Ru
16:00 / 28 Oktyabr 2026

Kazino turizmi bizə nə qədər qazandıracaq?

Kazino turizmi bizə nə qədər qazandıracaq?
Eye

Azərbaycanda turizm potensialından daha geniş istifadə etmək və yüksək gəlirli xarici turistləri cəlb etmək üçün yeni imkanlara ehtiyac var. Bu baxımdan, “Sea Breeze” ərazisində açılması planlaşdırılan “Royale Casino”nun ölkənin turizm sektoruna töhfə verə biləcəyi bildirilir.

Turizm üzrə ekspert Rəhman Quliyev “Bakupost”a bildirib ki, Azərbaycanın, o cümlədən işğaldan azad edilmiş ərazilərin böyük turizm potensialı var. Lakin bu potensialı daha geniş şəkildə reallaşdırmaq üçün əlavə imkanlar yaradılmalıdır.


Ekspertin sözlərinə görə, paytaxt ətrafında turistləri cəlb edəcək mexanizmlər kifayət qədər deyil. Çimərlik turizminin dünyanın bir çox ölkəsində mövcud olduğunu deyən Rəhman Quliyev hesab edir ki, belə məkanlara əlavə cəlbedicilik qazandırmaq və daha yüksək gəlirli turistləri cəlb etmək vacibdir.

O bildirib ki, beynəlxalq təcrübədə kazinolar yüksək gəlirli turistlərin cəlb edilməsində rol oynayır. Ekspertin fikrincə, “Sea Breeze” kimi lüks kompleksdə belə bir obyektin yaradılması Azərbaycana yeni turist seqmentinin gəlməsinə şərait yarada bilər.

Rəhman Quliyev qeyd edib ki, bu cür turistlərin ölkəyə səfəri yalnız kazino ilə məhdudlaşmır. Onlar nəqliyyat, transfer, turizm şirkətləri, hotellər və restoranların xidmətlərindən də istifadə edə bilərlər. Bu isə turizmlə əlaqəli digər sahələrdə də iqtisadi fəallığı artıra bilər.

Ekspert vurğulayıb ki, kazinonun yerli sakinlərdən daha çox əcnəbi turistlərə, o cümlədən yüksək gəlirli müştərilərə yönəlməsi nəzərdə tutulur. O, “Sea Breeze”in paytaxtdan kənarda yerləşməsini və lüks kompleks olmasını belə bir layihə üçün üstünlük hesab edir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar