Ramazan ayında milyonlarla insan günün müəyyən olunmuş saatlarında yemək və sudan uzaq qalır.
Bakupost.az xəbər verir ki, mütəxəssislər oruc tutmağın təkcə mənəvi ibadət deyil, həm də insan orqanizmi üçün tibbi cəhətdən xeyirli olduğunu deyirlər.
Lakin uzun müddət ac qalmaq bəzi insanlara zərər də verə bilər.
Həkimlər bildirirlər ki, oruc orqanizmin toksinlərdən təmizlənməsi baxımından çox faydalıdır. Lakin xroniki xəstəliyi olanlar, hamilə qadınlar, ağır dərman qəbul edən şəxslər və yaşlı insanlar oruc məsələsində diqqətli olmalıdırlar.
"Oruclu olduqda orqanizmdə yağların parçalanması sürətlənir, çəki azalır, insulin səviyyəsi düşür. Zədələnmiş hüceyrə komponentlərinin parçalanması aktivləşir və sağlam hüceyrələr qalır, zədələnmiş hüceyrələr isə aradan qalxır. Qan azlığı hallarında, hiperglikemiya (qanda şəkərin miqdarının artması) və hipoglikemiya (qanda şəkərin miqdarının azalması) vəziyyətlərində, həmçinin qan təzyiqi və şəkərli diabet xəstələrində, endokrin sistemin digər xəstəlikləri olan risk qrupuna daxil şəxslərdə oruc tutmaq müəyyən risklər yarada bilər. Həddi buluğa çatmamış şəxslərin oruc tutması isə baş gicəllənməsinə, göz qaralmasına və hərəkət koordinasiyasının pozulmasına səbəb ola bilər", - deyə terapevt Abbas Bağırov qeyd edib.