Fransa Prezidenti Emmanuel Makron Kristof Leribonu Luvr muzeyinin yeni direktoru təyin edib.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Əl-ərəbiyyə” məlumat yayıb.
Həm də Versal sarayının rəhbəri olan Leribo XVIII və XIX əsr Fransa incəsənəti üzrə mütəxəssisdir. O, həmçinin incəsənət tarixi üzrə doktorluq dərəcəsinə malikdir.
Xatırladaq ki, daha əvvəl muzeyin direktoru Lorans de Kar istefa ərizəsini Emmanuel Makrona təqdim edib. İstefanı qəbul edən prezident Lorans de Karın bu addımını məsuliyyət təcəssümü kimi qəbul etdiyini bildirib. O, dünyaşöhrətli muzeyin daha təhlükəsiz və müasir olması üçün yeni təşəbbüslərə ehtiyac duyduğunu qeyd edib.
Xatırladaq ki, ötən il oktyabrın 19-u Luvr muzeyinə daxil olan qarətçilər cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 102 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.