Bir xalqın tarixi yalnız siyasi hadisələrin salnaməsi deyil, həm də onun elm ocaqlarında yetişən ziyalıların işığında yazılır. O ziyalılar ki, uzaq şəhərlərdə, yad mühitlərdə ömürlərinin ən məhsuldar çağlarını elmin xidmətinə həsr edərək, həm öz adlarını əbədiləşdiriblər, həm də millətin yoluna işıq salıblar. Onlar çox vaxt unudulmuş, bəzən təhrif edilmiş, bəzən də tarixdən silinməyə çalışılmış simalardır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin yenicə işıq üzü görmüş “Moskva Şərqşünaslıq İnstitutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları” adlı monoqrafiyası həmin unudulmuş simaların səsi, itmiş portretlərinin bərpası, milli elmi yaddaşın dirçəlişi kimi dəyərləndirilə bilər. Müəllif təkcə tədqiqatçı dəqiqliyi ilə deyil, həm də publisist qəlbin hərarəti ilə göstərir ki, Azərbaycan(lı) zəkası hər zaman qaranlığı yara bilən, yol göstərən, gələcəyi işıqlandıran bir məşəl olub.
İki hissədən ibarət olan monoqrafiyanın birinci hissəsi Rusiya Şərqşünaslıq İnstitutlarında təhsil almış azərbaycanlı tələbə və müdavimlərin həyat yoluna işıq tutur. Bu hissəni milli şərqşünaslıq elminin intişar dövrü adlandırmaq da olar. Burada oxucu görür ki, XIX əsrdə təhsil alan hər bir azərbaycanlı gənc təkcə elm öyrənmirdi, onlar həm də milli ideyanın, milli özünüdərk prosesinin daşıyıcıları idilər. Məsələn, müəllif qeyd edir ki, Nurulla bəy Ağarəhim bəy oğlu Məlikov, Qurbanov Əhməd Hacı Qurban oğlu, Əbülfət ağa Nəcəfqulu ağa oğlu Şahtaxtlı, Cahangir bəy Qayıbov və digər tələbələr yalnız fərdi uğurlarına görə deyil, həm də Azərbaycan ziyalılığının gələcək üfüqlərini işıqlandırdıqları üçün xüsusi dəyər daşıyırlar. Onların fəaliyyəti bir daha sübut edir ki, Azərbaycan gəncliyi XIX əsrin sonlarından etibarən artıq dünya şərqşünaslıq elminin geniş məkanına daxil olmuş, öz mövqeyini təsdiqləmiş, sözünü demişdir.

Bu hissədə oxucu üçün xüsusi diqqətəlayiq məqam odur ki, müəllif o tələbələrin qiymət vərəqlərinə, arxiv sənədlərinə qədər enərək, onların hansı fənlərdən üstün, hansılardan zəif olduqlarını belə göstərir. Beləliklə, professor Nadir Məmmədli tarixi simaları yalnız “böyük adlar” kimi deyil, həm də canlı, nəfəs alan, sevinən və çətinliklərlə üzləşən real insanlar kimi təqdim edir. Belə yanaşma elmi araşdırmanı daha da doğmalaşdırır, oxucu ilə tarix arasında səmimi bir körpü yaradır.
Kitabda Rusiya şərqşünaslıq institutlarında Azərbaycan izləri yalnız tələbə və müdavimlərin zəhməti və uğurları ilə deyil, həm də institutun tarixi vasitəsilə əbədiləşdiyinin şahidi oluruq. “Son söz əvəzi”ndə müəllifin göstərdiyi bir fakt bunu xüsusilə vurğulayır: Sovet İttifaqı Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 20 mart 1925-ci il tarixli qərarına əsasən, Moskva Şərq Dilləri İnstitutuna həmin il vəfat etmiş böyük dövlət xadimimiz Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanovun adı verilmişdir (s. 207). Qərar 21 avqust 1925-ci il tarixində qüvvəyə minmiş və institut uzun illər boyu onun adını daşıyaraq elmi ocağın tarixində əbədi bir iz qoymuşdur. Bunu yalnız inzibati bir addım deyil, institutun divarlarına vurulmuş milli yaddaşın möhürü saymaq olar.
Beləliklə, həm gənc azərbaycanlı tələbə şərqşünasların zəhməti, həm də Nəriman Nərimanovun simasının institut tarixində əbədiləşməsi göstərir ki, Azərbaycan ziyalıları yalnız milli məkanla məhdudlaşmayıb, elmin böyük səhnəsində sözünü demiş, gələcək nəsillərə yollar açmışlar.
Monoqrafiyanın ikinci hissəsi – “Alimlər və pedaqoqlar” – adını doğruldaraq, Azərbaycan şərqşünaslığının unudulmuş nəhənglərini dirildir, onları yenidən elmi məkana qaytarır. Bu hissə təkcə faktların toplusu deyil, həm də xüsusi bir elmi salnamə kimi çıxış edir. Burada Mirzə Cəfər Rzayev, Mirzə Cəfər Topçubaşov, Mirzə Abdulla Qafarov, Mirzə Əbdülhəsən bəy Vəzirov (Zui) kimi həm unudulmuş, həm də çox zaman səhv tanıdılmış simaların ömür yoluna işıq salınır. Rusiya şərqşünaslığın yüksək səviyyədə inkişafına böyük töhfələr vermiş bu elm adamları və pedaqoqlara borcludur. Rus və Şərq dillərini mükəmməl bilən bu azərbaycanlı şərqşünaslar Rusiyanın bir çox görkəmli ziyalı və alimlərinin – akademiklər A.A. Semyonov, V.A. Qordlevski, A.E. Krımski, eləcə də məşhur türkoloqlar N.K. Dmitriyev, V.M. Nasilov, ərəbşünas X. Baranov, iranşünas, monqolşünas, türkoloq və islamşünas V.F. Minorski, Vs. Miller, A.A. Starikov, leksikoqraf N.İ. Aşmarin və başqalarının – müəllimi olmuş, müvafiq dilləri öyrənməkdə onlara yardım etmişlər (s. 211). Söylənilən, nə təsadüfi, nə də ötəri bir detaldır – milli elmi yaddaşımız üçün taleyin sanki öncədən yazdığı, tarixi baxımdan önəmli və simvolik bir faktdır. Daha düşündürücü olan isə budur ki, həmin faktı müəllif azərbaycanlı şərqşünaslara qarşı qərəzli münasibəti ilə tanınan A. Baziyansın əsərindən çıxarır. Dünyaşöhrətli alim, akademik Vladimir Fyodoroviç Minorski 1960-cı ildə Moskvaya XXV Beynəlxalq Şərqşünaslar Konqresinə dəvət alır. 44 illik ayrılıqdan sonra, 83 yaşında vətənə qayıdarkən, o, Lazarev Şərq Dilləri İnstitutunun binası önündə dayanır, xatirələrə dalır və sevimli müəllimlərinə dərin məhəbbətini, əbədi hörmətini kövrək hisslərlə belə ifadə edir:
“...Yaddaşıma Vs.F.Millerin, A.E.Krımskinin, M.O.Attayanın, Mirzə Cəfərin, Mirzə Abdulla Qafarovun kölgəsi düşür: – Allah onlara rəhmət eləsin!” (s. 212-213). Bu, bir etirafdır və göstərir ki, azərbaycanlı şərqşünasların əməyi yalnız kitab səhifələrində deyil, böyük alimlərin vicdanında və yaddaşında da əbədi yaşayır. Digər tərəfdən, bu nümunə təkcə bir alimin nostalji duyğusu deyil, həm də bir həqiqətin sübutudur: Azərbaycan alimlərinin fəaliyyəti yalnız milli elmi məkanla məhdudlaşmayıb, bütöv bir imperiyanın elmi düşüncəsinə təsir göstərə, onun gələcəyini formalaşdıra biləcək qədər miqyaslı, geniş və əhatəli olub.
Monoqrafiyada müəllifin ən mühüm xidmətlərindən biri Rusiya şərqşünaslıq elminin görkəmli nümayəndələri – fundamental tədqiqatları və özünəməxsus pedaqoji fəaliyyəti ilə seçilən iki azərbaycanlı şərqşünas alimin – Mirzə Cəfər Rzayevlə (Rusiya şərqşünaslığı ənənəsinin banisi hesab edilən) Mirzə Cəfər Topçubaşovun (s. 20) qarışdırılması faktına son qoymasıdır. İndiyə qədər bir sıra mənbələrdə bu iki böyük şəxsiyyətin bioqrafiyası qarışıq təqdim olunur, əsərləri yanlış ünvanlara yazılırdı. Professor Nadir Məmmədli arxiv sənədlərinə istinad edərək illərdir davam edən yanlışlığı elmi əsaslarla təkzib edir, hər iki alimin portretini ayrılıqda bərpa edir və onların layiqli yerlərini elm tarixində təsbit edir.
Digər diqqətçəkən faktlardan biri Mirzə Abdulla Qafarovla bağlıdır. Onun tərtib etdiyi “Farsca-rusca lüğət” uzun illərdir ki, dünya şərqşünaslarının stolüstü kitabına çevrilmişdir. Müəllif akademik F.Y.Korşa isnadən haqlı olaraq qeyd edir ki, bu lüğət yalnız rus leksikoqrafiyası üçün deyil, həm də fars dilçiliyinə mühüm yenilik gətirmiş, Rusiya sərhədlərindən uzaqlarda belə şərqşünaslar arasında müəllifinə dərin hörmət qazandırmışdır (s. 22). Sözünə davam edən müəllif yazır: “Tәsadüfi deyil ki, ilk çapından 62 il sonra da dәyişilmәdәn, әlavәlәr edilmәdәn tәkrar nәşr olunan lüğәt oxuculara “fars dilini öyrәnmәk vә klassik fars әdәbiyyatını tәrcümә etmәk üçün qiymәtli vәsait” kimi tәqdim olunmuşdur.” (s. 22) Bu fakt bir daha göstərir ki, bir əsər bəzən müəllifini əbədiləşdirən ən etibarlı abidəyə çevrilə bilir. Mirzə Cəfər Rzayevin, Mirzə Cəfər Topçubaşovun, Mirzə Abdulla Qafarovun timsalında isə biz yalnız ayrı-ayrı şəxslərin elmi xidmətlərini deyil, bütövlükdə Azərbaycan şərqşünaslıq məktəbinin miqyasını, onun rus və dünya elminə bəxş etdiyi ölməz töhfələri görürük.
Əsərdə azərbaycanlı şərqşünaslarla bağlı elmi həqiqətin bərpası, təhriflərə qarşı mübarizə ideyası ön plana çəkilir. Kitabın dəyərini artıran əsas cəhətlərdən biri də məhz budur, yəni erməni müəlliflərinin saxtalaşdırmalarına qarşı Nadir Məmmədlinin elmi qələmlə apardığı mübarizə. Tarixin səhifələrinə qəsd edənlər, qərəzli yazarlar Azərbaycan adını kölgədə qoymaq istəsələr də, Nadir Məmmdli bu əsəri ilə onların üzərinə işıq salır, həqiqəti ucaldır. Məsələn, A. Baziyansın Lazarev İnstitutu ilə bağlı yazdığı bir məqalədə Mirzə Cəfər haqqında qərəzli, hətta “məhvedici” ifadələr işlədilir. Lakin Nadir Məmmədli arxiv sənədlərinə söykənərək sübut edir ki, bunlar qəsdən uydurulmuş böhtanlardan başqa bir şey deyil.
Burada istər-istəməz monoqrafiyaya Ön söz yazmış akademik Rafael Hüseynovun fikirləri ilə razılaşmaq lazım gəlir. O haqlı olaraq qeyd edir: “Öz ermәnisinә aid mәnfi rәylәri Mirzә Cәfәrin adına culayan A. Baziyans kimi tarix tәhrifçilәrinin әksinә olaraq, Nadir Mәmmәdli unudulmuş bir azәrbaycanlı şәrqşünası bizә әsl әzәmәti ilә yaxından tanıtmaq kimi nәcib vәzifәni gerçәklәşdirib.” (s. 11).
Bu, artıq sadəcə elmi faktların dəqiqləşdirilməsi deyil, milli ləyaqətin müdafiəsi, tarixin ədalət tərəzisində bərpasıdır. Oxucu burada yalnız bir alimin həyat hekayəsini deyil, həm də millətin qürurunun, kimliyinin qorunmasını görür. Belə halda sözügedən monoqrafiya milli elm və milli vətənpərvərliyin bir-birinə qovuşduğu bir amalın ifadəsinə çevrilir.
Nadir Məmmədlinin kitabı göstərir ki, azərbaycanlı alimlərin fəaliyyəti yalnız quru elmi nəticələrlə ölçülə bilməz. Onların hər biri öz ömrü ilə milli kimliyi, milli qüruru, milli mövcudluğu qoruyan bir qalaya çevrilmişdir. Müəllif özü də məhz bu mövqedən çıxış edir. Ön sözdə deyildiyi kimi: “az da olsa, Nadir Mәmmәdli kimi başını aşağı salaraq fәhlә zәhmәti çәkәn, elmә sәdaqәtlə qulluq edən, daha dərinlərə baş vura bilməkçün çalışmaqdan, axtarmaqdan usanmayanlar da var” (s. 4).
Bu sözlərdə müəllifin cəfakeş elmi yoluna verilmiş yüksək qiymətlə yanaşı, kitabın ruhu da açılır: zəhmətlə, sədaqətlə, fədakarlıqla qurulan bir yolun, milli yaddaşın və həqiqətin qorunub yaşadılmasının ruhu.
Monoqrafiyanın Azərbaycan humanitariyası və şərqşünaslığı üçün doğurduğu və ya doğuracağı ictimai rezonansı, gələcək tədqiqatlara açdığı yolları da xüsusi olaraq qeyd etmək lazımdır. Çünki bu kitab sadəcə keçmişin salnaməsi deyil, həm də gələcəyin proqramıdır. (Həm monoqrafiyanın, həm də Ön sözün) Müəllif(i) göstərir ki, mövzu tamamlanmır, əksinə, yeni istiqamətlərə, yeni araşdırmalara yol açır. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərmiş azərbaycanlı alimlərin də ayrıca monoqrafik tədqiqata ehtiyacı olduğunu vurğulaması əslində bir alim çağırışı deyil, bir milli proqramın başlanğıcıdır.
Əsərin ictimai rezonans doğuran ən mühüm tərəflərindən biri isə milli ideologiya ilə bağlılığıdır. Nadir Məmmədli, “Azərbaycançılıq” mövzusunda yazdığı məqalələrdə olduğu kimi, bu monoqrafiyada da milli özünüdərki gücləndirən bir mövqedən çıxış edir. Burada yalnız quru faktlar deyil, həm də milli qürur, milli dirəniş, milli yaddaşın qorunması ideyası ön plandadır.
Bu əsərdən çıxarılmalı əsas nəticə birmənalıdır: unudulmuş, yaddan çıxarılmış, tarixdən silinməyə çalışılmış azərbaycanlı şərqşünasların ömür yolu üzə çıxarılır və tarixi sükutun sinəsini yaran elmi tədqiqat kimi tarixə həkk olunur. Oxucu bu kitabı vərəqlədikcə yalnız bir qrup azərbaycanlının bioqrafiyasını öyrənmir, o, millətin yaddaşına hopdurulmuş ağır susqunluğun necə dağıldığına, necə aradan qaldırıldığına şahidlik edir. Sanki tarixin toz basmış səhifələri silkələnir, sükutun bağrı yarılır və hər bir azərbaycanlı alimin səsi günümüzün qulaqlarına yetişir.
Professor Nadir Məmmədlinin əsəri bir daha göstərir ki, tarix bəzən susa bilər, amma həqiqət heç vaxt susmur. Həmin həqiqəti üzə çıxarmaq üçünsə yalnız tədqiqatçı zəhməti deyil, həm də vətəndaş vicdanı gərəkdir. Bu monoqrafiya həm zəhmətin, həm vicdanın, həm də milli borcun məhsuludur.
Bu kitab milli elmimiz üçün sadəcə bir mənbə deyil, həm də gələcək nəsillərə ünvanlanmış bir çağırışdır: unutmayın, öyrənin, davam etdirin! Çünki bu xalq yalnız şairləri və qəhrəmanları ilə deyil, həm də alimləri ilə böyükdür, nəhəngdir. Və nə qədər ki, belə əsərlər yazılır, nə qədər ki, tarix susqunluqdan qurtarılır, Azərbaycan(lı) zəkasının işığı əsla sönməyəcək – əksinə, nəsildən-nəslə, ürəkdən-ürəyə yol alaraq parlayacaq!
İlham TAHİROV,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru, professor