Ru
23:12 / 05 Oktyabr 2023

Arxa şüşəyə vurulmuş pərdələrə cərimə yazdı - Yol polisi qanunu necə pozdu?

8043
Paytaxt sakini Sadiq İsrafilov Dövlət Yol Polisi əməkdaşının ona qanunsuz olaraq cərimə yazdığını iddia edir.





O, Bakupost.az –a açıqlamasına DYP-nin bəzi əməkdaşlarının sürücülərin hüquqlarını bilməməsindən sui-istifadə etdiyini və arxa şüşəyə vurulmuş pərdələrə görə cərimə yazdığını bildirib.


“Dünən təxminən saat 23:30 radələrində "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında 7 ildir idarə etdiyim “Lada Granta” markalı avtomobili DYP əməkdaşı, özünü Tural kimi təqdim edən, sonra yazdığı protokolda adının Davud olduğu məlum olan əməkdaşı saxladı, avtomobilin arxa şüşəsində olan pərdəni nöqsan olaraq bildirdi. Halbuki arxa pərdə maşını aldığım gündən var, bununla alğı-satqı etmişəm, texniki baxışlardan, polis əməkdaşları tərəfindən aparılan reydlərdən keçmişəm və heç bir nöqsan olmayıb, - deyə Sadiq İsrafilov bildirib.

Onun sözlərinə görə, tərtib olunan protokolda cəriməyə səbəb İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi göstərilsə də, əslində bununla "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin tələbləri pozulub:

"Belə ki, həmin əlavədə bildirilir:

VII. Konstruksiyanın digər ünsürləri
3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.


Yəni, mənim maşınımda yan güzgülər olduğu üçün DYP əməkdaşının bu cəriməni yazması əsassızdır və mən ondan şikayətçiyəm. Çünki həmin vaxt tələsməyimə baxmayaraq, məni saxlayıb, işlərimə mane olub, yağışın altında gözlədib və xəstələnməyimə səbəb olub. Habelə hüquqlarımı pozaraq, məni cərimə meydançasına aparmaqla hədələyib”.

Şikayətçi bildirib ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcək.





Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a açıqlamasında vurğulayıb ki, bu məsələdə Nazirlər Kabinetinin yeni qərarı ilə 2004-cü ildən qüvvədə olan standart arasında ziddiyyət var:


“Nazirlər Kabinetinin bu ilin yanvar ayında qəbul edilən qərarına əsasən, minik avtomobillərinin arxa şüşələrində yalnız plyonka və jalüzdən istifadəyə icazə verilir, pərdə nəzərdə tutulmur. Lakin NK-nin bu qərarı ilə 2004-cü ildə qüvvədə olan standartlar arasında ziddiyyət var. Standart isə maşının arxasındakı şüşədə pərdəyə də, plyonkaya icazə verir. NK-nin qərarındakı məntiqsizlik aradan qaldırılmalıdır. İstənilən tündlükdə plyonka olarsa, pərdə nə səbəbdən olmasın ki?! Sürücülər üçün bunu anlamaq çətindir. Göründüyü kimi, burada məntiqsizlik var. Arxa şüşədə pərdənin qadağan edilməsi məntiqsizdir. Sürücüyə tövsiyə edirəm ki, məhkəməyə müraciət etsin. Hər halda məhkəmə daha məntiqli qərar verər”.



Məsələ ilə bağlı DYP-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq, lakin telefon zənglərimizə cavab verən olmadı.




Aygün
BakuPost

Şərhlər
  • Məmmədov Sərxan

    Əgər bir dövlət qurumu eyni ölkədə digər qurumun ona nəzarət edici qüvvədə olduğu halda onun qanun və tələblərinə düzgün və hüquqi yanaşmayaraq qərar çıxarırsa,burada hansı düzgün tənzimlənmədən söhbət gedə bilər? Vətəndaş tamamilə haqlıdır. DYP əməkdaşı əvvəl özü NK-nin qərarlarına uyğun olaraq maddələri tam və dolğun bilməli, vətəndaşla düzgün davranmalı, məkana və həminki vəziyyətə uyğun vətəndaşa xidmət etməlidir. Çox təəssüf ki ölkəmizdə belə qanunsuzluqlara yol verən ,və öz vəzifə səlahiyyətlərindən istifadə edən sui-istifadə edən bəzi hüquqi şəxslər və eləcə də DYP əməkdaşları var. Yekun olaraq məhkəmə bu kimi hallarda ədalətli qərar çıxarmalıdır,və əgər çıxarılmadığı müddətcə daim vətəndaş və strukturlar arasında daim ziddiyətlər və insan haqlarının pozuntuları davam edəcək. Diqqətinizə görə təşəkkür edirəm.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər