Cari ilin oktyabrın 27-də İsraildə parlament seçkiləri keçiriləcək.
Hazırda hakimiyyətdə olan Netanyahu hökumətinin mövqeyi son zamanlar xeyli dərəcədə zəifləyib. Aparılan son rəy sorğularına görə seçicilərin 60 faizi onu dəstəkləmədiyini bildirib. Yalnız 36 faiz hazırkı baş nazirə dəstək ifadə edib.
Siyasi şərhçi Azər Qasımov
Bakupost.az-a bildirib ki, İsrail dövlətinin indiki məqamda həssas və tarixi dövrdən keçdiyini nəzərə alsaq, hakimiyyətə yeni qüvvələrin, ilk növbədə müharibə əleyhinə olan solçu və ultra dindarların gəlməsi mümkün deyil:
“Netanyahu hakimiyyətinin artıq uzun illərdir ki, İsrailin xarici siyasətini formalaşdıran addımları istər İsrail, istər də Yaxın Şərq regionu üçün elə hal yaradıb ki, bundan ancaq Netanyahu hakimiyyəti çıxış yolu tapa bilər. Məsələ ondadır ki, Qəzza və Livan, eyni zamanda, İran ətrafında davam edən proseslər ilk növbədə İsrail üçün həyati əhəmiyyət kəsb edir”.
Ekspertin sözlərinə görə, bu tarixi dövrdən xüsusən də, dünyada yeni düzən formalaşdığı bir məqamda məğlub çıxmaq İsrail dövlətinin süquta uğraması anlamına gələ bilər:
“Bu baxımdan hesab edirəm ki, İsraildə parlament seçkiləri Netanyahu hakimiyyətinin qələbəsi ilə başa çatacaq. İsrail xalqı bununla öz gələcək təhlükəsizliyinə səs verəcək”.
Siyasi şərhçi Rufiz Hafizoğlu qeyd edir ki, İsraildə növbəti seçkilər bir o qədər də asan olmayacaq:
“Netanyahunun məhkəmə, korrupsiya məsələsi var. Bunlar İsrail cəmiyyətini parçalayan məqamlardır. Qəzzadakı hərbi əməliyyatlar, İranla qarşıdurma, Livan məsələsi kimi problemlər də Netanyahu hökuməti qarşısında dayanan ciddi problemlər olaraq qalmaqdadır. Netanyahu həm də dünyada sevilmir”.
Bununla yanaşı, həmsöhbətimizin sözlərinə görə, Netanyahu İsrail tarixində bir çox liderlərin həyata keçirə bilmədiyi, bacarmadığı çox şeyləri bacarıb:
“İsrailin bundan öncə də HƏMAS, “Hizbullah” və digər silahlı fələstinli qruplarla müəyyən problemləri, hərbi əməliyyatlar olub və bundan sonra da olacaq. Lakin İsrail tarixində ilk dəfədir ki, HƏMAS məhz Netanyahu hakimiyyəti dövründə ən zəif səviyyəyə düşüb”.
Ekspert bildirfir ki, HƏMAS-ın bu vəziyyətə düşməsi məhz İsrail toplumunda Netanyahunun reytinqini xeyli qaldırıb:
“30 il qədər Həsən Nəsrullahın rəhbəri olduğu “Hizbullah”ı faktiki olaraq “dovşana” çevirdi.
İllər boyu İran üzərindən İsrailə qarşı olan silahlı qruplaşmaların fəaliyyətini təmin etmək üçün Suriya ərazisindən istifadə olunurdu. Amma hazırda Suriya İranın diqtəsi altında deyil. Bu isə İranın “müqavimət dəstələri”nin zəifləməsinə səbəb oldu. Bütün bunlar Netanyahunun reytinqini qaldırıb”.
R. Hafizoğlu hesab edir ki, Türkiyə ətrafında manipulyasiya da Netanyahunun daxildə mövqeyini gücləndirir:
“İsraildə seçkilər yaxınlaşdıqca, davamlı olaraq Türkiyənin təhdid olaraq görünməsi gündəmə gətirilir. Bunu sadəcə Netanyahu hökuməti etmir. Guya Netanyahuya müxalif qüvvələr də bu məsələni aktiv şəkildə təbliğ edirlər. Yəni məhz Türkiyə mövzusu ətrafında manipulyativ media kampaniyası qurulur. Netanyahu hökuməti də bu fürsətdən seçkilər yaxınlaşdıqca aktiv şəkildə istifadə edəcək”.
Rüfət Sultan,
BakuPost