Astara Rayon İcra Hakimiyyəti 17 yaşlı gəlin Əfsanə İmanovanın toyu günü ölməsi ilə bağlı araşdırma aparır.
Bakupost.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında qurumun Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov bildirib.
Onun sözlərinə görə, Ə.İmanovanın rəsmi qeydiyyatda olduğu Dolu kəndini də əhatə edən Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov İcra Hakimiyyətinə çağırılıb: “Rəhbərlik icra nümayəndəsini dəvət edib, onunla müəyyən söhbətlər aparılıb. Rəhbərlik səviyyəsində işlər görülür. Məsələ artıq nəzarətə götürülüb və araşdırma aparılır”.
F.Talıbov deyib ki, Dolu Astaranın ucqar dağ kəndidir: “Həm qız, həm də oğlan tərəf ucqar dağ kəndindəndir. Yol məsələsi problemli, relyefi çətin ərazidir. Buna görə də hər iki ailə Bakıya köçüb və orada yaşayırlar. Zirə kəndində istixanada çalışırmışlar. Qız və oğlan orada tanış olublar. Bir müddət öncə biliblər ki, qız hamilədir. Tez-bazar toy etmək istəyiblər.
Ailələr Dolu kəndində daimi yaşamadığına görə bizim də toydan öncədən məlumatımız olmayıb”.
Qeyd edək ki, hadisə oktyabrın 28-də baş verib. 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın toyu zamanı halı pisləşib. O, Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.