“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı - VİDEO
659
“Güney Azərbaycan, təəssüf ki, İranın bütövlüyünü qorumaq üçün və ya 1945–46-cı illərdəki səhvlərin təkrarlanmaması naminə bu son hadisələrdə gözləmə mövqeyi tutub. Amma bu gün gözləmə mövqeyi davam edərsə, İranın yeni dövlətinin və hakimiyyətinin quruculuğunda azərbaycanlılar zəif hərəkət etsələr, yenə aldadılacağıq, torpaqlarımızı itirəcəyik və əvvəlki səhvlər təkrar olunacaq”.
Bakupost.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı bildirib.
O vurğulayıb ki, azərbaycanlı türklər İrandakı proseslərdə fəallıq göstərməli, yeni hakimiyyətin əsas iddiaçıları olmalıdırlar:
“Bu gün onların liderləri beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçirməlidirlər. Əgər şah gəlirsə, şah cinayətkar bir ailənin övladıdır və həmin ailənin İrana verdikləri bəllidir. Azərbaycanlılara qarşı təzyiqlər, onları hakimiyyətdən uzaqlaşdırma, hüquqlarının pozulması Pəhləvi rejimindən başlamışdı. Onların iddiaları var, başqa qüvvələrin də iddiaları mövcuddur. Bəs haradadır İran əhalisinin yarısını təşkil edən azərbaycanlılar ki, min illər dövlətin başında dayanıblar?
Azərbaycanlıların hüquqları, şübhəsiz, nəzərə alınmalıdır. Onlar öz müqəddəratını təyin etmə prinsipinə əsaslanaraq İranda öz ideyalarını ortaya qoymalıdırlar. Biz belə düşünürük. Hansı şəkildə olacaqsa, biz istəyirik ki, qonşuluğumuzda bu müharibəyə tezliklə son qoyulsun”.