“Heç bir əlaqəmin olmadığı “Qarabağ Enerji Təchizat” MMC şirkəti mənim adımdan gömrükdə əməliyyat edib, vergi borcu isə mənə gəlib”.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Razim Bayramov sayta şikayətlə müraciət edib.
 
Şikayətçinin sözlərinə görə, oktyabrın 3-də Dövlət Vergi Xidmətindən ona 2608 AZN əlavə gəlir vergisinin olduğuna dair SMS gəlib: “VÖEN hesabım var, gömrükdə işlərim olur. Lakin bu borcun onunla əlaqəsi yoxdur. Buna görə də Şamaxıda 4 saylı Ərazi Vergilər İdarəsinə getdim. Bildirildi ki, “Qarabağ Enerji Təchizat” MMC adlı bir şirkət gömrükdə 11 min manat məbləğində əməliyyat edib, qurum isə vergidən yayındığım üçün mənə əlavə gəlir vergisi olaraq 2608 manat məbləğində cərimə yazıb”. 
R.Bayramovun iddialarına görə, onun adıçəkilən şirkətlə heç bir əlaqəsi yoxdur: “Bu, necə ola bilər?! Mən həmin şirkəti tanımıram. Əməliyyat mənim xəbərim olmadan necə baş tutub? Hər hansı rəsmi müqavilə belə yoxdur. Mənə aid olmayan borcu niyə ödəməliyəm?!”
İddialara cavab üçün “Qarabağ Enerji Təchizat” MMC şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab ala bilmədik. 
Media məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə də sorğu ünvanlayıb. Qurumdan məsələnin araşdırılacağı bildirildi.