Yazıçı, millət vəkili İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi, Türkiyədə nəşr olunan, məhşur yazarların və görkəmli ədəbiyyat simalarının da imzalarının yer aldığı “Türk ədəbiyyatı aylıq fikir və sənət dərgisi”ndə işıq üzü görüb.
Bakupost.az -ın məlumatına görə, bu hekayə, milli mətbuatımızda, populyar ədəbi dərgilərimizdə və müxtəlif yerli saytlarımızda dəfələrlə dərc olunaraq geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Onu da qeyd edək ki, “Bayquş və qarovulçu” hekayəsi haqqında dəyərli imza sahiblərimiz, akademiklərimiz, yazıçı və ədəbiyyat tənqidçilərimizin resenziyaları, analitik müəllif rəy və yazıları, dəyərli fikirləri dərc olundu.
Son zamanların ədəbi hadisəsinə çevrilən hekayə Türkiyə mətbuatının da diqqətini cəlb edib. Belə ki, İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsini, Türk xalqları ədəbiyyatının təəssübkeşi, Azərbaycan mədəniyyətinə və ədəbiyyatına, hər zaman böyük sevgilə yanaşan, şair və yazıçılarımızın əsərlərini türk dilinə tərcümə edən tanınmış türk şairi və yazıçısı, tərcüməçi İmdat Avşar çevirib. Böyük ədəbi zövqlə tərcümə edilən “Bayquş və qarovulçu” hekayəsi Türkiyədə yüksək tirajlı və ən çox oxunan “Türk ədəbiyyatı aylıq fikir və sənət dərgisi”nin sentyabr nömrəsində qardaş oxucularımıza təqdim olunub.
Hörmətli yazıçımız İmamverdi İsmayılovu təbrik edir və ona böyük yaradıcılıq uğurları arzulayırıq!..