanınan Gülbadə Abdullayevanın yenidən estetik cərrah kimi fəaliyyətini davam etdirdiyi iddia olunur.

"Bakupost"un məlumatına görə, "Büllur" estetik mərkəzinin "TikTok" hesabında yayımlanan görüntülərdə Gülbadə Abdullayevanın göstərdiyi xidmətlər və həyata keçirdiyi prosedurlar barədə məlumat verilir, həmçinin qiymətlər açıqlanır.

Bundan əlavə, "Dr. Gülü"nün özünə məxsus "TikTok" hesabında da estetik əməliyyatlarla bağlı paylaşımlar mövcuddur.

"Bakupost" məsələ ilə bağlı Gülbadə Abdullayeva ilə əlaqə saxlamağa çalışıb. Onun meneceri olduğunu bildirən Fatimə Ümid saytımıza Gülbadə Abdullayevanın hazırda estetik cərrah kimi fəaliyyət göstərdiyini təsdiqləyib.

"2 il əvvəl Gülü xanıma qarşı qarayaxma kampaniyası başladılıb və həmin məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılıb. Yayılan məlumatların doğru olmadığı sübuta yetirilib və Abdullayeva cəriməni ödəyib".

Menecer, həmçinin Analitik Ekspertiza Mərkəzinin Abdullayevanın tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyətinin olmadığı barədə rəsmi açıqlamasına münasibət bildirib:

"Bu gün Azərbaycanda statistikaya görə, həmin mərkəzdə qeydiyyatda olan cəmi 4-5 həkim var. Özünüz də bilirsiniz. Əsas məsələ pasiyent məmnuniyyətidir. Gülü doktorun indiyədək nə şikayətçisi, nə fəsadlı işi, nə də hansısa problemi olub. Gülbadə Abdullayevanın heç bir işində qüsur aşkarlanmayıb".

"Bakupost" məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu göndərib.

Qeyd edək ki, bir müddət əvvəl diplomu və lisenziyası olmayan Gülbadə Abdullayeva xəstələrə qarşı qeyri-etik davranışları ilə də gündəmə gəlmişdi. Onun “Uğur-777” klinikasında etdiyi əməliyyat zamanı yayılan görüntüləri müzakirələrə səbəb olmuşdu.
Başqa bir şikayətdə isə Babayeva İnci Həsən qızı “Büllur” klinikasında Gülbadə Abdullayevanın həyata keçirdiyi üzgərmə əməliyyatından sonra ciddi problemlərlə üzləşdiyini demişdi. Onun sözlərinə görə, əməliyyatdan sonra üz sinirləri zədələnib və güclü ağrılar yaranıb.
Gülbadə Abdullayevanın tibbi fəaliyyəti ilə bağlı rəsmi açıqlama da verilib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi daha əvvəl bildirmişdi ki, Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və onun tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Lalə Novruz, BakuPost




Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar